11 Dekabr 2024 - 11

11 Dekabr 2024 - 11

Aşura qiyamının səbəblərinin tarixi keçmişi
23.10.2019

Görəsən, İmam Hüseynin başını kəsənlər doğrudanmı müsəlman idi? Necə ola bilər ki, bir insan İslam dinini, Quranı qəbul etsin, amma Quranda bizdən sevilməsi tələb olunan insanın başını kəssin? Necə ola bilər bir insan Allahı qəbul etsin, amma Məvəddət ayəsini görməzdən gəlsin? Bir adam peyğəmbəri (s) sevdiyini necə iddia edə bilər ki, sonra onun nəvəsinin başını kəssin? Deməli, burada inanc problemi var. Deməli, insanlar həqiqətən də İslamı qəbul etməyib. Deməli, İmam Hüseynin, peyğəmbərimizin (s) balaları, əzizləri və yaxınlarının başına o müsibəti gətirənlərin İslama heç bir aidiyyatı yoxdur. Onlar İslamı əslində dildə, üzdə, öz maraqları naminə qəbul ediblər. Onlar İslam gələrkən hakimiyyətdə olmuş adamlar idi. Uzun illər peyğəmbərə (s) qarşı mübarizə aparmış, peyğəmbərmizin (s) hicrətinə səbəb olmuşdu, peyğəmbərimizi (s) uzun müddət blokda vəziyyətində saxlamışdılar. Peyğəmbərimiz (s) Mədinədə İslamı yaymağa başlayarkən bu dinə qarşı mübarizə aparmışdılar. Təbii ki, onlar sonra da İslamı qəbul edəndə heç də səmimi qəlbdən qəbul etməmişdilər. Onlar öz mənafelərini güdərək İslamı qəbul etmişdilər. Hər zaman fürsət gözləyirdilər ki, yenidən hakimiyyətə gəlsinlər. Allah Quranda onlar haqda məlumat verir. Allah Quranın ayrı-ayrı ayələrində onları münafiqlər adlandırır, onları yalançı hesab edir. Hətta barələrində Münafiqlər adlı bir surə də var. Münafiqlər surəsinin birinci ayəsində Allah belə buyurur: "Münafiqlər sənin yanına gəldikləri zaman biz şəhadət veririk ki, sən Allahın elçisisən deyərlər. Allah da bilir ki, sən onun elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançılardır".

Onlar yaranmış vəziyyətdən istifadə edərək hakimiyyətə gəlib İslamı öz istəklərinə uyğunlaşdırmışdılar. İmam Hüseyn buna görə qiyam etmişdi. Onlar peyğəmbərimizin (s) adından hədislər uydurdular, Quranı insanlara öz bildikləri kimi təfsir edirdilər. İmam Hüseyn bu səbəbdən onlarla mübarizəyə qalxmışdı.

Famil Burxanoğlu