03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

İmam Hüseyni şiələr öldürüb?
03.09.2020
Sosial şəbəkələrdə əsasən sələfi (vəhhabi) düşüncəli şəxslər tərəfindən İmam Hüseyn (ə) hərəkatına qarşı irəli sürülən əsas iddialardan biri də bundan ibarətdir: “İmam Hüseyni (ə) elə şiələr öldürmüşlər. Şiələr o həzrəti aldadıb Kufəyə çağırdılar, sonra xəyanət edib qətlə yetirdilər”. Hətta bəzi “alimlər” bu istiqamətdə öz fikir “fantaziyaları”nı daha da inkişaf etdirərək söyləmişlər: “Hüseyn (ə) öz babasının qılıncı (yəni şəriəti) ilə öldürüldü”.
Bu iddiaya tarixi baxımdan cavab verməzdən əvvəl bunu qeyd edirik ki, məsələnin bu şəkildə qoyuluşunun arxasında incəliklə düşünülmüş bir məqsəd durur: Kərbəla faciəsinin məsuliyyətini Yezidin, onun əlaltılarının, bəzi səhabə övladlarının üzərindən götürmək cəhdi. Əgər İmam Hüseyni (ə) şiələr “qızışdırıb xəlifəyə qarşı qaldırmış”, sonra da xəyanət edib öldürmüşlərsə, ortada başqa səbəbkar axtarmağa ehtiyac qalmaz.
İrəli sürülən iddianın yanlışlığını anlamaq üçün o dövrün ictimai-siyasi vəziyyətinə ümumi nəzər salmaq faydalı olar. İslamın lap ilk dövrlərində - hələ Peyğəmbərin sağlığında müsəlmanlar arasında “şiə”, yəni “Əli şiəsi” adlı bir qrup formalaşmışdı. Bu qrupu hamı tanıyırdı və onun mövcudluğu o zaman üçün qəribə sayılmırdı. Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərində də “şiə” kəlməsinin mövcudluğu deyilənləri sübut edir: “İxtiyarında olduğum Allaha and olsun ki, bu (yəni Əli) və onun şiəsi qi¬yamət günündə nicat tapanlardan olacaqlar”. “Sən və şiən cənnətdəsiniz”.
Səhabələr içində Əli (ə) şiəsi kimi tanınanlara Salmani-farsi, Əbuzər, Miqdad, Əmmar ibn Yasir, Əbu Əyyub Ənsari, Abdullah ibn Məsud, Cabir ibn Abdullah Ənsari, Xüzeymə ibn Sabit zül-şəhadəteyn, Peyğəmbərin əmisi Abbas kimi məşhur səhabə¬lər daxil idilər. Sonrakı dövrlərdə tabiindən olan xeyli şəxs də şiələrin cərgəsinə qoşuldu. Məsələn, Malik Əştər, Səsəə ibn Suhan, Məhəmməd ibn Əbubəkr, Kümeyl ibn Ziyad, Hücr ibn Ədiyy, Üveys Qərəni, Qənbər, Qeys ibn Səd Ənsari, Abdullah ibn Abbas və b.
Bu şəxslərin demək olar ki, hamısı İmam Əliyə (ə) sədaqətli olmuş, ömürlərinin sonuna kimi onun ətrafında durmuş, onun imamətini müdafiə etmişlər. Adları çəkilən şəxslərin böyük bir hissəsi hətta imamət əqidəsinin müdafiəsi yolunda canını qurban verərək şəhid olmuşdur (Əbuzər, Əmmar, Xüzeymə, Malik, Məhəmməd, Kümeyl, Hücr, Qənbər, Üveys və b.)
Sonrakı dövrlərdə baş verən bəzi siyasi olaylar nəticəsində təəssüf ki, əslində şiə olmayan xeyli insan və hətta toplu şiə kimi görünməyə başladı. Üçüncü xəlifə Osmanın qətlindən sonra İslam cəmiyyəti demək olar ki, yekdilliklə İmam Əlini (ə) xəlifə seçdi. Həzrət özü “Nəhcül-bəlağə” xütbələrində həmin hadisələri bu cür xatırlayırdı: “(Osmanın qətlindən) sonra (beyət etmək üçün) yeni doğmuş heyvanlar balalarına tərəf gedən kimi mənə üz tutub dalbadal “beyət etməyə gəlmişik” deyirdiniz. Əlimi əlimin üstünə qoydum – açdınız, arxaya apardım – özünüzə tərəf çəkdiniz” (Nəhcül-bəlağə, 137-ci xütbə). “Susuz dəvələr su nohurlarına daxil olanda basırıq saldıqları kimi izdihamla üstümə töküldünüz. Ayaqqabının ipi (ayaqlardan) açıldı, əba (çiyindən) düşdü, zəiflər ayaq altında qaldılar...” (220-ci xütbə).
