20 May 2024 - 20

20 May 2024 - 20

Kərbəla qiyamının İslam peyğəmbərinin missiyasındakı rolu
13.02.2019

İmam Hüseynin qiyamının səbəbi nə idi? Biz bunun səbəbini tapa bilsək onun nəticəsi hamıya aydın olacaq. Çünki nəticə elə insanlara təsir qoymaqdır. Səbəblərdən biri bu idi ki, özü qardaşı Məhəmməd Hənəfiyyəyə bir məktub yazır ki, Niyyətim cəddim peyğəmbərin ümmətində islahat aparmaqdır.

Biz ümmət deyəndə bəziləri elə bilir ki, ancaq elə müsəlmanlar nəzərdə tutulur. Xeyr! Ümmət müsəlmanlar demək deyil. Ümmət peyğəmbər zühur edəndən, peyğəmbərliyə məbus olunandan və peyğəmbərlik fəaliyyətinə başlayandan öz dövrünün və özündən sonrakı dövrünün insanlarına deyilir. O ümmət məsihi də ola bilər, yəhudi də ola bilər, müsəlman da ola bilər, büdpərəst də. Ümmətdə məqsəd dindaş demək deyil. Ümmətdə məqsəd zamanın insanlarıdır. Həzrət peyğəmbər özü insanları islah etməyə gəlmişdi. Peyğəmbər gəlmişdi Allahın bütün insanlarda qoyduğu əxlaqı keyfiyyətləri oyatsın. Həzrət peyğəmbərin özü də buyurur bu haqda.

Həzrət peyğəmbərdən sonra müəyyən müddət ərzində insanlar peyğəmbərin buyurduğlarına əməl etmək baxımından istiqamətlərini dəyişdilər, təhrif etdilər. Yəni peyğəmbər 23 il ərzində insanlara öz vəzifələrini öyrətmişdi, o vəzifəni başqa tərəfə əydilər. Hətta səhv etməsəm Cabir ibn Abdullah Ənsari Zeyd ibn Əlqəm ilə görüşlərinin birində Zeyd ağlayır.

Cabir dedi: "Niyə ağlayırsan?"
Zeyd ibn Əlqəmə dedi: "Necə də ağlamayım? Artıq peyğəmbərin qıldığı namaz belə qılınmır".

Yəni çox qısa bir zaman keçmişdi ki, insanlar fasiq olmuşdular, yollarından çıxmışdılar, hədəfdən yayınmışdılar. İnsanlara peyğəmbər göndərməkdə Allahın məqsədi nə idi? Onları hidayət etsin, onları təmizə çıxarsın, onları mənəvi cəhəddən paklasın. Yəni insanı köləlikdən çıxarıb layiqli bəndə etsin, insanı nəfsinin köləliyindən çıxarıb bəndə etsin. Bir sözlə desək insana şəxsiyyət versin. Həzrət peyğəmbərin 23 il ərzində zəhmət çəkib gətirdiyi din, məktəb 25 ildə korlandı və dəyişdi.

Qürbət Abdulov