21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Nə üçün Əbdullah Cəfər Kərbəla səfərinə İmam Hüseyn ilə getməmişdir?
16.04.2021

Sual: Nə üçün Əbdullah Cəfər Kərbəla səfərində imam Hüseyn (əleyhis-salam)-la birlikdə olmamışdır?

1. Əbdullah Cəfərin gözlərinin tutulması səhih deyildir. Çünki rəvayət olunur ki, Kərbəladan qayıdan zaman Zeynəbi görür, amma tanımır və o xanımın müsibətdən nə qədər dəyişildiyini müşahidə edir.

2. Qocalıq da dəlil ola bilməz. Çünki Həbib, Ovsəcə, Ənəs də qoca və imam Səccad (əleyhis-salam) xəstə ola-ola Kərbəlaya getmişdi.

3. Bunların hamısından keçəndə, Əbdullahın İmam Hüseyn (əleyhis-salam)-ın qiyamının qarşısını almaq və bu hərəkata mane olmaq məqsədi ilə Bəni-Üməyyədən amannamə istəməsi ilə hər kəs onun barəsində şəkk etməzmi?

Cavab: Bu suala cavab verməzdən qabaq bir neçə məsələni qeyd etmək zəruri nəzərə çarpır:

1. Kərbəla şəhidləri

Kərbəla şəhidləri Allah yolunda cihada dərin məna bağışlayan çox yüksək dərəcəli insanlar idi. Onlar əməldə göstərdilər ki, Allah yolunda qiyam etmək hər bir halda böyük bir qələbədir. Onlar qətlə yetirilib zahiridə məğlubiyyətə uğrasalar da, həqiqi və gerçək qələbəyə nail oldular, ölümlə əbədiyyəti qazandılar və özlərini ilahi dərgahda sevimli etdilər. Bununla belə elə yüksək bir məqama çatdılar ki, çox nadir insanları onların məqamında görmək olar. Bu yüksək fəzilət onları “Bədr” şəhidləri ilə eyni səviyyədə qərar vermişdir.[1] Onlar Allah yolunda qətlə yetirilməklə həyatın həqiqi mənasını əks etdirən ali bir həyata nail oldular.

2. Bəzi məşhur və görkəmli şəxslərin Kərbəlada iştirak etməməsi

Bəzi məşhur şəxslər üzrlü səbəbdən Kərbəla qiyamında iştirak etməmişdilər. Bu üzrlü səbəblər müəyyən qədər qəbul olunur. Buna görə də “Kərbəlada olmamaq” iman və qurtuluşdan uzaq olmaq mənasına deyildir. Kərbəla hərəkatında iştirak etməyənlər böyük xəsarətə uğradılar və imam Hüseyn (əleyhis-salam)-ın hüzuruna şəhadət feyzindən məhrum oldular, amma bu, onların imandan xaric olması mənasına deyildir. Yəni “hər kəs Kərbəlada iştirak etmədisə Əba Əbdillah (əleyhis-salam)-ın qiyamına xəyanət edənlərin cərgəsindədir” sözü düz deyildir; hətta onların bəziləri Kərbəla şəhidləri ilə bərabər olmağa layıq olmasalar da, möminlər cərgəsində qalırlar. Çünki Kərbəla şəhidləri bəşərin çox nadir hallarda nail olduğu yüksək bir fəzilətə və məqama nail olmuşdular.

Mərhum Əllamə Hilli də təkidlə buyurur ki, “Kərbəlada iştirak etmədiklərinə görə Əbdullah Cəfər və onun kimi şəxslərin imandan xaric olmalarını demək olmaz.”

