03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Uşaqları Aşura dəyərləri ilə tərbiyələndirmək
12.09.2018

Günümüzdə ən çətin işlərdən biri də uşaqların tərbiyəsində möhkəm dayanmaq və onların yanlış yollara düşməsinin qarşısını alıb, İlahi dəyərlərlə böyütməkdir. Bu, həm də valideyn olan hər kəsin övladı üzərindəki haqqıdır. Uşaqlar saflıq, paklıq nümunəsidir. Uşaqlar gələcəyin təminatıdır. Çalışıb bu paklıqlarını qorumaq üçün biz valideynlər əlimizdən gələni etməliyik. Elə ana bətnindən ilkin təlim tərbiyə işlərinə başlamaq lazımdır. Xüsusi diqqət ayrılmalıdı ki, onlar xarab mühitdə böyütməsin. Heç bir içki içən ata belə öz 5-6 yaşlı uşağına içki təklifi etməz, görsə cəzalandırar. Niyə? Çünki özü hansı mühitdə olur olsun, övladını yaxşı görmək istəyir. Bunlar təbii hisslərdir və anlaşılandır.

Övladının xeyirli, cəmiyyətə yararlı olmasından ötrü ali təhsilli olmasını arzulayan və vəzifə bilən valideyn eyni zamanda övladına mənəvi dəyərlərə möhkəm sarılmağı da aşılamalıdır. Çünki ali təhsillə iş bitmir, çox savadlı yazarlar, psixoloqlar, siyasətçilər olub ki, mənəvi söykənəcəyi olmadığından xırda sıxıntılara dözə bilməyib, inthar edib. Ötən illərdə bu ölkəmizdə də bu halların şahidi olduq. Həmçinin dünya səviyyəli çox savadlı insanlar var ki, mənəviyyatı olmadığından terrorizmə və kütləvi insan qırğınlarına dəstək olur və ya ən azı sıradan iş kimi göz yumurlar.

Dəyərlərə gəldikdə elə seçimlər etməliyik ki, dövlət, vətən anlayışlarına önəm versin, şəhid Mübarizlər yetişdirsin. Bizlər işğal altında olan torpaqlarımızı şəhid Mübarizin ideologiyası ilə azad edə bilərik. İcazə verək övladlarımız İmam Hüseynin (ə) körpə övladı, Kərbəlanın ən kiçik şəhidi Əli Əsğəri tanısın, sevsin. Hər il "halloween" partiləri təşkil etməklə biz heç yerə gedib çıxa bilmərik. Belə bir yaxşı deyim var. Keçmişini unudan nadan olar. Bizim keçmişimiz daha zəngindir, nənə-babalarımızın xəmiri "halloween"lərlə yoğrulmayıb. Biz tarixi və mənəvi kökləri daha möhkəm olan uzun bir yol keçib bu günlərə gəlmişik. Övladlarımıza miras qoya biləcək dəyərlərimiz var.

Ailəmizi, yaxınlarımızı xüsusən övladlarımızı Aşura dəyərlərindən ayrı saxlamayaq, övladlarımızı bu dəyərlərdən məhrum etməyək. Əvvəldə dediyimiz kimi uşaqlar gələcəyin təməlidir, lakin mənəviyyatla paralel inkişaf edən gələcəyin. Əks halda o gələcəyin gəlib-gəlməyəcəyi və necə gələcəyi sual altındadır.

Kerbela.info