21 Noyabr 2024 - 21
İmam Hüseyn (ə) Əllamə Təbatəbainin qələmilə
İmam Hüseyn (ə) Əllamə Təbatəbainin qələmilə İmam Hüseynin (ə) eşq və fədakarlıqla dolu həyatı
İmam Hüseyn (ə) həzrət Əlinin (ə) və Peyğəmbəri- əkrəmin qızı həzrət Fatimənin (s) ikinci oğludur. O həzrət hicrətin üçüncü (bəzi rəvayətlərə görə dördüncü) ilində dünyaya göz açıb. Böyük qardaşı imam Həsən Müctəba (ə) şəhid olduqdan sonra Allahın əmri və qardaşının vəsiyyətinə əsasən imaməti öhdəsinə götürərək on il imamlıq etdi. O Həzrət (ə) imamlığının təxminən altı ayını Müaviyənin xilafəti zamanında ən çətin şərtlər, acılı-ağrılı vəziyyətlər və ən ağır təzyiqlər altında keçirib. Çünki dini hökmlər cəmiyyətdə dəyərini itirmiş, Müaviyə hökumətinin əmrləri Allah və Rəsulunun buyurduqlarını əvəz etmişdi. Həmçinin Müaviyə və dostları əllərindən gələn bütün hiylələrə əl ataraq Əhli-beyti (ə) və tərəfdarlarını əzib, Əlinin (ə) adını aradan aparmaq istəyirdilər. Digər tərəfdən də Müaviyə, oğlu Yezidin xilafətinə güclü zəmin yaradırdı.
Yezidin heç bir dini əsas və qaydalara bələd olmadığından xalqın bir qisimi onun xilafətilə razılaşmırdı. Müaviyə də müxaliflərin çoxalmasının qarşısını almaq üçün daha çox, təzyiqlərdən istifadə edirdi. İmam Hüseyn (ə) bu qaranlıq günlərə səbr edərək, Müaviyə tərəfindən edilən hər növ ruhi işgəncə və təzyiqlərə dözürdü. Hicrətin altmışıncı ilində Müaviyə öldü və oğlu Yezid atasının yerini tutdu. O zamanlar ərəblər arasında səltənət, əmirlik və sair bu kimi mühüm məsələlər zamanı beyət mərasiminin qurulması bir ənənə idi. Cəmiyyət, xüsusilə də xalq içində tanınmış şəxslər belə mərasimlərdə sultan yaxud əmirin əlini sıxaraq beyət edərdilər, beyətdən sonra sultana itaətsizlik etmək həmin qövm üçün böyük ar və zillət sayılardı. Eyni zamanda imzadan boyun qaçırmaq qəti olaraq cinayət sayılardı. Müaviyə də həyatda ikən tanınmış şəxsiyyətlərdən Yezidə beyət almışdı. Lakin İmam Hüseynə (ə) toxunmamış və ondan Yezidə beyət almamışdı. Xüsusilə oğlu Yezidə belə vəsiyyət etmişdi:"Əli ibn Hüseyn (ə) beyət etməzsə çox israr etmə". Çünki Müaviyə məsələnin önünü arxasını ölçməyi bacarırdı. Ancaq Yezid, qürur və təkəbbürü üzündən atasının vəsiyyətini unudub, Mədinə qubernatoruna, "Hüseyndən (ə) mənim xilafətim üçün beyət istə, itaətsizlik etdiyi halda başını Şama göndər"-deyə əmr verdi. Mədinə qubernatoru Yezidin istəyini İmam Hüseynə (ə) çatdırdıqdan sonra İmam ondan bu mövzu haqda düşünməsi üçün vaxt istədi. Bundan sonra ailəsini də götürüb Məkkəyə hərəkət edən İmam (ə), İslamda rəsmi olaraq təhlükəsiz və zəmanətli yer elan edilən Allahın hərəminə (Kəbəyə) sığındı. Bu hadisə hicrətin 60-cı ilində Rəcəb ayının sonları və Şəban ayının əvvəllərində baş verdi. İmam Hüseyn (ə) təxminən dörd ay Məkkəyə sığınaraq yaşadı. Bu xəbər yavaş-yavaş İslam ölkələrinə yayıldı.
