21 Noyabr 2024 - 21
Yaponiyada keçirilən əzadarlıq Ərəbistanda qadağandı
Onu da qeyd etmək gərəkdir ki, İmam Hüseyni (ə) yad etmək, Aşura məktəbini yaşatmaq məqsədilə keçirilən əzadarlıq məclisləri dünyanın müxtəlif bölgələrində tamamilə fərqli durumda baş tutur. Misal üçün, Pakistanın bir çox bölgələrində Hüseyn (ə) əzadarlığı böyük şücaət tələb edən bir işdir. Hətta əzadarlığın nişanəsi olan qara köynək geymək belə həyat üçün təhlükə kəsb edə bilir - o qədər böyük dözümsüzlüyü var bəzi ünsürlərin Hüseyn (ə) əzasına. Bununla yanaşı, ABŞ-da, Fransada, Almaniyada Aşura məclislərinin vüsəti ildən-ilə artır. Dünyanın ən ucqar nöqtələrində - Afrikadan tutmuş Arktikayadək - Hüseyn (ə) məclisləri düzənlənir. Amma İmam Hüseynin (ə) vətənində - Ərəbistanda bu gün əzadarları olmazın məşəqqətlərə məruz qoyurlar, əzadarlıq məclislərini dağıdırlar, bu məclislərı təşkil edənləri təqib edirlər.
Yəqin ki, Əba Əbdillaha (ə) da xoş olar ki, biz bugünkü məclisimizdə Səudiyyədə olmazın zülmlər görən, amma Əhli-beyt (ə) yolundan çəkilməyən şəxsiyyətlərdən danışaq. Bu insanlara hər nə zülmlər edirlərsə də, əqidələrindən döndərə bilmirlər, məhərrəm-səfər əyyamı keçirtməkdən daşındıra bilmirlər... Bu görkəmli simalardan olan, Ərəbistanın Qətif şəhərinin imam-cüməsi Şeyx Həsən bugünlərdə Aşura ilə bağlı, Kərbəla məktəbi ilə bağlı son dərəcə əlamətdar bir ifadə işlədib. Və bu ifadənin əlamətdarlığını artıran odur ki, qətiflilər bu gün İmam Hüseyn (ə) dönəminə xas bir mənəvi sıxıntı mühasirəsini yaşayırlar. Onlar Aşuranı nəzəri yox, praktiki tanıyanlardır. Əmələn saxlaya biliblər onlar bu gün İmam Hüseyn (ə) məktəbinə sədaqəti...
Beləliklə, diqqət edək Şeyx Həsənin işlətdiyi tezisə. Şeyx Həsən deyib ki, İmam Hüseyn (ə) qiyam edərkən aradan aparmaq istədiyi zülmlərdən biri düşüncə və təfəkkürü məhv etmək zülmü idi. Yəni İmam Hüseynin (ə) zülmə qarşı qalxması, zülmü qəbul etməməsi hamıya məlumdur. Amma ümumi zülm məfhumu ilə yanaşı, bunun tərkib hissəsi olan, bəlkə növləri, təzahürləri sayılan zülmlər var. İnsana fiziki-mənəvi əziyyət verməklə, onu psixoloji sarsıntıya məruz qoymaqla, əqidəsinə zor etməklə, şəxsiyyətini sıxmaqla səciyyələnən zülmlər var.
Düşünmək azadlığı
Əba Əbdillah İmam Hüseyn (ə) hər cür zülmə qarşı qalxmışdı, zülmün bütün növlərinə qarşı bir İlahi hərəkata rəvac vermişdi. Və Əba Əbdillahın (ə) etiraz etdiyi ələmli zülmlərdən biri də təfəkkürü yox etmək, düşüncəni aradan aparmaq, sərbəst düşüncə azadlığını məhv etmək idi. Düşünmək, təhlil etmək, sual vermək - yox olma təhlükəsi altında olan kateqoriyalardan olmuşdu. Və bu təhlükənin önündə zəmanənin İmamı (ə) ayağa qalxdı...
