23 Noyabr 2024 - 23
Aşura günü olduqca mühüm, eyni zamanda ürəkağrıdan elə olaylar baş vermişdir ki, bir çox təhlilçilər tərəfindən yetərincə diqqət yetirilməyib. Belə acı hadisələrdən övladlarının öldürülməsinə şahid olan anaların, Kərbəlada qətlə yetirilmiş azyaşlıların, İmam Hüseynin (ə) şəhadətə yetirilmiş qardaşı uşaqlarının əhavalatları kimi bir çoxu bu məqalədə statistika və rəqəmlərlə izah olunacaq. Ümid edirəm ki, Allah-Taala bizi də İmamın zəvvarlarından hesab edər və bütün oxucuların diqqətini bu məqaləyə yönəldər.
* İmam Hüseynin (ə) Yezidə beyətdən imtina etdiyi gündən Aşura gününədək 175 gün keçmişdi: 12 gün Mədinədə, 4 ay 10 gün Məkkədə, 23 gün Məkkə ilə Kərbəla arasında və 8 gün Kərbəla çölündə (məhərrəmin 2-dən 10-a qədər)
* İmamın (ə) Kərbəlaya doğru hərəkət etdiyi Məkkə ilə Kufə arasındakı məntəqələrin sayı 18, hər məntəqə arasındakı məsafə 3-5 fərsəx idi.
* Kufə ilə Şam diyarı arasındakı məntəqələrin sayı 14 idi, hansı ki, İmam Hüseynin (ə) ailəsi əsirlik zamanı bu məntəqələri keçmişdilər.
* İmam Hüseyn (ə) Məkkədə olarkən kufəlilərin ona göndərdikləri dəvət məktublarının sayı 12 min idi. (Şeyx Müfidin araşdırmasına əsasən)
* Kufədə Müslim ibn Əqilə beyət edənlərin sayı 18 min, 25 min və ya 40 min nəfər olub.
* Şəhid olmuş Əbu Talib övladlarından adları tarixdə qeyd olunanların sayı 17 nəfər olub, 13 nəfərin isə adı məlum deyil. Bəni-Haşim soyundan şəhid olmuş uşaqların sayı isə 3-dür. Ümumilikdə 33 nəfər olur.
Bunlar aşağıdakılardır: İmam Hüseyn (ə) özü 1 nəfər, İmam Hüseynin (ə) övladları 3 nəfər, İmam Əli (ə) ailəsindən 9 nəfər, İmam Həsən (ə) ailəsindən 4 nəfər, Əqilin övladlarından 4 nəfər, Cəfərin övladlarından 4 nəfər. İmam Hüseyn (ə) və Bəni-Haşimdən savayı adları müqəddəs Nahiyə ziyarətgahında və digər mənbələrdə qeyd edilən şəhidlərin sayı 82 nəfər olub, adları sonradan mənbələrə daxil olanların sayı isə 29 nəfərdir.
* Şəhid olmuş İmam Hüseyn (ə) səhabələrinin ümumi sayı 138 nəfərdir.
* 78 şəhidin başı qəbilələr arasında bölünərək qruplar halında Kərbəladan Kufəyə gətirilmişdir.
Bu qruplar aşağıdakılardan ibarətdir: Bəni-Kində qəbiləsinin başçısı Qeys ibn Əşəs - 13 baş, Həvazin qəbiləsinin başçısı Şimr - 12 baş, Bəni-Təmim qəbiləsi - 17 baş, Bəni-Əsəd qəbiləsi - 16 baş, Məzhəc qəbiləsi 6 baş, digər müxtəlif qəbilələrdə isə ümumi 13 baş.
* Həzrət Seyyidüş-şühəda (ə) şəhid olarkən 57 yaşı var idi. Şəhadətə yetişdikdən sonra bədənində ox yaralarından əlavə 33 nizə yarası, 34 qılınc yarası aşkar edilmişdi.
* İmam Hüseynə (ə) qarşı vuruşmaq üçün gəlmiş Kufə qoşunlarının ümumi sayı 33 min nəfər idi. İlk cəhddə toplanmış bu qoşunların sayı 22 min nəfərə çatmışdı və aşağıdakı dəstələrdən ibarət idi:
Ömər ibn Səd 6 min nəfərlə, Sinan 4 min nəfərlə, Urvə ibn Qeys 4 min nəfərlə, Şimr 4 min nəfərlə, Şəbəs ibn Rəbi 4 min nəfərlə gəlmişdilər. Sonradan onlara qoşulanlar isə bunlardır: 2 min nəfərlə Yezid ibn Rikab Kəlbi, 4 min nəfərlə Həsin ibn Nimr, 3 min nəfərlə Mazini, 2 min nəfərlə Nəsr Mazini.
* İmam Hüseynin (ə) bədəni üzərində at çapanların sayı 10 nəfər olub
* İmamın mərsiyə oxuması. Aşura günündə İmam Hüseyn (ə) 10 nəfər üçün mərsiyə oxuyub, üstünlüklərini tərifləyib, düşmənlərinə isə lənət oxuyub. Bunlar aşağıdakılardır: Həzrət Əli Əkbər, Həzrət Əbəlfəzl Abbas, Həzrət Qasim, Abdullah ibn Həsən, südəmər Abdullah, Müslim ibn Övsəcə, Həbib ibn Məzahir, Hürr ibn Yezid Riyahi, Züheyr ibn Qeyn və Cövn.
* İmamın (ə) yaralı şəhidlərin başı üstünə piyada getməsi. Şəhidlərdən 7 nəfər dünyasını dəyişərkən İmam Hüseyn (ə) onların başı üstünə piyada yollanıb: Müslim ibn Ovsəcə, Horuzə Rumi, Cövn, Həzrət Abbas, Həzrət Əli Əkbər və Həzrət Qasim.
* Kəsilmiş başların atılması. Aşura günü 3 şəhidin başı İmam Hüseynə (ə) tərəf atılıb: Abdullah ibn Əmir Kəlbi, Əmr ibn Cünadə və Abbas ibn Əbi-Şəbib Şakiri.
* Doğranmış şəhidlər. Aşura günü 3 şəhidin əzaları parçalanıb: Həzrət Əli Əkbər, Həzrət Əbəlfəzl Abbas və Əbdürrəhman ibn Amir.
* Kərbəlada iştirak edən analar. Aşura günü Kərbəla şəhidlərindən 9 nəfərin anası hadisə yerində oğullarının şəhid edilməsinə şahid olublar: Abdullah ibn Hüseynin (Əli Əsğər) anası Rübab, Ovn ibn Abdullah ibn Cəfərin anası Həzrət Zeynəb, Həzrət Qasim ibn Həsənin anası Rəmlə, Abdullah ibn Həsənin anası Bintəşəlil Cəliliyyə, Abdullah ibn Müslimin anası Əli (ə) qızı Rüqəyyə, Məhəmməd ibn Əbi Səid ibn Əqilin və Əmr ibn Cünadənin anaları, Abdullah ibn Vəhəb Kəlbinin anası Ümmi Vəhəb, Həzrət Əli Əkbərin anası Leyla (sonuncusu tam təsdiqini tapmayıb - red.)
* Kərbəlada 5 azyaşlı uşaq şəhid olub: İmam Hüseynin (ə) südəməri Abdullah, Abdullah ibn Həsən, Məhəmməd ibn Əbi Səid ibn Əqil, Qasim ibn Həsən, Əmr ibn Cünadə Ənsari.
* Peyğəmbər səhabələrindən şəhid olanlar. Kərbəla şəhidlərindən 5 nəfər Həzrət İslam peyğəmbərinin (s) səhablərindəndir: Ənəs ibn Haris Kəhli, Həbib ibn Məzahir, Müslim ibn Ovcəsə, Hani ibn Urvə, Abdullah ibn Bəqtər Əmiri.
* Kərbəla şəhidlərinin şəhid olmuş qulamları. Aşura günü 15 qulam şəhid olub: İmam Əlinin (ə) qulamları Nəsr və Səd, İmam Həsənin (ə) qulamı Münhəc, İmam Hüseynin (ə) qulamları Əsləm və Qarib, Həzrət Həmzənin qulamı Haris, Həzrət Əbuzərin qulamı Cövn, Müslim Əzdinin qulamı Rafi, Ömər Seyyidavinin qulamı Səd, Bəni əl-Mədinənin qulamı Salim, Əbdinin qulamı Salim, Şakirin qulamı Şozəb, Haris Cəbərinin qulamı Şib, Mehras Salmaninin qulamı Vazeh.
Bu 14 qulam Kərbəlada şəhid olublar. İmam Hüseynin (ə) onun tərəfindən Bəsrəyə göndərilmiş Salman adlı qulamı orada şəhadətə çatdırılıb. İmam Hüseynin (ə) iki köməkçisi Səvar ibn Munim və Muqi ibn Səmamə Seyyidavi Aşura günü əsir tutulmuş və sonra qətlə yetirilmişlər.
* Aşuradan sonra şəhid olanlar. İmam Hüseynin (ə) səhabələrindən 4 nəfər İmamdan sonra şəhadətə çatıblar: Səd bin Haris, qardaşı Əbu əl-Hatuf, Suyid ibn Əbu Məta (Aşura günü yaralanmışdı) və Məhəmməd ibn Əbu Səid ibn Əqil.
* Atalarının gözü qarşısında şəhid olanlar. Aşura günü 7 nəfər atasının gözləri qarşısında şəhadətə çatıb: Həzrət Əli Əkbər, Həzrət Abdullah ibn Hüseyn (Əli Əsğər), Əmr ibn Cünadə, Abdullah ibn Yezid, Übeydullah ibn Yezid, Məcmu ibn Əvz, Əbdürrəhman ibn Məsud.
* Aşurada düşmənə qarşı etiraz edən qadınlar. Aşura günü İmam Hüseynin (ə) xeymələrindən 5 qadın çölə çıxaraq Kufə qoşunlarına etirazını bildirib, yaxud hücuma cəhd edib: Müslim ibn Ovsəcənin kənizi, Abdullah Kəlbinin xanımı Ümmi-Vəhəb, Abdullah Kəlbinin anası, Həzrət Zeynəbi-kübra və Əmr ibn Cünadənin anası.
* Şəhid olmuş qadınlar. Kərbəlada şəhid olmuş qadın Vəhəbin anası və Abdullah ibn Əmir Kəlbinin həyat yoldaşı Ümmi-Vəhəbdir. Kərbəlada olan qadınlar isə bunlardır: İmam Əlinin (ə) qızları - Həzrət Zeynəb, Ümmi Gülsüm, Fatimə, Səfiyyə, Rüqəyyə, Ümmi Hani; İmam Hüseynin (ə) qızları Fatimə və Səkinə; Rübab, Atikə, Möhsün ibn Həsənin anası, Müslim ibn Əqilin qızı, Fizzə Nubiyyə, İmam Hüseynin (ə) xüsusi kənizi və Vəhəb ibn Abdullahın anası.
Musa Qurbani