20 May 2024 - 20

20 May 2024 - 20

İslam dininin böyük əqidə şəhidi: İmam Hüseyn
01.12.2018

Müsəlman ölkələrində geniş yayılmış mərasimlərdən biri də dindaşlarımızın Məhərrəmlik ayında qeyd etdikləri Kərbala faciəsi, yaxud Aşura günüdür. Artıq 13 əsrdir ki, müsəlman ölkələrində Məhərrəmlik ayı matəm günləri kimi anılır. Şübhəsiz, İmam Hüseynin (ə) müsəlmanlar üçün yüksək mənəvi-əxlaqi dəyərə sahib olmasının ən önəmli cəhəti, onun tutduğu şəhadət yolu idi. Elə bir yol ki, burada nə var-dövlət, nə hakimiyyət, nə də buna oxşar hər hansı bir məram və məqsəd yox idi. Bu yolda sadəcə olaraq doğruluq, etibarlılıq, imanlılıq və Allaha sədaqət var idi.

İmam Hüseyn (ə) yalnız İslam dini uğrunda şəhid olan bir peyğəmbər övladı deyil, həm də konkret yol seçərək, həmin yol-əqidə uğrunda özünü qurban verən mütəfəkkir olmuşdur. Onun "şəhadət yolu" adlandırdığı əqidənin əsasında haqsızlığa, ədalətsizliyə, zoraklığa qarşı dayanmaq, bir növ fiziki gücə qarşı əqidə-iman gücünü ortaya qoymaq idi. Bu mənada İmam Hüseyn (ə) Kərbalada fiziki cəhətdən məğlub olsa da, mənəvi baxımdan qalib gəlmişdi. Məhz bu səbəbdən 13 əsrdir milyonlarla müsəlman Aşura gününü xüsusilə anır və İmam Hüseynə (ə) olan sevgisini ifadə etməyə çalışır. Çünki İmam Hüseynin (ə) həmin dövrdə düşmənlərinə qarşı ləyaqətli və şərəfli davranışı, son nəfəsinədək apardığı mübarizəsi tarixdə nadir görünən hadisələrdəndir.

Əslində, bununla da İmam Hüseyn (ə) İslamın sonrakı tarixində yeni və önəmli bir mərhələnin əsasını qoydu. Bu yeni mərəhələ ondan ibarət idi ki, müsəlmanın tutduğu əqidə, iman var-dövlətdən, hakimiyyətdən qat-qat üstündür. İmam Hüseyn (ə) tutduğu yolun hər şeydən üstün olduğunu şəhadətə qovuşmaqla sübut etdi. Bununla da İslam dünyasında İmam Hüseynin (ə) timsalında ideya və şəxsiyyət bütövlüyü formalaşdı. Zaman-zaman çoxları müsbət mənada məhz onun yolu ilə getməyə, onun kimi mömin və əqidəli müsəlman olmağa çalışdı.
Çox təəssüf ki, bununla yanaşı, zaman-zaman müsəlmanlar arasında İmam Hüseynin (ə) şəhadətini doğru anlamayan, yaxud da bilərəkdən onun yolunu başqa mənalar yozanlar da olmuşdur. Bizə elə gəlir ki, İmam Hüseynin (ə) şəhadət yolunun doğru anlaşılması baxımından Azərbaycan türk mütəfəkkirləri arasında Məhəmməd Əmin Rəsulzadə və Nəriman Nərimanovun dəyərli fikirlərini öyrənmək çox maraqlı olardı.
İmam Hüseynə (ə) din mücahidi kimi yüksək qiymət verən M.Ə.Rəsulzadə islam tarixində onun şəhadətinin mühüm yerə malik olduğu qeyd etmişdir. Onun fikrincə, müsəlmanlar İmam Hüseynin tutduğu əqidəni anlamalı və o yolu davam etdirməlidirlər. Bu baxımdan Aşura günü bəzi müsəlmanların fanatikliyə yol verməsinə dözməyən M.Ə.Rəsulzadə həmin günün mahiyyətini başa düşüb, ondan düzgün nəticə çıxarmağı tövsiyə etmişdir: "Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qism bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir. Din, fikir, elm və millət naminə şəhid və məzlum olanlar bəşəriyyət tarixi ilə, islamiyyət tarixində çoxdur. Bunlar həmişə və hər bir millət arasında təqdim olunar və adları ehtiramla anılar. Bu kimilər haqqında göstərilən ən böyük ehtiram, onların böyüklüklərinə imtisal etməkdən ibarətdir. Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun böyükdür. Və bu böyüklük təqlidəşayan və təhsinə müstəhəqqdir! Aşura günü bizə böylə bir əxlaq tərbiyəsi vermək iqtidar və səlahiyyətində ikən, eyvah ki, biz onu başqa dürlü qandıq, hər şeydə olduğu kimi burada da narəftə bir yola düşdük".

