22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Həzrət Qasim - Şəhadət eşqiylə yanan yeniyetmə
13.04.2019

Tarixçilər Həzrət Qasim ibn Həsənin (ə) hicri 46-cı və ya 47-ci ildə, atasının şəhadətindən 3 il əvvəl dünyaya gəldiyini yazırlar. Beləliklə, Aşura günündə onun 13 və ya 14 yaşının olduğu təxmin edilir. İmam Həsənin (ə) ən kiçik oğlu olan Həzrət Qasimin anasının adı Rəmlə və ya Nüfeylədir. Bu qadın İmam Həsənin kənizlərindən idi. Ərəblər öz ağasına ərə gedib, ondan oğul dünyaya gətirən qadına “ümmi-vələd” deyirlər. Rəmlə (Nüfeylə) də ümmi-vələd qəbilindən idi. Atası İmam Həsənin (ə) şəhadətindən sonra Qasimi əmisi İmam Hüseyn (ə) öz himayəsinə götürür. Əmirləri - İmam Hüseyn (ə) və Həzrət Əbəlfəz Abbas Qasimi uşaqlıqdan tərbiyələndirərək yeniyetmə çağında artıq cəsarət və şücaətli döyüşçü kimi formalaşdırırlar. Həzrət Əbəlfəzl Abbas Qasimə qılınc oynatmaq üzrə xüsusi təlimlər keçmişdi.

Hicrətin 60-cı ilinin rəcəb ayında İmam Hüseyn (ə) Mədinəni tərk edərkən Qasimin anası Ümmi-Fərvə onu və oğlunu da özü ilə aparmasını İmamdan xahiş edir. İmam Hüseyn (ə) razılaşır. Möminlər əmirinin (ə) nəvəsi, İmam Həsən Müctəbanın 13 yaşlı oğlu Qasim olduqca rəşadətli, cəsur və xarici görkəmində çox yaraşıqlı idi.

Həzrət Qasim böyük şücaət sahibi idi. Aşuraya keçən gecə İmam Hüseyn (ə) öz tərəfdarlarını toplayıb, onlarla vidalaşdı, sabah özünün və Onunla birlikdə qalan şəxslərin şəhid olacağını bildirdi, hər kəsin düşərgəni tərk edib getməsinə icazə verdi. Bu zaman Qasim əmisindən soruşdu: “Mən də öldürülənlərin arasında olacağammı?” İmam Hüseyn (ə) Qasimin sualına sualla cavab verdi: “Ölüm sənin üçün nə deməkdir?” Qasim buyurdu: “Baldan daha şirindir”. Bu sual-cavab Qasimin Əhli-beyt xanədanına layiq bir övlad olduğunu bariz şəkildə göstərir. Qasimin öz əmisinə verdiyi sual qorxu üzündən deyildi; əgər belə olsaydı, ölümü baldan şirin qəbul etməzdi. O, narahat idi ki, şəhidlik səadəti yaşının azlığına görə ona şamil olmaz. Bu səadətdən mərum qalmadığını yəqinləşdirmək üçün İmama bu sualı vermişdi.

Mənbələrin yazdığına görə, İmam Həsən (ə) şəhadətə qovuşmazdan əvvəl bir məktub yazaraq xanımı Ümmi-Fərvəyə verir və nə vaxtsa Qasimin çətin vəziyyətdə olduğunu gördükdə ona verməyi tapşırır.

Nəhayət illər sonra Ümmi-Fərvə bu məktubu Kərbəlada Aşura günündə Qasimə verir. Belə ki, Qasim iki dəfə əmisi İmam Hüseynə yaxınlaşaraq döyüş üçün icazə istəyir. Lakin İmam Hüseyn (ə) yaşının azlığı və anasının tək övladı olmasını bildirərək ona döyüş icazəsi vermir. Bu zaman Qasimin çox kədərləndiyini görən Ümmi-Fərvə məktubu oğluna uzadır. Məktubda aşağıdakı sözlər yazılmışdı: "Oğlum, Qasim! Bir gün gələcək qardaşım Hüseyn ominlərlə düşmən ordusu ilə üzləşəcək. Bu elə bir gün olacaq ki, həmin gün İslamı fədakarlıq və qurban verməklə xilas etmək lazım gələcək. Sən həmin gün məni təmsil edəcəksən".

Məktubu oxuyan Qasim gülümsəyir və İmam Hüseynə tərəf tələsərək məktubu ona verir. Məktubu görən İmam Hüseyn (ə) Qasimə döyüş icazəsi verir və belə buyurur: "Qardaşımın balası, Qasim, atanın səndən etməyini istədiyi bir işə mane ola bilmərəm. Bismillah, get, Allah səninlə olsun!"

Yezid qoşununda olanlar rəvayət edirdilər ki, döyüş meydanına həddi-büluğa çatmamış, üzü bədrlənmiş Ay kimi yaraşıqlı olan bir yeniyetmə çıxdı. Bədəninin ölçüsünə uyğun gələn zireh olmadığı üçün, döyüşə adi libasda, zirehsiz çıxmışdı. Hətta ayaqqabısının bir tayının bağı qırılmışdı. Bu yeniyetmə İmam Həsənin (ə) yadigarı Qasim idi. Qasim döyüş meydanına düşməni lərzəyə salan rəcəzlə (döyüş şeri) girdi. Deyirlər ki, yaşının azlığına baxmayaraq, əsil igidlərə yaraşan şücaətlə vuruşmuş və xeyli adamı cəhənnəmə vasil etmişdi. Sonda arxadan vurulan bir xain zərbənin nəticəsində yerə yıxıldı. Onlardan biri xəncərini sıyırıb yaxına gəldi ki, Qasimin başını kəssin. Taqəti üzülmüş Qasim əmisini harayladı. İmam Hüseyn (ə) özünü meydana yetirəndə düşmən əsgərləri pərən-pərən oldular. Qasimin başını kəsmək istəyən cəllad İmamla savaşmağa cəhd göstərəndə, o həzrət bir zərbə ilə qolunu biləkdən üzdü. Həmin məlun öz tərəfdarlarının atlarının tapdağı altında qalıb cəhənnəmə vasil oldu.

İmam Hüseyn (ə) Qasimi bağrına basanda o, hələ sağ idi. Deyirlər ki, ağrının şiddətindən ayaqlarını yerə vururdu. Nəhayət, əmisinin qolları arasında ruhunu Allaha təslim etdi. İmam Hüseyn (ə) Qasimin cənazəsini çiyninə alıb xeymələrə sarı gətirdi, Əli Əkbərin nəşinin yanında yerə qoydu.

Kerbela.info