08 May 2024 - 8

08 May 2024 - 8

İmam Hüseyn eşqi ilə şəhadətə yetən baş leytinant Yaqublu Əliqismət Mükafat oğlu
30.01.2021

Ermənistan işğalçı qüvvələrinin Azərbaycan əleyhinə başlatdığı ikinci Qarabağ müharibəsində Azərbaycan Şiə xalqı birinci Qarabağ döyüşlərində olduğu kimi meydana atılaraq düşmən qüvvələrinə qarşı amansız döyüşlər apardılar...

Bu döyüşlərdə Azərbaycan hərbiçiləri Allah Təalaya təvəkkül edib, Quran Kərim, Peyğəmbər və məsum imamlara təvəssül etməklə gecə-gündüz düşmən qüvvələri üzərinə şığıyırıdılar...

Belə hərbiçilərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvələrin baş leytenantı şəhid Əliqismət Mükafat oğlu Yaqublu idi...

XTQ-nin baş leytenantı şəhid Əliqismət Mükafat oğlu Yaqublu haqqında qardaşı Nurlan Yaqublu bu sözləri deyib:"Bilənlər bilir, hərbidə ibadət etmək çox çətindir, biz bir dəfə də olsa onun namazını qəza etdiyini görmədik".

"Qardaşım uşağlığından namaz, ibadət əhli olub. Ən böyük arzusu idi şəhadətə ucalmaq. Əliqismət İmam Hüseyn, Əhli Beyt aşiqi idi. Əsgərləri deyir ki, hərbidə olmalarına baxmayaraq ibadət etmək istəyənlərə çox yaxşı şərait yaradırmış. Bilirsiz onun haqqında danışmaq mənim üçün həm fəxrdir, həm də çətindir. O fərqli insan idi. Onun kimi dost, ata, həyat yoldaşı, qardaş, oğul dünyaya az-az gəlir. Çox fədakar idi".

Atası Mükafat Yaqublu oğlu barəsində belə deyir: "Oğlum Əliqismət Yaqublu Şuşa əməliyyatında iki süngü və bir neçə qumbara ilə ön sırada düşmənlə əlbəyaxa döyüşə girənlərdən olub. Döyüş yoldaşlarının dediyinə görə onlarla düşmən əsgərini süngü ilə məhv edib. Onlarla yaralı silahdaşını döyüş meydanından çıxarıb. Noyabrın 5-də axşam saat 16:00-17:00 radələrində Daşaltıda qızğın döyüşdə onun silahdaşı yarlanır. Yoldaşını çiyninə götürüb döyüş meydanından çıxararkən artilleriya atəşinə tutulur. Düşmənin atdığı top mərmisinin qəlpəsindən aldığı xəsarətlərdən qəhrəmancasına şəhadət zirvəsinə ucalır...

Mənim üçün ağır olsa da, oğlumun şəhadəti ilə qürur duyuram, həmişə fəxr edirəm. O artıq əvvəldən şəhidlik yolunu seçmişdi. Biz heç vaxt onun qarşısını ala bilməzdik. Əliqismət həm də imanlı adam idi, daim namaz qılırdı. Ona görə də şəhidliyi ilə bizə böyük fəxarət hissi bəxş elədi..."

Şəhid zabitimizin anası Təranə Yaqubova müharibə vaxtı oğlu ilə olan telefon söhbətini belə xatırlayır: "Dedi "ana, uşaqlarımı (5 yaşlı Əliəsgər və 3 yaşlı Məhəmməd) sənə, atama, qardaşlarıma tapşırıram, onlardan muğayat olun. Uşaqları mənə layiqli övlad kimi böyüdərsiz. Vətənə gözəl övlad olsunlar, mənim kimi hərbçi də ola bilərlər. İstəmirəm mənim övladlarım sonra əziyyət çəksin. O torpaqlar alınandan sonra siz də, uşaqlar da oralara gedərsiniz."

Abna/kerbela.info