Rəsulzadə daha sonra haqlı olaraq yazırdı: "Hüseyn əleyhissəlam inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə, özünün əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz "mən - mənə, o - ona, o - o yana" timsalından dörd əlli yapışıb səadətdarini üç-dörd qətrə göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq".

M.Əmin İmam Hüseynə (ə) ağlamaqla heç bir nəticə əldə olunmayacağına inanırdı. Bu baxımdan o, müsəlmanları ağlamaqdan əl çəkib əsil həqiqətləri dərk etməyə çağrırdı: "Çünki ağlamaq dini vaqelərdə, ruh və imanın nəzahət və istirahəti üçün lazımi bir şey isə də, dünya işlərində fayda gətirməz. Təbiət olduqca qəddar və birəhmdir. O, göz yaşlarına zərrə qədəri əhəmiyyət verməz. O, gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da zəhləsi gedər. Çünki ağlamaq acizlik əlamətidir. Acizlərin isə təbiət ən birinci düşmənidir. Qüvvətli olanları saxlar, zəif olanları əzər-budur onun rəftarı. Siz gəlin də bu xasiyyətindən ötrü ona kəcmədar deyiniz. Fəqət bu onun getdiyi bir doğru yoldur. Tazə ilimizdə köhnəsindəki itirdiklərimizi təlafi etmək istəyirsək, gələn məhərrəmə qədər ağlanacaq hallardan bir az olsun, özümüzü xilas etmək am-alında isək, fələyin "kəcmədar" olduğunu anlayalım və böylə bir zalimə qələbə çala bilmək üçün insani boşaldan göz yaşından deyil, fikir istiqaməti və əqidə səbati ilə əməlpərvərlikdən kömək gözləyəlim. Böyük Aşuranın müəzzəm şəhidinə imtisal edərək ruhi qəhrəmanlığını dərk edəlim ki, ən böyük əcri də ancaq bundan ala biləriz!".

Bizə elə gəlir ki, Nəriman Nərimanov da M.Ə.Rəsulzadə kimi, İmam Hüseynin əqidəsini, şəhadət yolunu öyrənməyi daha vacib hesab etmişdir. Nərimanov yazırdı: "Nə qədər ki, bu dindar kütlənin inkişaf səviyyəsini yüksəltmək yolu ilə onun bu matəm günlərinə mömin olan, lakin özünə işgəncələrdə iştirak etməyən hər hansı ziyalı müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır. Min illərdir ki, bədəbəxt, avam müsəlman kütləsi (şiə məzhəbli) Məhəmmədin ən sevimli nəvəsi İmam Hüseynin işəgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət və rəğbət əlaməti olaraq əsil dindar avam ünsürlər bu və ya digər yolla bu hadisələrə öz münasibətini bildirirlər. Bu, öz gücsüzlüyünü bilərək Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızılla ələ amaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir".

Nərimanov hesab edirdi ki, İmam Hüseyn (ə) nə qədər İslam yolunda şəhid olsa da, eyni zamanda o, bir əqidə adamıdır deməli, əqidə uğrunda da şəhid olmuşdur. Onun fikrincə, bu baxımdan İmam Hüseynin (ə) az bir adamla böyük bir qoşuna qarşı mübarizə aparması imanın, əqidənin gücündən irəli gəlmişdir. Nərimanovun fikrinə görə, az bir adamla böyük bir qoşuna qarşı mübarizə aparan bir şəxsiyyəti qorxaq kimi adlandırmaq ədalətsizlikdir: "Qorxaq o deyil ki, yetmiş nəfər pis silahlanmış adamla on dəfə artıq qüvvətli olan düşmənlə döyüşür, odur ki, sol qrupdan qorxub işin əsil vəziyyətini bildirmir və bununla da partiya üzvlərini aldıdır, onları fəhlə-kəndli respublikasında qızıl əsgər güllərindən qanı tökülən fəhlələrə qarşı silahlandırır. Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır, lakin İmam Hüseyn tabe olsun və öz vicdanını satsın deyə Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O bunu etmədi, həlak oldu".

Göründüyü kimi, 20-ci əsr Azərbaycan fəlsəfə və ictimai fikir tarixində, eyni zamanda Azərbaycan dövlətçiliyinin yaranmasında və inkişafında mühüm rol oynamış M.Ə.Rəsulzadə və N.Nərimanov kimi dahi şəxsiyyətlər belə, müsəlmanların Aşura günü İmam Hüseynə (ə) ağlayıb, başlarını yarıb, qanlarını tökməkdənsə, onun əqidəsini və şəhadət yolunu öyrənməyi vacib hesab etmişlər. Əgər hər bir müsəlman İmam Hüseyn (ə) əqidəsindən və şəhadət yolundan xəbər tutarsa, onu ağlayaraq, yaxud da başını yarıb qan tökərək deyil, onun tutduğu haqq yolu əməlində davam etdirməklə ona olan sevgisini ifadə edəcəyini anlayacaqdır.

Faiq Qəzənfəroğlu

(AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru)