21 Noyabr 2024 - 21
Deyirlər ki, İslam dini sevgi, mərhəmət, şəfqət dinidir. Sevgi, mərhəmət dini nifrətlə necə müşayiət edilə bilər? Yəni olmazmı ki, İmama qarşı sevgidən, məhəbbətdən danışılsın, amma onun düşmənlərinə lənət oxunmasın, nifrət bəslənməsin. İnsan sevdiyi kimi də nifrət edə biləcək varlıqdır. İnsan mülayim olmaqla yanaşı, həm də qəzəblidir. Cazibə və dafiə insanın xarakterindən irəli gəlir. Bir insan İmam Hüseyni sevdiyi halda onun düşmənlərini də necə sevə bilər? Bir insan İmam Hüseyni sevirsə, onun düşmənlərinə avtomatik olaraq nifrət bəsləməlidir, bu onun insanlığından irəli gəlir. Sevginin tələbi budur ki, onun düşməninə lənət oxusun. Allahın da bizdən istədiyi budur.
Allah Quranda möminlər haqqında buyurur ki, möminlər öz aralarında mehribandırlar, düşmənlərə qarşı isə sərtdirlər, kafirlərə qarşı sərtdirlər. Allah bizdən istəyir ki, Allah düşmənlərinə qarşı nifrət bəsləyək, onlardan üz çevirək. Təbii ki, İmam Hüseynin mərasimində İmam Hüseynə qarşı sevgi bəslədiyimiz zaman həm də onun düşmənlərinə qarşı nifrət bəsləməliyik. Bu xarakterimizdən, bizim insanlığımızdan irəli gəlir və belə də olmalıdır.
Famil Burxanoğlu