22 Noyabr 2024 - 22
Həzrət Əli Əkbər (ə) İmam Hüseynin (ə) himayəsində böyümüş və Əhli-beyt məktəbinin layiqli davamçılardan olmuşdur. O, atası ilə birgə Kərbəlaya yollanmış, İslam uğrunda canından keçmişdir. Onun şəhid olmazdan əvvəl atasından son istəyi bu olmuşdur: "Ata mən şəhid olanda ağlama, çünki istəmirəm düşmənlər sənin göz yaşlarını görsünlər".
İslamın dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan kəslərdən biri də Həzrət Əli Əkbərdir (ə). Əli Əkbər (ə) İmam Hüseynin (ə) övladlarındandır. İmam Hüseynin (ə) hər üç oğlunun adı Əli idi. Ərəblərdə belə bir qayda var ki, bir neçə övladın adı eyni olarkən onları böyük, orta və kiçik sözləri artırmaqla fərqləndirirlər. Həmçinin qız uşaqlarında da belə bir qayda vardır. Əkbər (böyük), Əvsət (orta), Əsğər (kiçik) oğlan uşaqları üçün və Kübra (böyük), Vusta (orta), Suğra (kiçik) də, qız uşaqlarının adlarında işlədilən sözlərdir. (Misal üçün:Əli Əkbər, Əli Əvsət, Əli Əsğər, yaxud Fatimeyi-Kübra, Fatimeyi-Vusta və Fatimeyi-Suğra)
Əli Əkbər (ə) İmam Hüseynin böyük oğlu olduğu üçün ona Əli Əkbər yəni böyük Əli deyilir. İkinci oğlu Əli Əvsət İmam Zeynul-Abidindir (ə). Üçüncü oğlu isə Əli Əsğərdir ki, 6 aylıq idi və Kərbəlada şəhid oldu.
Tarixçilər arasında Əli Əkbərin (ə) anadan olmasının tarixi barəsində böyük ixtilaf mövcuddur. Bütün tarixçilər əsasən o həzrətin Kərbəlada başına gələn hadisələri nəql etdiklərinə görə, onun təvəllüdünə və bioqrafiyasına diqqət yetirməyiblər. Belə ki, tarixçilərin bəzisi onun yaşının 19, digərləri 20 və bəziləri də 38 olduğunu yazmışlar. Amma tarixi araşdırmalardan bu nəticə əldə olunur ki, o həzrət şaban ayının 11-də dünyaya gəlmişdir. Əllamə Əbdürrəzzaq Musəvi Muqərrəm "Ənisuş-şiə" və "Hədaiqul-vərdiyyə" adlı kitablardan nəql etdiyinə əsasən yazır: "Həzrət Əli Əkbər (ə) şaban ayının 11-i, üçüncü xəlifənin vəfatından iki il qabaq anadan olmuşdur. Üçüncü xəlifə isə hicrətin 31-ci ilində vəfat etdi". Sonra yazır: "Böyük alimlərdən olan mərhum İbni İdris Hilli "Sərair" kitabının ziyarət bölməsində belə yazır: "Əli Əkbər (ə) Xəlifə Osmanın xilafəti dövründə dünyaya gəlmişdir. Əli Əkbərin (ə) nəsəbi ata tərəfindən hamıya məlumdur və izah etməyə ehtiyac yoxdur. Böyük babası peyğəmbr (s), babası Həzrət Əli, atası isə İmam Hüseyndir (ə). Böyün nənəsi Həzrət Xədicə, nənəsi Həzrət Fatimə (s), anası isə Əbi Mərvə ibn Urvə ibn Məsud Səqəfinin qızı Leyladır. Anasının anası isə Əbu Süfyan binti Səxr ibn Hərb ibn Uməyyənin qızı Meymunədir ki, əsil-nəcabətli bir xanımdır. Anasının babası Ürvə ibn Məsuddur ki, Qüreyşin böyük şəxsiyyətlərindən sayılır. Qüreyş tayfası onu özləri tərəfindən xüsusi numayəndə olararaq Hüdeybiyyə sülhünün müqaviləsini imazalamaqdan ötrü peyğəmbərin yanına göndərdirlər.
Ürvə hicrətin 9-cu ilində müsəlman oldu və öz qövmünü islam dininə dəvət etmək üçün yaşadığı məntəqəyə yollandı. Lakin öz tayfası onu azan verdiyi halda şəhid etdilər. Peyğəmbər onun şəhadətindən xəbər tutan kimi buyurdu: "Öz qövmündə onun kimisi yox idi. O, "yasin" sahibi kimi idi". Yəni o da "yasin sahibi" olan peyğəmbər kimi öz qövmünü tövhidə dəvət edirdi.
Ürvə ibn Məsud Əli Əkbərin ana tərəfdən olan babasıdır ki, ən böyük şəxsiyyətlərdən hesab edilir. Hətta Məkkədə elə bir məqama gəlib çatmışdı ki peyğəmbər peyğəmbərliyə çatmamışdan əvvəl Qüreyş tayfası deyirdi ki, əgər Məkkədə peyğəmbər məbus olacaqsa, onun biri Ürvə ibn Məsud Səqəfidir.
