03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

15.09.2018

Həbib ibn Məzahir 75 yaşında ikən Aşura hərəkatında iştirakı və vilayət xəttini müdafiə edərək şəhadətə yetməsi ilə mənəvi həyatının çiçəkli səhnələrinə imza atdı.

Həbib ibn Məzahir Bəni-Əsəd qəbiləsindən və peyğəmbərin səhabələrindəndir. Peyğəmbərin (s) besətindən (peyğəmbərliyə seçilməsindən) bir il öncə dünyaya göz açmışdı. Uşaqlıq çağları peyğəmbərin Məkkədə camaatı tövhid və Allahpərəstliyə dəvət etdiyi dönəmlərə təsadüf edir. Elə gənc ikən peyğəmbəri yaxından görmək feyzinə çatmış, dini maarif və İslam təlimlərinin zülal çeşməsi ilə tanış olmuşdur. O, altı məsumun – Həzrət Peyğəmbərin (s), İmam Əlinin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə), İmam Səccadın (ə) və İmam Baqirin (ə) (İmam Baqir (ə) üç yaşında ikən Kərbəlada iştirak edib - red.) görüşünə nail olmuşdur.
İslam peyğəmbəri vəfat etdikdən sonra Həbib ibn Məzahir İmam Əliyə (ə) beyət etdi və vilayət xəttində qərar tutdu. Çünki dəfələrlə İslam peyğəmbərindən eşitmişdi ki, “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Elm istəyən kəs o qapıdan daxil olmalıdır.” Odur ki, Həbib İmam Əlinin (ə) hüzurundan bəhrələnməyi qənimət bildi və o həzrətin vəfalı dostları və xüsusi şagirdlərinin sırasına qoşuldu.

Həbib Kufədə şücaətli bir insan kimi tanındığı halda, həm də gözəl əxlaq, təqva, səxavət və sədaqət sahibi idi. Onun fiqh, təfsir, qiraət, hədis, ədəbiyyat, münazirə və digər sahələrdəki bilikləri hər zaman başqalarını heyran qoyurdu. İmam Əli (ə) şəhadətə yetişəndə, Həbibin təqribən əlli dörd yaşı var idi.
Həbib ibn Məzahir İmam Əlinin (ə) bütün döyüşlərində fəal iştirak etmişdi. O zaman İmam Əlinin (ə) dostları sırasında Kufənin şücaətli və güclü insanlarından sayılırdı.

İmam Həsənin (ə) şəhadətindən sonra Kufə şiələri İmam Hüseynə (ə) məktub yazıb, o həzrəti Müaviyəyə qarşı qiyama dəvət etdilər. İlk məktub Kufənin dörd böyük şəxsiyyətinin vasitəsilə yazıldı, Abdullah ibn Müsmə Həmdani və Abdullah ibn Valın vasitəsilə Məkkəyə, İmam Hüseynə (ə) çatdırıldı. Həmin məktubu tənzimləyən və imzalayan dörd nəfərdən biri də Həbib ibn Məzahir idi.

O, Müslim ibn Övsəcə ilə birgə Kufədə camaatın İmam Hüseynin (ə) səfiri Müslim ibn Əqilə beyət etməsi üçün gizli fəaliyyətə başladı və bu yolda əlindən gələni əsirgəmədi. Kufənin yeni hakimi İbn Ziyad şəhərə gəldiyi zaman vəziyyət olduqca çətinləşdi. Vəziyyət çətinləşdikdən sonra camaat Müslim ibn Əqilin ətrafından dağılmağa başladı. Bu vaxt Həbib ibn Məzahirlə Müslüm ibn Övsəcənin də tayfası onları İbn Ziyadın qəzəbindən qorumaq üçün gizlədi. Çünki İbn Ziyad bu hərəkatın fəallarını axtarıb tapır, ya zindana salır, ya da edam etdirirdi.

Həbib ibn Məzahir və Müslüm ibn Övsəcə İmam Hüseynin (ə) karvanının Kufəyə yaxınlaşdığını eşitdikdə, qərara gəldilər ki, özlərini nə yolla olur olsun, o həzrətə çatdırsınlar. Onlar gecələri yol gedir, gündüzləri isə dincəlirdilər ki, İbn Ziyadın məmurlarına əsir düşməsinlər. Nəhayət, Məhərrəm ayının 7-ci günü Kərbəlada İmam Hüseynin (ə) karvanına qoşuldular.

Onun şəhadət üçün ürəyi döyünürdü. Aşura gecəsi öz Məbudu ilə münacat, raz-niyaz edir, Aşura gününün çatacağını səbirsizliklə gözləyirdi ki, canını öz mövlasının rikabında fəda etsin. Nəhayət, fədakarlıq növbəsi ona çatdıqda, gənc ruhiyyəli o yaşlı mübariz döyüş meydanına yola düşdü. Həbib düşmənlə döyüşərkən belə bir rəcəz oxuyurdu:
“Mən Həbibəm, Məzahirin oğlu! Döyüş odu qalandıqda, meydanın qəhrəmanıyam. Sizin sayınız çox olsa da, sizdən vəfalı və səbirli, dəlil-sübutumuz möhkəm, haqqımız aşkardır, sizdən təqvalı və möhkəmik!”

Həbib yaşlı olsa da, qəhrəmancasına döyüşdü və yetmiş beş yaşında ikən şəhadətə çatdı.


Kerbela.info