21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Rövzə nədir və rövzəxan kimdir?
25.07.2018

Sual: Rövzə nədir və rövzəxan kimdir?

Cavab: İslam müqəddəslərinin vəfatından bəhs edən, nəsrlə nəzmin qarışığından ibarət olan dini mətnlərə rövzə, bunları avazla oxuyan şəxsə rövzəxan deyilir. Rövzələrin böyük əksəriyyəti Kərbəla faciəsinə həsr olunur, məhərrəmlik mövsümündə və yas məclislərində ifa edilir.

Rövzəxanlıq ənənəsi təqribən 500 il bundan əvvəl yaranmışdır. Rövzə ədəbiyyatının ilk məşhur nümunəsi XV əsrdə yaşamış Hüseyn Kaşifinin qələmə aldığı “Rövzət əl-şühəda” (Şəhidlər bağçası) kitabı sayılır. Həmin kitabdan hissələri avazla camaat üçün oxuyan şəxslərə rövzəxan (rövzə oxuyan) deməyə başladılar. Getdikcə rövzə ədəbiyyatı genişləndi və yüzlərlə rövzə kitabı yazıldı. Hal-hazırda fars, azərbaycan, ərəb dillərində çoxlu rövzə kitabları mövcuddur.

Qeyd edək ki, bəzi rövzələrdə (o cümlədən, “Rövzət əl-şühəda” kitabında) Kərbəla faciəsi barədə həqiqətdən uzaq məlumatlara rast gəlmək olur. Rövzəxanlar bəzən camaatı ağlatmaq məqsədilə hadisəyə daha təsirli görünüş vermək üçün təhriflərə əl atır, əlavə hadisələr və detallar uydururlar.