Əli Əkbərin anasının Kərbəlada olması barədə tarixçilərin çoxu açıq bir şey yazmayıblar. Ona görə də bu məsələ ixtilaflı hesab olunur. Əli Əkbər (ə) ailəsi, Əli Əkbərin (ə) evlilik məsələsi də tarixdə ixtilaflı məsələlərdən biridir. Yəni tarixçilər bu barədə də geniş yazmayıblar. Amma İmam Sadiqdən (ə) o həzrət üçün nəql olunan ziyarətnamədə Əli Əkbərin (ə) evli olması, hətta övladlarının olması aydın şəkildə qeyd olunmuşdur. İbn Qəvləveyh "Kamiluz-ziyarat" kitabında İmam Sadiqdən (ə) Əli Əkbərin ziyarətnaməsinin bir hissəsində belə nəql edir: "Allahın salavatı olsun sənə və sənin digərlərindən seçilmiş, bütün pisiklərdən uzaq olan analarına, əhli-beytinə, atalarına və övladlarına..." İmam Sadiqdən nəql olunan ziyarətnaməyə əsasən demək olar ki, Əli Əkbərin (ə) övladı olub.
Əli Əkbərin şəxsiyyəti
1) Əli Əkbər (ə) Peyğəmbərə (s) ən çox oxşayan kəs olub. Əli Əkbər (ə) hər cəhətdən peyğəmbərə oxşayırdı. Bu oxşarlıq bir həddə çatmışdı ki, Kərbəlada meydana gedəndə qoşun elə hesab etdi ki, peyğəmbər (s) özü meydana gəlir.
2) Əli Əkbər şəhadət məqamını arzu edirdi. İmam Hüseynin (ə) karvanı Məkkədən İraqa yollandığı vaxt yolda İmam Hüseyn (ə) yuxuda qeybdən gələn bir səs eşidir: "Bunlar şəhadətə tərəf yola düşüblər". İmam Hüseyn (ə) yuxudan ayıldıqdan sonra "İnna lillahi və inna iləyhi raciun" zikrini deyir. Əli Əkbər (ə) bunun səbəbini soruşduqda İmam yuxusunu danışır. Əli Əkbər (ə) soruşur: "Məgər, haqq bizimlə deyilmi?" İmam buyurur: "Bizimlədir". Əli Əkbər (ə) buyurur: "Əgər belədirsə, əsla ölümdən qorxumuz yoxdur".
3) Əli Əkbər (ə) öz qanı ilə İslamı dirçəltdi. Kərbəla qurbanlarının içində Əli Əkbərin də adı qeyd olunmuşdur. O da öz qanı və bütün varlığı ilə İslamın dirçəlişi üçün qılınc çəkmiş və bütün müsəlmanların imamı olan İmam Hüseyni (ə) müdafiə etmiş, nəhayət imamın qarşısında şəhid olmuşdur. İmam Hüseynin (ə) vəfalı və qeyrətli səhabələrindən sayılan Əli Əkbər (ə) Kərbəlada qanını axıtmaqla İslamın dirçəlişində mühüm rol oynadı.
4) Dünya Əli Əkbərdən sonra ən dəyərsiz bir şey olur. İmam Hüseyn (ə) Kərbəlada bütün şəhidlərin başı üstə gəlir və onlarla son məqamda vidalaşırdı. Beləcə məqam yetişəndə Əli Əkbərin (ə) də başı üstə hazır olur, burada İmam bir söz deyir ki, heç bir şəhidin başı üstə gələrkən bu sözü deməmişdir. İmam buyurur: "Səndən sonra kül olsun bu dünyanın başına!" Bu söz Əli Əkbərin (ə) İmam Hüseyn (ə) üçün nə qədər mühüm və dəyərli olduğunu göstərir.
5) Kərbəlada Əhli-beytin himayəsində. Kərbəlada İmam Hüseynin (ə) qardaşı Həzrət Əbəlfəzl-Abbas (ə) və oğlu Həzrət Əli Əkbər (ə) Əhli-beytin qayğısına qalırlar və suyun qarşısının alınmasına baxmayaraq, lazım gələndə böyük şücaətlə gedib qadın və uşaqlar üçün su gətirirdilər.
Döyüş meydanında ona vuruşmaqla qələbə çala bilməyəcəyini görən qoşun pusqu qurub Əli Əkbəri yaralayırlar və daha sonra şəhid edirlər. İmam Zeynəlabidin (ə) şəhid nəşlərini dəfn edərkən Əli Əkbərin (ə) cənazəsini İmam Hüseynin (ə) ayaq tərəfində dəfn edir. Hal-hazırda Əli Əkbərin (ə) mübarək qəbri Kərbəla şəhərində yerləşir.
Nəql olunur ki, bir gün Əli Əkbər (ə) Mədinə valisini yanına gedib atası tərəfindən ona bir söz çatdırır. Mədinə valisi Əli Əkbərdən (ə) soruşur: "Sənin adın nədir?" Buyurur: "Əli". "Bəs Qardaşının adı nədir? - Əli". O şəxs əsəbləşir və bir neçə dəfə "Əli, Əli, Əli" deyə təkrar edir: "Atan nə istəyir bütün övladlarını Əli adlandırmaqla?" Əli Əkbər (ə) bu sözü atasına çatdırır. Həzrət buyurur: "Vallah! Allah mənə onlarla övlad versə, hamısını Əli adlandırardım. Əgər onlarla qız versə, hamısını Fatimə adlandırardım".
Əli Əkbər (ə) haqqında deyirlər ki, o, xoş görünüşlü, gözəl, xoş danışığa sahib bir gənc idi. Yaradılış, xasiyyət və görünüş baxımından insanlar içində İslam Peyğəmbərinə (s) ən çox bənzəyən şəxs idi. Şücaət və cəngavərliyi, babası Əli ibn Əbu Talibdən irs aparmışdı. Bütün kamil xüsusiyyətlər onun vücudunda toplanmışdı. Şeyx Cəfər Şüştəri "Xəsaisül-Hüseyniyyə" kitabında yazır: "İmam Hüseyn (ə) Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: "Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!"
/sibtayn/