Toplumun hər mənada yaşayışını təmin edən amillərdəndir düşünmək azadlığı. İnsanın fiziki yaşaması üçün hava, su, qida lazımdır, bu ünsürlər olmasa, insanın fiziki baxımdan yaşaması mümkün olmaz. Amma insanın insan olaraq mövcudiyyəti üçün təfəkkür, düşüncə azadlığı gərəkdir. Bu azadlıq olmasa, insan yoxdur. Düşüncəsi azad olmasa, insan İNSAN olmaz. Əba Əbdillahın (ə) hərəkatı, mübarək məktəbi bütün digər zülmlərə qarşı qalxmaq öz yerində, digər azadlıqların yaşaması üçün qiyam etmək öz yerində, bu azadlıqların bəlkə tacı olan düşünmək azadlığnı insanın əlindən almaq istəyən lənətlik yezidlərə qarşı mübarizə ilə səciyyələnən bir İlahi Savaş idi. İnsanı kor alət etmək istəyən, zatən hürr olaraq xəlq olunanı bir bioloji vahid səviyyəsinə endirmək istəyən zalımlara qarşı bir azadlıq yürüşü idi Kərbəla hərəkatı. İmam Hüseynin (ə) mübarək məktəbinin ən incə çalarlarındandır bu.
Seyyid Rəzi fenomeni
Bu gün bu mövzuya toxunmağımız təsadüfi deyil. Bu günlər Əhli-beyt (ə) məktəbinin ən parlaq ulduzlarından, düşüncə və təfəkkürün canlı simvollarından olan Seyyid Rəzinin vəfatının ildönümüdür. Bir məfkurə, düşüncə, elm işığı saçmışdı Seyyid Rəzi topluma. Bir onu demək kifayətdir ki, “Nəhcül-bəlağə” kimi fundamental əsərin müəllifidir Seyyid Rəzi. “Nəhcül-bəlağə” - Həzrət Əlinin (ə) nurani kəlamlarının toplusudur. Seyyid Rəzi özü bu barədə təvazökarlıqla belə deyir: “Mənə dedilər ki, belə bir şeyə ehtiyac var”. Böyük və fundamental bir tədqiqat apardı Seyyid Rəzi. Və Seyyid Rəzinin bu işi görməyə həm elmi qabiliyyəti, elmi tutumu çatırdı, həm ədəbi zövqü. Estetik zövqü imkan yaradırdı Seyyid Rəzinin Əli (ə) kəlamını dərk etməyə.
Hicri təqvimilə 406-cı ildə, 47 yaşında Bağdadda rəhmətə gedib Seyyid Rəzı. Nisbətən cavan yaşında dünyadan köçməsinə baxmayaraq, bərəkətli və mənalı ömrü ərzində o, İslam elminə böyük töhfələr vermişdi. Nəql edirlər ki, elm və ürfanda böyük tədqiqat sahibi olan, təqva nümunəsi olan qardaşı Seyyid Mürtəza o qədər mütəssir olur Seyyid Rəzinin ölümündən ki, onun cənazəsini görmək taqəti olmur və qəmin şiddətindən müqəddəs Kazimeyn hərəminə pənah aparır...
Seyyid Rəzinin etdiklərinin yalnız ikisinə toxunmaq kifayət edər. Biri Həzrəti Əlinin (ə) mübarək kəlamlarını - “Nəhcül-bəlağə”ni toplamaq kimi nəhənğ iş görməkdir. Nə qədər insan hidayət tapıb bu əsər vasitəsilə, nə qədər qəlblər nurlanıb! Həzrət Əli (ə) dühasının kiçicik bir hissəsini tanımaq olur bu kitabdan... Amma bu kiçicik hissə bəs edir axtaran insanın nicat tapması üçün...
Seyyidin etdiyi ikinci fövqəl əhəmiyyətli məsələ universitet yaratmaqdır. Adət üzrə, Bağdadin “Nizamiyyə” müəssisələri ilə bağlayırlar bugünkü anlamda universitetlərin təsisatını. Amma bu dəqiq yanaşma deyil. Çünki bundan onillər öncə Seyyid Rəzi “Darül-elm” adlı sözün bügünkü anlamında universitetin, elmi təhsil ocağının əsasını qoyub. Və bu universitetin yetirmələri elmin inkişafına böyük töhfələr verib.
