12 Dekabr 2024 - 12

12 Dekabr 2024 - 12

Kərbəla və nəfslə cihad
23.03.2024
Nəfslə cihad ilkin və təməl prinsiplərdən hesab olunduğundan daim öz aktuallığını qoruyub saxlayır. Həqiqi səadət axtarışında olan insan nəfslə mübarizə mövzusunda bir an da olsa qəflət etməməlidir. Nəfslə mübarizə zamanı insandan tələb olunan tərkidünyalıq, kilsə keşişləri və mağaralara çəkilən bəzi dərvişlər tək anormal rəftarlar deyil, əksinə cəmiyyət içərisində olaraq, vacib buyurulanların icrası, haram və qadağan olunan şeylərin tərk edilməsi nəzərdə tutulur. İnsanın nəfsi cilovlanmazsa vaciblərin ədasında, haramların tərk olunmasında səhlənkarlıq edəcək. Çünki nəfs təbiətcə rahatlıq axtarışındadır. Nəzarətsiz buraxılarsa insanı heyvani istəklərin əsarətində saxlayacaq. Nəhayətdə insan zahirən şirin və ləzzətli görsənən günahlara meyl edərək İlahi hədləri aşacaq və öz əbədi və həqiqi səadətindən məhrum olacaq. Məhz buna görə nəfsi istəkləri daim nəzarətdə saxlamaq çox vacib məsələdir.

İnsan üçün ən təhlükəli düşmən hesab olunan nəfsi-istəklərlə mübarizənin öz növbəsində çox çətin bir məsələ olduğunu nəzərə alsaq, bu işdə müvəffəqiyyət əldə etmək üçün ağır zəhmət tələb olunur. Sadəcə bir az diqqət və bir az da vaciblərə əməl etmək bu işdə kifayət etmir. Nəfsi istəklərin daim aktiv olması bizdən də daimi mübarizənin labüdlüyünü gərəkli edir. Ona görə də məsumlardan nəql olunan hədis və rəvayətlərdə bu mövzuya toxunulub. Mövla Əli (ə) bu barədə buyurur: "Düşməninizlə vuruşduğunuz kimi həvayi-nəfsinizlə, şəhvət və ehtiraslarınıza qarşı da vuruşun". Hətta məsumlar ismət məqamında olmaqlarına baxmayaraq daim bu məsələdə ehtiyatlı rəftar edərək, bir an da olsun qəflət etməyiblər. Böyük fəzilət sahibi, təqvalıların imamı Həzrət Əli buyurur:
"Dəhşətli Qiyamət səhnəsinə arxayın daxil olmaq və hamının titrədiyi yerdə sakit, aram qalmaq üçün mən öz üsyankar nəfsimi təqva ilə tərbiyə etdim".(Nəhcül-bəlağə, 53-cü məktub).

Allah Rəsulunun "böyük cihad" adlandırdığı nəfslə mübarizə xarici düşmənlə mübarizədən daha çətin və üstün hesab olunur. Bu məqama yetişmiş insan qəzəb, şəhvət, dünyaya məhəbbət və s. nəfsi istəklərinə yox deyərək onları Allahın istəklərinə fəda edir. Bu özünü islah və tərbiyə xarici düşmənlə mübarizənin özəyidir. Əgər insan rəzalətə sürükləyən istəklərini kontrol etməzsə xarici düşmənlə mübarizəsi səmərəsiz və ya əvəzsiz qalacaq. Axı riya və insanlara özünü göstərmə üzündən "mücahidlik" etməyin nə faydası ola bilər? Yalnız daxili düşmənlə müharibədə qalib gələnlər hər bir döyüşdən həqiqi zəfər əldə edə bilər.