Bir tərəfdən, Müaviyənin dövründəki haqsızlıqlara razı olmayıb, Yezidin xilafətinə qarşı çıxanlar İmam Hüseynin (ə) yanına gəlib kömək edəcəklərinə dair söz verirdilər. Digər tərəfdən də İraq camaatı, xüsusilə Kufə xalqı fasiləsiz olaraq İmam Hüseynə (ə) məktub göndərib onun İraqa gəlib Müsəlmanlara öndərlik edərək zülm və ədalətsizliyi yox etməsini istəyirdilər. Əlbəttə bu vəziyyət Yezid üçün çox təhlükəli idi. İmam Hüseyn (ə), həcc mövsümünə qədər Məkkədə qaldı. Müsəlmanlar da İslam ölkələrindən dəstə-dəstə həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə axışırdılar. Bu vaxt İmam (ə), Yezidin onu öldürmək üçün hacı qiyafəsində maskalanmış bir dəstəni Məkkəyə göndərdiyini xəbər aldı. Onlar həcc əməlləri əsnasında ehram paltarları altında gizlədikləri silahlarla İmam Hüseyni (ə) şəhid etməyi planlaşdırmışdılar. İmam Hüseyn (ə) həcc əməllərini yarıda qoyaraq (başqa bir rəvayətə görə ümrə həccinə keçib təvaf, səy əməllərini yerinə yetirdikdən sonra ehramdan çıxmışdı), bir yığıncaqda qısa bir xütbə oxuyaraq İraqa doğru hərəkət edəcəyini bildirdi. İmam xütbəsində şəhid olacağına da işarə etdi. Müsəlmanlardan ona kömək etmələrini, bu hədəf yolunda qanlarını və canlarını vermələrini istədi. Sabahısı gün ailəsi və dostlarıyla birlikdə İraqa yola düşdü. İmam Hüseyn (ə) Yezidə beyət etməməyi qəti qərara almışdı və bu yolda şəhid olacağını da yaxşı bilirdi. Bir dəstə tanınmış şəxs, İmamla (ə) görüşərək bu hərəkət və qiyamın təhlükəli olmasaını ona xatırlatmışdı. Lakin İmam (ə) cavab olaraq: ‘‘Mən beyət etməyəcəyəm. Zülm və fəsad hökumətinə boyun əyməyəcəyəm. Hara getsəm, ha-rada olsam məni öldürəcəklərini bilirəm. Qanımın tökülməsiylə Kəbənin hörməti aradan getməsin deyə Məkkədən uzaqlaşmışam''- buyurdu. Beləliklə İmam Hüseyn (ə) Kufəyə doğru yollandı. Hələ Kufəyə bir neçə günlük yol qalmışdı; İmam Kufəyə göndərdiyi elçisi və tanınmış sadiq dostlarından birinin, Yezidin qubernatoru tərəfindən şəhid edilərək, ayaqlarının iplə bağlanıb, Kufə küçələrində süründürülməsini eşitdi. O Həzrət (ə) Kufə və bölgələrinin möhkəmcə nəzarətə alındığını və təchizatlanmış bir ordunun onunla döyüşə hazırlandığını eşitdikdə, ölümdən başqa bir yol qalmadığını anladı. Artıq, burada şəhid olmaq üçün qəti qərara gəldiyini açıq-aşkar bildirib, Kufəyə doğru yoluna davam etdi. Kufənin təxminən yetmiş kilometrliyində Kərbəla adlı bir çöldə Yezidin ordusu onları mühasirəyə aldı. İmam və yoldaşları səkkiz gün burada qaldılar. Bu arada Həzrətin (ə) mühasirəyə alındığı çevrə günbəgün daralırdı. Həmçinin, düşmənin sayı davamlı şəkildə artırdı. Nəhayət, İmam (ə) ailəsi və çox az sayda olan səhabələriylə birlikdə, otuz minlik ordunun muhasirəsində qaldı. Bu bir neçə gün içində İmam Hüseyn (ə) ordusunun mövqelərini nizamladı. Qısa bir xütbədən sonra səhabələrinə üz tutaraq belə buyurdu: "Bizim ölüm və şəhidlikdən başqa bir yolumuz yoxdur. Mən beyətimi sizdən götürdüm. Getmək istəyən, gecənin qaranlığından istifadə edərək özünü bu təhlükəli meydandan qurtarsın. Çünki onlar yalnız məni öldürmək istəyirlər. "Daha sonra işıqların söndürülməsini əmr etdi. Maddi məqsədlər üçün İmama (ə) qoşulanlar ayrılıb dağıldılar. Yalnız haqq aşiqlərindən çox azı (40 adama yaxın) silahdaş və Bəni-Haşimdən olan qohumları qaldılar. İmam Hüseyn (ə) bir daha getməyib, qalanları yığıb danışdı və belə buyurdu: "Sizdən hər kim istəsə, gecənin qaranlığından istifadə etsin və özünü təhlükədən qurtarsın. Onlar yalnız məni istəyirlər.” Lakin bu dəfə İmamın (ə) vəfalı dostları bir-bir qalxaraq, "Biz heç bir zaman sənin öndər olduğun haqq yolundan dönməyəcəyik, əlimiz qılınc tutana, damarımızda qan axana qədər döyüşüb, sənin hörmətini qoruyacağıq, paklığından ayrılmayacağıq...”