08 May 2024 - 8

08 May 2024 - 8

Bu gün hər kəs bacardığı qədər Kərbəla mesajını insanlara çatdırmalıdır
16.10.2019

Bütün müsəlmanların borcudur ki, İmam Hüseynin həyatını, onun fəaliyyətini, xüsusilə Aşuradakı mesajını, Aşura qiyamını öyrənsin və onun həqiqətlərini yad etsin. Çünki İmam Hüseyn təkcə Əhli-beyt məzhəbinə aid bir dəyər deyil. İmam Hüseyn əslində bütün müsəlmanların ortaq dəyəridir. Hətta bütün bəşəriyyətin ortaq dəyəridir.

Bilirsiniz ki, tarixdə qeyri-müsəlmanlar da İmam Hüseyn məktəbindən örnəklər götürüblər. Yəni bu, ümumbəşəri bir dəyərdir. Haqq uğrunda mübarizə aparmaq, nahaqqa qarşı çıxmaq, zalıma qarşı çıxmaq, ədaləti bərpa etmək, zülmün qarşısında dik durmaq və məzlumu müdafiə etmək kimi dəyərlər İmam Hüseynin məktəbində öz əksini tapır.

Bütün bəşəriyyət, xüsusilə müsəlmanlar İmam Hüseynin məktəbini, Kərbəla məktəbini insanlara çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər. Amma günümüzdə mövcud olan şərait və əlimizdə olan fürsətlər daha çoxdur. Hal-hazırda informasiya əsridir, televiziyalarda, radiolarda, internet şəbəkələrində və sosial şəbəkələrdə hər kəs bacardığı qədər Kərbəla mesajını insanlara çatdırmalıdır.

Təəssüflər olsun ki, bəzən İmam Hüseynin məktəbinin təbliğinə genişmiqyaslı, mədəni formalarda imkan verilmir. Hətta bəzi ölkələrdə qadağalar tətbiq edilir. Amma bu, yalnışdır. İmam Hüseynin məktəbi heç vaxt hər hansısa bir xalqa və dövlətə qarşı təhdid deyil. Bu məktəb əslində hər bir xalqa və dövlətə izzət bəxş edir. Belə deyək, onun mədəniyyətində, əxlaqında, şərəfində və izzətində mühüm rola malik olan bir məktəbdir.

Samir Ağayev