Aşura səhnəsində iştirak edən Kərbəla qəhrəmanlarının hamısı nəfslə cihaddan qalib ayrılmışlar idi. Məhz bu amil onların daimi qalmasına səbəb olan sonsuz fədakarlıqlarına səbəb olmuşdur. Batinlərində həva-həvəsə zərrəcə yer qalmamışdır. Bu üzdən mal-dövlət, məqam, sərvət, nəfsin meyl etdiyi rifah içində yaşamağın cazibəsi onları məğlub edə bilməmişdir. Misal ünvanında Kərbəla şəhidlərinin bəzilərinə nəzər salmağımız yerinə düşər.
Əmr ibn Qərəzə Ənsari Kərbəla şəhidlərindəndir. Atası Qərəzə ibn Kəb hədis ravilərindən, Allah Rəsulunun görkəmli səhabələrindən, Həzrət Əlinin dostlarından idi. Həm peyğəmbər dövründə, həm də Mövla Əlinin zamanında baş vermiş döyüşlərdə islam ordusunun tərkibində fəal iştirak etmişdir. Qərəzə ibn Kəbin bir oğlu Əli (bəzi mənbələrdə Zubeyr olaraq keçib) ibn Qərəzə düşmən tərəfdə, Ömər ibn Sədin qoşununda idi. Digər oğlu Əmr ibn Qərəzə İmam Hüseynin cəbhəsində iştirak edirdi. Nəfsi istəklərinə hakim olmasına görə qardaşlıq məhəbbəti onu öz İmamının müdafiəsində durmaqdan çəkindirə bilməmişdir. Əksinə misilsiz şücaət göstərmiş, özünü oxlara sipər edərək Həzrət Hüseyni son anına qədər müdafiə etmiş və şəhadət şərbətini içərək özünü qurtuluş gəmisinə yetirmişdir.
Məhəmməd ibn Buşr Həzrəmi imamın qoşununda olanlardan idi. Oğlu Rey ətrafında əsir düşdükdə imam ona Kərbəlanı tərk etməyə, oğlunun ardınca getməyə icazə versə də, o, nəfsi istəklərinə hakim olduğundan övladına olan məhəbbətini imama olan məhəbbətdən üstün tutmamış və imama "Səni köməksiz qoysam qoy yırtıcı heyvanlar məni diri-diri parçalasınlar! Bu, əsla mümkün deyil", deyərək cavab vermişdir. Son nəfəsinədək döyüşərək canını fəda edərək şəhid olmuşdur.
Öz nəfsinə hakim olan Kərbəla qəhrəmanlarından biri də Nafe ibn Hilaldır. Şücaətli, döyüşkən ruhlu, nəcib bir insan olan Nafe Quran qarilərindən və hədis toplayanlardan idi. Kərbəlada döyüş meydanına gedərkən gələcək həyat yoldaşı ağladı. Əksər insanlar bu cür anlarda süstlük göstərərək öz nəfsinə tabe olur. İmam ona döyüş meydanını tərk etməyi göstəriş versə də Nafe oranı tərk etməmiş əksinə belə demişdir: "Ey Peyğəmbər övladı! Əgər bu gün sənə kömək etməsəm, sabah Peyğəmbərə nə cavab verərəm?". Meydana getmiş, misilsiz şücaət göstərərək şəhid olmuşdur.
O cümlədən həzrət Hüseynin qoşunundakı digər insanlar da döyüş meydanını tərk etmələrini istədikdə hamısının bəhanəyə yeri olduğuna rəğmən öz imamlarını tərk etməmiş, şirin canlarını məsum imamın yolunda fəda etmişlər. Bütün bunlar onu göstərir ki, həzrət Hüseynin yari-ənsari böyük cihad olan nəfslə mübarizədən qalib ayrılmış kəslərdir. Oğul, qardaş, həyat yoldaşı, mal, sərvət, məqam və digər şeylər bu insanları öz ilahi hədəflərindən yayındıra bilməmişdir.
Aşuranın bizə öyrətdiyi ən ümdə dərslərdən biri budur ki, mübarizə meydanına qədəm qoymaq istəyən şəxs əvvəlcə şöhrətpərəstlik, rəyasət tələblik, dünya məhəbbəti mövzularını həll etməlidir. Əks halda fəsad aləmi bürüyəcək. Mərhum Ruhullah Musəvinin təbirincə desək "Özünüzü islah etməyincə insanların islahına qalxmayın! Yanarsız, yandırarsız".
Sonda onu da qeyd etmək yerinə düşər ki, əfsuslar olsun ki, günümüzdə də nəfslə mübarizə mövzusuna əhəmiyyət verənlərin sayı o qədər də ürəkaçan deyil. Amma bunu unutmamalıyıq ki, əgər biz həqiqi Hüseynçi olmaq istəyiriksə mütləqdir nəfsin islahına çalışaq. Yoxsa dəfələrlə Kərbəla ziyarətinə getmək insanın həqiqi Hüseynçi olmasına gətirib çıxarmayacaq. Hətta nəhayətdə nəfsin qulu olan "əxlaqsız kərbəlayilərlə" eybəcər mənzərə yaranacaq. Bu isə İmam Hüseynin hədəflərinə tamamilə ziddir.

Allah bizi bu yolda müvəffəq etsin!

Xanmirzə Hüseynov