03 Dekabr 2024 - 3
Aşura hadisəsinin paklıq və mərdlik nümunələrindən biri də Əli Əkbər (ə) idi. Həzrət Əli Əkbər İmam ailəsində dünyaya gəlmişdi. Atası İmam Hüseyn (ə), anası Cəlil qəbiləsindən olan Leyla xanım idi.
Həzrət Əli Əkbər (ə) gözəllik və şücaətdə, əxlaq və rəftarda, xarici görünüş və qamətdə, həmçinin danışıq tərzində əziz İslam Peyğəmbərini (s) xatırladırdı. İmam Hüseyn (ə) onun ruhi kamilliyini, görkəmini və simasını vəsf edərkən buyurur: “Əli Əkbər zahiri görkəmdə, əxlaqda, rəftarda, hərəkətlərində və danışığında Peyğəmbərə (s) oxşayırdı. Ailəmizin hər hansı bir üzvü Peyğəmbərin (s) simasını görməyi arzu etdikdə, onun gözəl simasına tamaşa edərdi. Yəni o, həm görünüşündə, həm də xasiyyətində Peyğəmbəri (s) xatırladan bir aynaya bənzəyirdi.”
Əli Əkbər (ə) Kərbala faciəsində Bəni-Haşim tayfasından ilk şəhid olan şəxsdir. Aşura günü İmam Hüseynin (ə) bütün səhabələri şəhadətə yetdikdən sonra, növbə o həzrətin nəslindən olanlara çatdıqda, hamıdan əvvəl meydana qədəm qoyan, İslam və Quran yolunda oxların, nizələrin və qılıncların önünə sinəsini gərən ilk şəxs İmam Hüseynin (ə) böyük övladı həzrət Əli Əkbər (ə) oldu.
Yuxarıda qısa izah verdiyim şəxs həm şücaəti, ictimai rəftarı ilə gənlərimizə nümunə ola biləcək şəxsdir. Dini, bədii ədəbiyyat və moizələrdə onun peyğəmbərə bənzəməsi daha çox dilə gətirilsə də, biz gənclərin ondan öyrənəcəyimiz, həyatımıza tətbiq edə biləcəyimiz çox məqamlar var. Təbii ki, burada peyğəmbərin əxlaqına bənzəməsinin nə demək olduğuna diqqət etməliyik. Quranda İslam peyğəmbəri həzrət Rəsulullah barədə buyurulur: "Həqiqətən, sən böyük əxlaq sahibisən". Buradan Əli Əkbərin də necə böyük bir məqama malik olmasını anlamaq olar.
Bir də hazırki cəmiyyətimizdə ata-oğul münasibətlərini hansı yolla mükəmməl formaya çatdıra bilməyimiz üçün nümunə kimi aşağıdakı əhvalatı yada salmaq olar.
Kərbəlaya gedəndə İmam Hüseyni (ə) qısa yuxu aparır. Oyanan zaman buyurur: "İnnə lillah və innə iləyhi raciun. Vəl-həmdulillahi Rəbbil-aləmin". Bu zaman Əli Əkbər atın üstündə idi və bu zikri eşidəndə atasına yaxınlaşıb, deyir: "Atacan, canım sənə fəda olsun. Allaha niyə həmd etdin?" İmam (ə) buyurdu: "Başımı atın yüyəninə qoymuşdum ki, məni yuxu apardı. Röyada atlıları gördüm ki, deyirdilər: "Bu qrup seyr edir, ölüm də onların ardınca düşüb". Başa düşdüm ki, bu səfərdə şəhid olacağıq". Əli Əkbər (ə) soruşur: "Atacan, məgər biz haqlı deyilikmi?" Buyurdu: "Niyə, oğlum. Hamının qayıtma yeri olan o Varlığa and olsun ki, biz haqlıyıq". Əli Əkbər (ə) deyir: "Elə isə, haqq yolunda ölməkdən daha gözəl nə ola bilər?" Hüseyn ibn Əli (ə) buyurdu: "Allah sənə ataya xatir övladına verdiyi ən yaxşı mükafatı versin".
Kerbela.info