-deyə öz sadiq olduqlarını bildirdilər. Məhərrəm ayının 9-cu gününün sonlarında son təklif (beyət və ya döyüş) düşmən tərəfindən İmama (ə) çatdırıldı. İmam (ə) o gecəni ibadət üçün möhlət alıb sabahkı döyüşə hazırlaşdı. Hicrətin 61-ci ili Məhərrəm ayının 10-u İmam (ə) azsaylı dostlarıyla (cəmi doxsan adamdan az idi; qırx nəfər əvvəlcədən yanında olanlar, otuzdan bir az çox döyüş günü və gecəsi düşmən ordusundan dönənlər və İmamın Haşimi qohumları, məsələn, oğlanları, qardaşları, qardaşı və bacısı oğlanları və əmisi oğlanları) saysız düşmən qarşısına çıxaraq döyüşə başladı. O gün səhərdən axşama qədər döyüşdülər və son nəfərə qədər şəhid oldular (şəhidlərin içində imam Həsənin (ə) iki kiçik oğlu, İmam Hüseynin (ə) bir kiçik oğlu və qundaqda olan daha bir körpəsini də saymalıyıq). Döyüş bitdikdən sonra düşmən ordusu, İmamın (ə) hərəmini qarət edərək çadırlara od vurub şəhidlərin başını kəsib, paltarlarını çıxardaraq qənimət götürdülər. Cəsədləri dəfn etmədən, sığınacaqsız qızlar və qadınlardan ibarət Əhli-beyt əsirlərini şəhidlərin başlarıyla birlikdə Kufəyə apardılar. (əsirlərin içində kişilərdən yalnız İmam Hüseynin (ə) iyirmi iki yaşlı oğlu İmam Zeynul-Abidin (ə), bir də onun oğlu İmam Məhəmməd Baqir (ə) və İmam Həsənin (ə) oğlu Həsənül-Müsənna var idi. Həsənül-Müsənna döyüşdə ağır yaralandığından şəhidlərin içində qalmışdı, lakin son anlarda əsirlərlə birlikdə Kufəyə aparıldı). Daha sonra əsirləri Kufədən Dəməşqə, Yezidin yanına apardılar. Kərbəla hadisəsi, qadınların əsir alınıb şəhərlərdə gəzdirilməsi və (əsirlər içində olan) həzrət Əlinin (ə) qızı həzrət Zeynəb (s) və İmam Zeynul-Abidinin (ə) Kufə və Şamdakı yığıncaq yerlərində etdikləri çıxışları, Üməyyə oğullarını alçaldaraq Müaviyənin illərcə etdiyi təbliğatı nəticəsiz qoydu. Həmçinin, bu çıxışlar Yezidin Kərbəlada məmurların əliylə etdiyi cinayətdən özünü təmizə çıxarmaq üçün çalışmasına və Kərbəla hadisəsinin təsirinin keçməsinə baxmayaraq, Üməyyə oğullarını səltənətdən salınmasında və Əhli-beyt sevgisinin artmasında böyük rol oynadı. Həmçinin Kərbəla hadisəsinin onlara vurduğu ən zəif təsiri, müxtəlif qısa müddətli savaşlar və on iki il davam edən qanlı döyüşlər oldu. Belə ki, İmam Hüseynin (ə) qatilləri heç biri intiqamdan qaçıb xilas ola bilmədi. Buna "Təvvabin” savaşı misal ola bilər. Tarixin İmam Hüseyn (ə) və Yezidlə əlaqədar hissəsini oxuyub o zamanın hakim sistemini araşdıranlar bilirlər ki, İmamın (ə) yeganə yolu şəhid olmaq idi.
İslam dininin açıq-aşkar əzilməsinə səbəb olan beyət, heç bir şərtlə İmam Hüseyn (ə) üçün mümkün deyildi. Çünki Yezid, İslam dininə və onun qanunlarına hörmət göstərməməklə kifayətlənməyib, İslamı açıq-aşkar əzməyə çalışan zalım bir hakim idi. Halbuki ondan əvvəlkilər, əslində dinə müxalif olmaqlarına baxmayaraq zahirdə də olsa dinə hörmətlə yanaşırdılar. Həmçinin, Peyğəmbərə (s) və digər dini şəxsiyyətlərə kömək edib, onların yanında olmaqla öyünürdülər. Bunları nəzərdən keçirən, bəzi tarixçilərin imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında yürütdüyü tarixi fikirlərin səhv olması məlum olur. Məsələn, bəziləri deyirlər ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) müxtəlif təbiətli insanlar idilər; İmam Həsən (ə) sülhsevər idi. Qırx min əsgəri olmasına baxmayaraq sülhü qəbul etdi. Amma imam Hüseyn (ə) mübarizə yolunu və döyüşü seçdi. Qırx nəfər döyüşçüsü olmasına baxmayaraq, Yezidlə döyüşə başladı.