Yaşadığımız məhərrəmlik əyyamında Seyyid Rəzini yada salmaq həm də ona görə önəmlidir ki, bu mübarək şəxsiyyət, İmam Hüseynin (ə) öz canı hesabına qoruduğu düşünmək azadlığını həyata keçirməyin canlı təcəssümüdür. Aşura məktəbi azadəliyin hər bir təzahürünə qarşı edilən zülmün əleyhinədir. İmam Hüseyn (ə) insanın azadəliyinin əsasında azad düşünmək haqqını görürdü. Bunlar üçün yaşamanın əhəmiyyətini görürdü. İmam Hüseyn (ə) fiziki aradan getməyi qəbul edirdi, amma düşüncə azadlığının məhvi ilə barışmağa razı deyildi. Və insan vücudunun özülünü təşkil edən düşünmək, sual vermək, təfəkkür etmək hürriyyətini yaşadan kişilərdən idi Seyyid Rəzi.
Aşuranın daha bir çaları
Gedək Aşura səhnəsinə. Çoxlu dərslər var, çoxlu çalarlar, nöqtələr var burada. Nə qədər tədqiq etsən də, bitmək bilmir bu dərslər...
Aşuranın sübhündən əsrinədək Əba Əbdillahın (ə) mübarək səhabələrindən, məsləkdaşlarından müqavimət göstərmək iqtidarında olanların hamısı artıq şəhadə yetişib. Nəhayət o zaman yetişir ki, İmam (ə) minlərlə yezidin müqabilində tək-tənha qalır. Ümmətin İmamıdır Həzrət Hüseyn (ə). Axıradək kimisə hidayət etmək, qana susamışların cərgəsindən çıxararaq xilas etmək üçün davamlı çağırış edirdi: “Varmı köməyə yetişən bir kəs ki, Allaha xatir Rəsulullahın Əhli-beytini müdafiə etsin?!”
Lənətlik Şümr cinayətlərini tamamlamaq üçün yezid qoşununun piyadaları ilə İmamı (ə) dövrəyə alır və hər tərəfdən həmlələr edirlər. Bu zaman bu səhnəyə dözə bilməyən İmam Həsənin (ə) kiçik oğlu Abdullah xeymədən çıxır. Abdullah İmam Həsənin son yadigarıdır. İmam Həsən (ə) balasının cəmi 11 yaşı var. Əmisi ilə Kufəyə yollanıb. Kufə karvanı Aşura karvanına çevrilir. Aşura gününün əsri yaxınlaşdıqca, bu karvan nəyi varsa, Allah yolunda qurban verir. Fədakarlığın bütün zirvəsi buradadır. Bəşəriyyətə fədakarlıq dərsi keçilir burada...
Aşuranın əsri yaxınlaşır. Yezid əmrini yerinə yetirən yezidlər mühasirə halqasını daraldırlar. Əlinin (ə) və Zəhranın (s.ə.) nəvəsi, Həsən (ə) oğlu Abdullah bu səhnəyə dözmür. Görür əmisi Kərbəla meydanında tək qalıb. Abdullah xeymədədir. Hələ həddi-büluğa yetişməyib. Digər uşaqlar və qadınlarla birgə xeymədədir. Amma Abdullah daha xeymədə qala bilmir, Əba Əbdullahın bu vəziyyətinə dözə bilmir. Abdullah birdən atır özünü xeymədən bayıra...