İmam Əliyə (ə) beyət edənlərin heç də hamısı o həzrətin tərəfdarı və müdafiəçisi deyildi. O cəmiyyətin içində cəmi bir neçə aydan sonra Cəməl savaşını törədəcək şəxslər də vardı, Müaviyəyə qoşulub Siffeyndə Əliyə (ə) qarşı vuruşacaq və ya ən azından bitərəf qalacaq insanlar də vardı, İmamı kafir elan edib qətlinə fətva verəcək xəvaric də vardı. Bunlardan hansı birini əsil şiə adlandırmaq olar? Tarixi şəraitin təhlili bunu göstərir ki, Osman ibn Affanın qətlindən sonra iğtişaşlardan cana doymuş və sabitlik arzusuna düşmüş insanlar xilafətə namizəd axtararkən Əlidən (ə) başqasını tapa bilmədilər. Əgər bu canfəşanlıq və “şiəlik” həqiqətən mövcud idisə, bundan əvvəlki üç xəlifənin seçkisi zamanı büruza verilərdi. Sadəcə olaraq, hicrətin 35-ci ilinin sonunda iğtişaşlar içində qərq olmuş xilafəti xilas edə biləcək yeganə güclü əl İmam Əliyə (ə) məxsus idi. Bunu o zamankı cəmiyyətin bütün başbilənləri anlamışdılar. Xilafətin Əhli-beytə verilməsi onlara qətiyyən maraqlı deyildi. Əli (ə) yox, başqa bir güclü fiqur olsaydı, onlar ona da beyət edərdilər. Amma reallıq budur ki, o dövrün siyasət səhnəsində Əli (ə) qədər güclü fiqur yox idi, ona rəqabət edə biləcək şəxslər həyatdan getmişdilər və bunu hamı anlayırdı. Həm də bu beyət bir çoxlarının gözündə gələcək vəzifələrə, şan-şöhrətə, sərvətə bir tramplin kimi görünürdü. Amma beyətdən az sonra bu qüvvələr öz ümidlərində yanıldıqlarını gördülər və öz mövqelərini tam dəyişdilər...
İmam Hüseyn (ə) hərəkatının başlandığı dövr də bu baxımdan spesifik özəlliyə malikdir. Müaviyə heç bir məzhəbin, heç bir dini qrupun qəbul etmədiyi bir yolla getdi: hakimiyyəti öz oğluna – özü də Yezid kimi ləyaqətsiz bir şəxsə – ötürdü. Bu davranış nə xəlifənin seçki əsasında təyin edilməsinə inanan əhli-sünnə vəl-cəmaət düşüncəsinə, nə də xəlifənin Allah və Peyğəmbər tərəfindən təyin edilməsini dəstəkləyən şiə inancına uyğun idi. Müaviyənin bu davranışı ümumilikdə müsəlman cəmiyyətinə qarşı bir təhqir kimi dəyərləndirildi. Buna görə də Əhli-beytin tərəfdarı olmasına ya olmamasına baxmayaraq, çoxları Yezidə qarşı çıxdı. Hətta Əhli-beytə heç bir rəğbəti və bağlılığı olmayan, əksinə, Siffeyn savaşında Əliyə (ə) mənfi münasibətini yetərincə sərgiləmiş Abdullah ibn Zübeyr də Yezidin hakimiyyətini tanımadı və buna etiraz etdi.
Aşura faciəsi ərəfəsində bütün müsəlman ümməti Yeziddən narazı idi. Amma bunların heç də hamısının Əhli-beyt tərəfdarı olduğunu söyləmək olmaz. Əsil şiələr Kərbəla səhrasında öz imamlarını tənha qoymadılar. Əsil şiələr şəhadət yolunu seçdilər və bununla da Əhli-beytə sədaqətlərini isbat etdilər.
Kufə əhalisinin bir hissəsi Ömər ibn Sədin qoşununa qatılıb İmam Hüseynə (ə) qarşı durdu, əksəriyyət sükut yolunu seçdi, kiçik bir dəstə də İbn Ziyadın yollara qoyduğu gözətçiləri adlayıb özünü İmama çatdıra bildi. Əslində öz siyasi orientasiyasını tez-tez dəyişən, dünənə kimi Müslimin beyətində olan insanları Kərbəlaya – İmam Hüseynin (ə) üzərinə göndərmək Yezidin sərkərdələri tərəfindən ağıllı hərəkət olmazdı.