Mərhum Əllamə Məclisi də Əllamə Hillidən nəql edərək yazır: “Şiənin əslində sübut olunmuşdur ki, imanın sütunları tövhid, ədl, nübüvvət və imamətdir. Məhəmməd ibni Hənəfiyyə, Əbdullah ibni Cəfər və bu kimi şəxslər malik olduqları yüksək məqam və mənzilətə görə heç vaxt haqqa zidd etiqad sahibi ola bilməzlər, əbədi savab kəsb edilməyə və əbədi cəzadan xilas olmağa səbəb olan bir imandan xaric ola bilməzlər.”[2]

Əbdullahın şəxsiyyəti

Cəfər Təyyarın oğlu Əbdullah Peyğəmbər (səlləllahu əleyhi və alih)-in böyük səhabələrindən biri və Əli (əleyhis-salam)-ın qardaşı idi. İslam tarixində onun üçün böyük məqam və mənzilət qeyd olunmuşdur. Onun atası Cəfər Həbəşistana hicrət edən müsəlmanların rəhbərliyini öhdəsinə almışdı. Əbdullah da Həbəşistanda dünyaya gələn ilk mövluddur. Hicaza qayıtdıqdan sonra atası Cəfərin yanında Peyğəmbərə xidmət etmiş, atasının şəhadətindən sonra uzun illər Abbas ibni Əbdül-Müttəlibin himayəsində yaşamışdır.[3]

Əbdullah Bəni-Haşimin böyük şəxsiyyətlərindən biri kimi uzun illər Əli (əleyhis-salam)-ın xidmətində olmuş, müxtəlif şəraitlərdə ona kömək etmişdir. Zərurət hiss etdiyi hallarda Peyğəmbərin digər səhabələri ilə birlikdə müxtəlif vəziyyətlərdə Əli (əleyhis-salam)-ı himayə etmiş, onun arxasında durmuşdu. Əbdullahın İslam hökuməti və onun iqtidarlı hakimi Əli (əleyhis-salam)-a bəslədiyi eşq-məhəbbət və iman əsasında rəhbərin dəvətinə ləbbeyk demiş, haqqın batilə qarşı apardığı müharibə meydanlarında iştirak və müxtəlif müharibələrdə islamın məramlarını müdafiə etmişdi.

Əbdullahın bu etiqad və inancı imam Həsənlə imam Hüseyn (əleyhiməs-salam)-ın barəsində də davam etmiş, bu iki böyük şəxsiyyətə bacardığı qədər xidmət etmişdir. Nəql olunmuşdur ki, bir gün Müaviyə Mədinədə yalnız imam Həsən, imam Hüseyn, Əbdullah ibni Cəfər, İbni Abbas və Fəzl ibni Abbasın iştirak etdiyi bir məclisdə Əbdullah ibni Cəfərə xitab edərək dedi: “Nə üçün Hüseynə bu qədər təzim və hörmət edirsən?! Halbuki o səndən fəzilətli deyildir! Onun atası sənin atandan yaxşı deyildir. Əgər onun anası Fatimeyi-Zəhra Peyğəmbərin qızı olmasaydı, deyərdim ki, sənin anan Əsma binti Ümeys onun anasından da geri qalmır!”

Əbdullah bu sözlərdən qəzəblənərək buyurdu: “Sənin bu iki şəxs, onların atası və anası barəsində mərifət və agahlığın çox azdır! Allaha and olsun! Onların özləri məndən, ataları atamdan, anaları da anamdan üstündür!”[4]

Belə parlaq keçmişə və düzgün etiqada malik olan bir şəxs nə üçün o dövrdəki müsəlmanlar, hətta gələcəkdəki bütün müsəlmanlar üçün böyük bir hadisə hesab olunan Kərbəla hadisəsində iştirak etmədi?!

Əbdullah ibni Cəfərin Kərbəlada iştirak etməməsinin səbəbləri

İmamın səfəri ilə əlaqədar Əbdullahın nəzəri bu idi ki, o öz canını qorumaq üçün İraqa səfər edir və qiyam edərək ədalət hökuməti təşkil etmək o Həzrətin həqiqi istəyi və məqsədi deyildir. Buna görə də çalışırdı ki, Bəni-ümməyə hakimlərindən imam üçün bir amannamə alsın. Amma imam bu amannaməni qəbul etmədi.[5] Buna görə də Əbdullah çox ürəyiyananlıqla imama təklif edir ki, Kufəyə getmək fikrindən dönsün. Amma İmamın bu məqsədlə qəti qərara gəldiyini gördükdə öz ailəsini, o cümlədən həyat yoldaşını və iki oğlunu göndərməklə imamı müdafiə etmək qərarına gəldi.