Kiçik vücuduyla difaya qalxan bala
İndi xanım Zeynəbin (s.ə.) halını təsəvvür edək. Bir tərəfdən Əba Əbdillah (ə) meydanda təkdir, qərib və tənha vəziyyətdədir. Lənətlik Şümr o Həzrətə (ə) sonuncu həmləni etmək üçün yezid tör-töküntülərinin başında mühasirə halqasını sıxlaşdırır. Bu tərəfdən də Həsən (ə) yadigarı, hələ həddi-buluğa çatmamış Abdullah meydana getmək istəyir. Zeynəb (ə) kəsir balaca Abdullahın qarşısını. Zeynəb bu gün daha kimləri qurban verməyib?! Zeynəb bilmir kimə baxsın... Düşmən mühasirəsində olan qardaşı Hüseynə (ə) baxsın, yoxsa Həsən (ə) yadigarı Abdullaha. Zeynəb (s.ə.) düşünür Abdullahın qarşısını kəsə bilər. Abdullah isə deyir: “Bibican, mən qala bilmərəm. And olsun Allaha, mən Hüseyni (ə) tənha qoymayacağam!”
Abdullah atır özünü xeymədən bayıra, verir özünü cəng meydanına. Abdullah istəyir öz kiçik vücudu ilə Əba Əbdillahı (ə) müdafiə etsin. Bəli, Abdullah həddi-buluğa çatmayıb. Amma qəlbi, zehni həddi-buluğa çatıb Abdullahın. Bilir iman nədir, qeyrət nədir. Çatır İmam Hüseynə (ə). Bu an yezidlərdən biri İmama (ə) şəmşirlə zərbə endirir. Abdullah öz kiçik mübarək əlini verir qabağa. İti qılınc Rəsulullah (s) övladının əlini kəsir, bədəndən ayırır. O cür vəziyyətə gətirir ki, ancaq dərisilə bədəndən asılır.
İlahi, bu nə müsibət! Bu nə səhnə! Aşura səhnəsi teşnə balalar üçün su gətirən pəhləvan Əbülfəzin iki qolunun kəsilməsilə başlayır, İmamını (ə) müdafiə edən kiçik Abdullahın qolunun kəsilməsilə yekunlaşır. İndi Əba Əbdullahın (ə) halını təsəvvür edək. Bu gün kimləri yola salmayıb, kimləri itirməyib Əba Əbdillah (ə)... İmam Hüseyn (ə) Abdullahı bağrına basır. Qulağına pıçıldayır: “Qardaşoğlu! Səbr et və Allahı çağır, ta O səni saleh atana qovuşdursun”.
Sonra İmam (ə) əllərini duaya qaldırır. İmam (ə) dua halındadır. Bu halda lənətlik Hərmələ Abdullahın mübarək vücuduna ox atır. Abdullah Əba Əbdillahın qucağında şəhid olur....
Bir diqqət edək: Abdullah öz əmisi Əbəlfəzl kimi qolsuz qalır, əmisi oğlu Əliəsğər kimi Hüseynin (ə) qucağında şəhid olur... Nələri görmədi Aşura səhnəsi... Nə qədər fədakarlıq, nə qədər ixlas, nə qədər ibadət, nə qədər dözüm... Və digər tərəfdə nə qədər zülm, nə qədər qəddarlıq, nə qədər rəzillik! Nə kiçiyə, nə böyüyə rəhm edilməyib burada. Bəşər tarixində nə böyük rəzilliyə qol qoyulmuş burada...
İlahi, 1369 il keçir o gündən. Nə qədər kəşf olunmuş, nə qədər ixtiralar edilmiş. Amma iblis nökərləri öz xislətlərindən əl çəkmirlər. Zəmanə yezidləri öz mənfur əməllərindən əl çəkmirlər. Kərbəla müsibətində 5 uşaq şəhid edilmişdi. Amma bu gün zülmü həyata keçirmə vasitələri o qədər artıb ki, artıq Qəzzada 400-dən çox uşaq şəhid edilir...
Lakin bununla yanaşı, Kərbəla ilahi məktəbinin ana qayəsi olan düşünmək azadlığı uğrunda vücudi sərgiləmələr günümüzdə şəxsiyyət və hürriyyət teşnəsi olan bəşər övladlarının aydınlaşması daha da şiddətlənmiş. Allah-təala bəşəriyyəti bu zülmdən xilas etsin, Həzrət Mehdinin (ə.f.) zühurunun təcili ilə dünyanı ədalət və əmin-amanlıqla doldursun! Amin!
İlqar İbrahimoğlu
Kerbela.info