21 Noyabr 2024 - 21
Bəzən düşünürəm ki, kufəlilərin İmam Hüseyni (ə) tanıması, onu rəhbər, xilaskar olaraq Kufəyə çağırıb sonra qorxudan geri çəkilmələri daha ağır səhnədir, yoxsa Qədir-Xumda Peyğəmbərin canişin olaraq həzrət Əlini (ə) təqdim etdiyi halda Səqifə toplantısına ehtiyac duyub Əlinin haqqının qəsb edilməsi?
Bir az da hadisələrin içinə varsaq, əslində, Kərbəla hadisəsi boyda xəyanətin baş verməsinə yol açan ilk hadisələri də əvvəldə görmək olar. Səqifədən sonra Xanım Fatimənin (ə) həyat yoldaşının tapdalanmış haqqına görə qapı-qapı gəzib ümməti ayıltmaq istəməsi və öz dili ilə desək, "Ənsar mənə kömək etmədi. Mühacirlər də mənə qoşulmaqdan çəkindi. Məni müdafiə edən və himayə edən heç kəs qalmadı" deməsi yenicə dünyasını dəyişmiş İslam peyğəmbərinin ailəsini qarşıda necə böyük xəyanətlər, bəlaların gözlədiyindən xəbər verirdi.
Xəyanət mövzusuna toxunarkən Kufənin məzlum qəribi Müslim ibn Əqili də unutmaq olmaz. Kufəlilərin beyət məktubları İmam Hüseynə (ə) yetişdikdən sonra imam Müslim ibn Əqili səfir kimi Kufəyə göndərir. Orada baş verən olayları uzun uzadı yazmadan Müslim Kufədə olarkən üzləşdiyi xəyanətlər və İbn Ziyad tərəfindən Müslimə evində sığınacaq verən Məzhəc qəbiləsinin başçısı Haninin əhvalatına toxunmaq istəyirəm.
1. Hani Müslimə sığınacaq verdiyinə görə əvvəl İbn Ziyad tərəfindən döyülərək başı yarılır və sonra həbs olunur. Həbsdə olduğu zaman Məzhəc qəbiləsinin 4 minə qədər gənc üzvü İbn Ziyadın sarayının qarşısına toplanır və Hani azad olunmazsa, qiyam edəcəkləri barədə xəbərdarlıq edirlər. İbn Ziyad Şüreyh Qazini yanına çağırtdırır. Deyir get Hanini gör salamatdı, ya yox və sonra çıx qiyamçılara de ki, hər şey qaydasındadır. Sadəcə kiçik bir məsələ var və Hani bir müddət İbn Ziyadın sarayında qonaq olacaq. Şüreyh gəlir görür ki, Haninin başı yarılıb, bütün bədəni qan içindədir. Hani çətinliklə Şüreyhə deyir: "Mən qəbiləmin səsini eşidirəm, çıx onlara de ki, İbn Ziyad məni öldürmək istəyir, məni təhvil almayınca heç yerə getməsinlər".
Amma İbn Ziyadın nümayəndəsi Şüreyhin yanında olduğundan o, Məzhəc qəbiləsinə belə deyir: "Səs salmayın. Mən Hanini gördüm, o sağdır. Onunla əmir arasında mübahisələri var və özləri həll edərlər." Şüreyhin sözündən sonra qəbilə dağılıb getdi. Amma Haninin vurulması Müslimə çatdıqda o, şiələrə qiyam göstərişi verdi.
Qeyd: Şüreyh Qazi 100 ildən çox ömür sürüb, 60 ilə yaxın qazilik vəzifəsində çalışıb. Onu bu vəzifəyə Ömər ibn Xəttab təyin edib.
2. Kufəlilər İmam Hüseynlə (ə) birlikdə Yezid və onun tərəfdarlarına qarşı çıxmaq üçün olan səslərini, yəni beyətlərini Müslim ibn Əqilə təqdim etməli idilər ki, o da öz növbəsində onların mövqeyini imama çatdırsın. Müslim ibn Əqil Kufəyə gəldiyi ilk vaxtlar 18 minə qədər səs toplamışdı. Amma Əhli-Beytin (ə) qəddar düşməni İbn Ziyadın Kufəyə gəlməsindən sonra onun həyata keçirdiyi hiylə tədbirləri nəticəsində Müslim tək qalmışdı. Bir tərəfdə beyət edib sonra sürətlə azalan kufəlilərin dərdi, digər tərəfdə isə artıq imam və ailəsinin yolda olması. İş o yerə çatmışdı ki, Müslim namaz üçün Kufə məscidinə gedərkən arxasında 30 nəfər adam qalmışdı. Bəziləri namazda, bəziləri namazdan dərhal sonra yoxa çıxdılar. Məsciddən çıxıb bir qədər getdikdən sonra isə Müslim arxaya baxdı və tamamilə tək qaldığını gördü, beyət etmiş 18 min nəfərdən bir nəfər də qalmamışdı.
Kufəlilərin və Şüreyh Qazinin etdikləri 3-5 il əlavə yaşamaq üçün Allaha, dinə və nəticədə özlərinə xəyanət edənlərin ibrətlik hekayəsidir.
Kerbela.info