Əbdullah Cəfərin Kərbəlada iştirak etməməsinin əsas səbəbi tarixdə məcmu şəkildə və qəti olaraq qeyd olunmamışdır, onun bu hadisədə iştirak etməməsinin səbəbini sadə şəkildə ayırd etmək olmaz. Az kitablar istisna olmaqla əsər kitablar bu yoldan istifadə etmişlər. Amma şiələrin əksəriyyətinin əqidəsi budur ki, Əbdullah Cəfər imam Əli (əleyhis-salam)-ın şəhadətindən sonra imam Həsənlə imam Hüseynə qeydsiz-şərtsiz itaət edir, imkanı çatan qədər onlara kömək göstərirdi.

Əbdullahın Kərbəlada iştirak etməməsi üçün çoxlu dəlillər demişlər ki, ixtisarla onların bəzisini qeyd edirik:

1. Tədqiqatçılarının nəzərində qeyd olunan səbəblərdən biri onun gözünün tutulması idi. Bu dəlilin çoxlu iradı vardır. Çünki, gözləri tutulan bir insan təbii olaraq cəmiyyətdə müxtəlif məhdudiyyətlərlə qarşılaşır və çox da ictimai fəaliyyətlər görə bilməz. Amma Əbdullah elə fəaliyyətlər göstərmişdi ki, bu işlərin gözü tutulmuş bir şəxsdən baş verməsi adətən uzaq nəzərə çarpır. O cümlədən, Əbdullah imam Hüseyn (əleyhis-salam) üçün amannamə almaqda göstərdiyi fəaliyyəti qeyd etmək olar.[6] Buna görə də Əbdullahın gözlərinin tutulması dəlili bir qədər çətin qəbul olunur.

2. Bəziləri ehtimal vermişlər ki, o, imamın işarə və fərmanı ilə bu hadisədə iştirak etməmişdi: Əbdullah Bəni-Haşimin Məkkədə və Mədinədə qalan şəxslərini qoruyub saxlamalı idi.[7]

Bunu da nəzərə alaq ki, həmin dövrdə onun təqribən yetmiş yaşı var idi. Bəlkə də yaşının çox və fiziki cəhətdən zəif olmasına görə imam qiyamı ona vacib etməmişdi. Buna görə də imamın fərmanı ilə müharibədə iştirak etmədi və Bəni-Haşimin Məkkə və Mədinədə qalan şəxslərini qorumağı öhdəsinə aldı.

3. Bəziləri də inanır ki, Əbdullah ibni Cəfər xəstə olduğuna görə Mədinədə qalmışdı. Bəlkə də sağlam olsaydı, Kərbəlada iştirak edərdi.[8] Özü xəstə ola-ola ailəsini Kərbəlaya göndərməsi özünün bu hərəkatda iştirak etməməsinə əsas verən və izah edən amillərdən biridir.

Sonuncu iki ehtimal arasında ziddiyyət olmadığından, belə nəticə almaq olar: Əbdullah ibni Cəfər fiziki cəhətdən xəstə olduğundan və o dövrdə yetmişdən artıq yaşı olduğuna görə imam qiyamı ona vacib etməmiş, nəticədə imamın fərmanı ilə müharibədə iştirak etməmiş və Bəni-Haşimin Məkkə və Mədinədə qalanlarını hifz və müdafiə etməyi öhdəsinə almışdı. Onun Kərbəlada iştirak etmədiyinə və imamın hüzurunda şəhid olmadığına görə təəssüflənməsi, habelə ailəsini o həzrətlə birlikdə göndərməsi bu ehtimalı dəstəkləyir.

Əbdullahın günahkar olmaması

Əbdullah Kərbəlada iştirak etməməklə böyük bir fəziləti əldən versə də, onu müqəssir hesab etmək olmaz. Çünki yuxarıda deyildiyi kimi onun üzrlü olduğunu bəyan edən çoxlu şahid və dəlillər vardır. O, qəlbən Kərbəlada iştirak etmək və imamın hüzurunda şəhid olmaq istəyirdi. Öz əhl-əyalını cihada göndərməsi və onların imam Hüseyn (əleyhis-salam)-ın önündə şəhid olmasına razılığı o həzrətin qiyamının əslini təsdiq etməsinə aşkar bir dəlildir.