Kufə şəhərində yaşayanların öz etiqadlarını dəfələrlə və “çevik” şəkildə dəyişməsi hər kəsə, o cümlədən, İmam Hüseynin (ə) özünə də məlum idi. Bu şəhər vaxtı ilə İmam Əlinin (ə) xilafətinin paytaxtı olmuş, sonra ikitirəlik məkanına çevrilmiş, daha sonra İmam Həsənin (ə) tərəfində durmuş, amma ona da xəyanət etmişdi.
Nəhayət, tarixi statistikaya müraciət etsək, bəzi məsələlərin həqiqətinə çata bilərik. Kufə şəhəri hicri 17-ci ildə Ömər ibn Xəttab tərəfindən salınarkən, şəhərin came məscidi 40 min nəfərin ibadətinə hesablanaraq tikilmişdi. Həmçinin, bəzi tarixi məlumatlar Kufə şəhərinin yüz min nəfərə uyğun tikildiyini xəbər verir (qadınları və uşaqları çıxmaqla, məsciddə namaz qılan kişilərin sayı təxminən yuxarıda yazıldığı kimi 40 minə yaxın olar).
Sonrakı illərdə Kufə getdikcə çiçəkləndi. Xüsusilə, İmam Əlinin (ə) zamanında xilafət paytaxtı olması bu şəhərə rövnəq verdi. Əhali durmadan artırdı. Əgər Suffeyn savaşında İmam Əlinin (ə) Kufədən apardığı qoşunun sayının müxtəlif mənbələrdə 65 min nəfərdən 90 min nəfərə kimi (hətta 120 min də yazan var) qeyd edildiyini nəzərə alsaq, şəhər əhalisinin say artımı haqqında müəyyən təsəvvür əldə edə bilərik.
Hicri 50-ci ildə (aşuradan 10 il əvvəl) Kufəyə vali təyin olunmuş Ziyad (Übeydullahın atası) şəhərdə şiə əqidəsinin güclənməsindən qorxaraq onların böyük hissəsini digər məntəqələrə köçürtdü. Təkcə Xorasana 50 min nəfər sürgün olundu. Bundan sonra Kufədə təxminən 140 min nəfərə yaxın əhali qaldığını yazırlar. Bunun təxminən 60 min nəfəri əlinə silah ala bilən kişilər, qalanları isə qadın və uşaqlar idi. Beləliklə, aşuradan əvvəl Kufə şəhərində “təmizləmə” işləri aparılmış və şiələrin say çəkisi azaldılmışdı.
İmam Hüseynə (ə) Kufədən gələn dəvət məktublarının sayını 12 min ədəd qeyd edirlər. Bəzi məktublara bir nəfər, bəzilərinə isə qrup imza atmışdı. Tarix kitablarında onların ayrı-ayrı evlərdə gizli toplaşmaları qeyd edilib. Bu da onların çoxluq halında olmadıqlarını göstərir. Müslim Kufədən İmama (ə) yazmışdı ki, ona 18 min nəfər beyət edib. Übeydullah ibn Ziyadın Kufə camaatını çox da çətinlik çəkmədən sakitləşdirib zərərsiz hala salmağı bacarması bunu göstərir ki, şəhərdə Müslimə beyət edənlərin sayı ümumi əhaliyə nisbətdə o qədər çox deyilmiş və şəhər əhalisinin ümumi sayında bu hissənin çəkisi o qədər də ağırlıq təşkil etmirmiş. Muxtar da daxil olmaqla xeyli kufəlinin aşurdan əvvəl zindana salındığını, daha sonralar təvvabin qiyamında təxminən 5 min nəfərin iştirak etdiyini də nəzərə almalı və bunları 18 min nəfərin sırasında saymalıyıq.
Beləliklə, məlum olur ki, “İmam Hüseyni (ə) öz şiələri öldürdü” iddiası yanlışdır, həqiqətə uyğun deyil. O həzrətin əsil tərəfdarları Kərbəla səhrasında öz canını qurban verənlərdir. Tərəfdarların bir hissəsi də təzyiqlərdən qorxaraq Kufədə öz evinə çəkildi, nə o, nə də bu cəbhəyə qoşuldu. Lakin Kərbəla faciəsindən sonra onlar öz qorxaqlıqlarını boyunlarına alıb tövbə etdilər, əvvəlcə təvvabin qiyamına, sonra Muxtara qoşuldular.
Natiq Rəhimov