21 Noyabr 2024 - 21
Mənim uşaqlığım və yeniyetməliyim 80-lərin sonu 90-cı illərin əvvəlinə düşdüyü üçün o dövrdə və indi keçirilən Aşura mərasimlərinin fərqini görə bilirəm. Lənkəran üçün bu spesifik mərasim idi. Məhərərm ayı “ağır ay” hesab olunduğundan şəhərdə, kəndlərdə, qəsəbələrdə musiqi səsləri kəsilirdi. Həmin günlərdə toy çaldırmaq isə ümumiyyətlə ağla gələ bilməzdi. Evlərdə televizora baxılmırdı. Bizim evdə bu qaydaya müəyyən qədər riayət olunurdu.Rəhmətlik nənəm Aşuraya qədər televizorun açılmasına qadağa qoymuşdu. Bu, ailədə heç kimdə narazılıq doğurmurdu. Bu İmam Hüseynə hörmət əlaməti olaraq edilirdi. Şəhərin bütün kasset satılan yerlərində mərsiyə yazılmış lent yazıları səslənərdi. İmam Hüseyn təziyəsi ilə bağlı məscidlərdə böyük mərasimlər keçirlirdi. Qadınlar və kişilər ayrı-ayrı yerlərdə otururdular. Orada xüsusi dəstəbaşılar olurdu. Bu dəstəbaşılar insanların təziyə mərasimindəki ritualları yerinə yetirməsinə rəhbərlik edirdilər. Gənclər, orta yaşlılar cərgəyə düzülüb mollaların mərsiyələri altında sinə vururdular. Şəbih elementləri olurdu. Mollalar oturub hədis danışır, insanlar nəzir verirdilər.
Aşuranın ritualından biri də İslamın rəmzlərindən olan beşbarmaq formasında, adı “ələm” deyilən simvolu gəzdirmək idi. Ələmdarın rəhbərliyi ilə cavanlar bir qəsəbədən digər qəsəbəyə və məscidlərə gedir və bununla İmam Hüseyn təziyəsindəki həmrəyliyi ifadə edirdilər. Bu mərasim üçün çox vacib element sayılırdı. Sovet höküməti belə təziyələrin keçirlməsini qadağan etsə də mərasimə mane olmurdu.
“Drujinnik” rəhbərləri vasitəsi ilə evlərdə izahat aparırdılar ki, gecə harasa getməsinlər. Ancaq bu davam edirdi. Məscidlərdə kütləvi ehsan süfrələri açılırdı. İmamların 3-ü, 7-si, 40-ı ehsanlar verilirdi. Hamı oraya getməyi özünə borc bilirdi. Qızlar kosmetikadan istifadə etmirdilər. İndi də o adətlərin bəziləri qalıb.
Xəqani Səfəroğlu - (Jurnalist, tarixçi)