Kərbəlada iştirak etməməsi ilə əlaqədar təəssüflənməsini onunla öz qulamı arasında baş verən söhbətlərdən başa düşmək olar. Nəql olunur ki, övladlarının Kərbəlada şəhadət xəbəri ona çatanda dedi: “İnna lillah və inna iləyhi raciun.”

Bu zaman qulamı Əbul-səlasil dedi: “Bu müsibəti Hüseyn ibni Əli (nahaq yerə) bizə varid etdi!”

Əbdullah bu sözləri eşidəndə çox narahat oldu, əlindəki nalla qulamın başına və ağzına vurdu və buyurdu: “Ey çirkin qadının oğlu! Hüseynin barəsində belə bir söz deyirsən?! Allaha and olsun! Əgər onun yanında olsaydım şəhid olana qədər heç vaxt ondan ayrılmamağı arzu edərdim.”[9]

Əbdullahın Kərbəlada iştirak etməməsində müqəssir olmadığını göstərən digər amillərdən biri də budur ki, Bəni-Haşim həmişə ona ehtiram göstərirdi. Həzrət Zeynəb (əleyha salam) onun həyat yoldaşı ünvanı ilə onun Kərbəlada iştirak etməməsinə görə danlamadı və onunla həyatını davam etdirdi. Tarixdə Əbdullahın məzəmmətinə dair o həzrətdən heç bir şey eşidilməmişdir. Bunun özü də Əbdullahın onların nəzərinə müqəssir olmadığına dəlalət edir.

[1] Firuzabadi, Seyid Mürətza, “Fəzailul-xəmsə minəs-Sihahis-sittə”, 3-cü cild, səh. 280, “İslamiyyə” nəşriyyatı, 2-ci çap, Tehran, 1392-ci qəməri il.

إِنِّى لَمَعَ عَلِىٍّ (ع) إِذْ أَتَى کَرْبَلَاءَ فَقَالَ: یُقْتَلُ فِى هَذَا الْمَوْضِعِ شُهَدَاءُ لَیْسَ مِثْلَهُمْ شُهَدُاءُ إِلاَّ شُهَدَاءُ بَدْر

Təbərani bunu nəql etmişdir. Habelə, “Məcməuz-zəvaid” (Heysəmi), 9-cu cild, səh. 190

[2] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 42-ci cild, səh. 109 və 110.

[3] Şeyx Təbərsi, “E’lamul-vəra bi ə’lamil-huda”, “İslamiyyə” nəşriyyatı, 3-cü çap, Tehran, 1390-cı qəməri il; Səqəfi Kufi, Əbu İshaq İbrahim ibni Məhəmməd, “Əl-ğarat”; Ətarudi, Əzizullah, səh. 385, “Ətarud” nəşriyyatı, 1373-cü şəmsi il

[4] Təbərsi, Əhməd ibni Əli, “Əl-ehticac əla əhlil-lücac”, 2-ci cild, səh. 285, “Mürtəza” nəşriyyatı, 1-ci çap, Məşhəd, 1403-cü qəmər il

[5] Şeyx Mufid, “İrşad”; Rəsul Məhəllati, Seyid Haşım, 2-ci cild, səh. 70, “İslamiyyə” nəşriyyatı, Tehran, ikinci çap, bi. ta

[6] Yenə orada.

[7] “Dairətul-məarife təşəyyö”, yazıçılar qrupu, 11-ci cild, səh. 83

[8] “Fərhəngi Aşura”, Cavad Mühəddisi, səh. 298-299, “Məruf” nəşriyyatı, Qum, 1375-ci il

[9] Şeyx Müfid, “Əl-irşad fi mərifəti hücəcillah ələl-ibad”, 2-ci cild, səh. 123, “Şeyx Müfid” konfransı, 1-ci çap, Qum, 1413-cü il