21 Noyabr 2024 - 21
Həzrət Zeynəb binti Əli (ə) müsəlmanların birinci imamı həzrət Əlinin (ə) həzrət Fatimədən (ə) olan böyük qızıdır. İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) nəvəsi olduğu üçün çox vaxt Əhli-beytdən hesab edilir. Bu səbəbdən həzrət Zeynəb (ə) təkcə əzəmətli şəxsiyyətinə görə deyil, peyğəmbər ailəsinin üzvü olması və həzrət Məhəmmədin (s) nəslinin davamçılarından biri olması ilə də tanınır. Nübuvvət ailəsinin digər üzvləri kimi Xanım Zeynəb (ə) də fədakarlıq, iradə və paklığın böyük rəmzlərindən birinə çevrilib.
Həzrət Zeynəb (ə) həzrət İmam Əlinin (ə) həzrət Fatimədən (ə) olan üçüncü övladı və ilk qızı idi. Mənbələrin yazdığına görə, Zeynəb hicrətin 5-ci ilində Mədinədə anadan olub. Həzrətin cəmadiuləvvəl ayının 5-də, yoxsa şabah ayının 1-də anadan olması ilə bağlı tarixçilər arasında fikir ayrılığı mövcuddur.
Öz böyük qardaşları Həsən və Hüseyn kimi Xanım Zeynəbin (ə) də adını İslam peyğəmbəri həzrət Məhəmməd (s) qoyub. Mənbələrdə yazıldığına əsasən xanımın siması peyğəmbərə oxşamaqla həzrət Rəsuli-əkrəmin (s) ləyaqətini də əks etdirirdi. Eyni zamanda balaca Zeynəb atası İmam Əlinin (ə) əsl təcəssümü idi.
Zeynəb adının mənası "atasının zinəti" deməkdir. İmam Əlinin (ə) qızlarından üçünün adı məhz Zeynəb olub. Bu səbəbdən bəzən həzrət Zeynəbə (ə) Zeynəbi-kübra da deyilir.
Həzrət Zeynəbin çoxlu ləqəb və künyələri olmuşdur. O həzrətin (ə) ləqəblərindən biri rəvayətlərdə "Əqilə" və ya "Əqileyi-Bəni-Haşim" olaraq keçmişdir. "Əqilə" dəyərli və hörmətli qadın deməkdir. O həzrətin (ə) digər ləqəbləri isə Siddiqeyi-Kübra, Arifə, Alimə, Fazilə, Kamilə və Abideyi-Ali-Əli olmuşdur.
Həzrət Zeynəb öz qardaşları və bacısı ilə xüsusi bir müqəddəs mühitdə təlim-tərbiyə almışdı. Babası Allahın yer üzündəki sonuncu rəsulu, anası Allah rəsulunun qızı, atası isə Allah rəsulunun əmisi oğlu idi. Belə bir pak ailənin üzvü olan Zeynəb (ə) uşaq yaşda təlimlərini birbaşa Allah rəsulundan, sonra isə atası İmam Əlidən (ə) almışdı. Anası Həzrət Fatimədən (ə) isə bütün ev işlərini və təsərrüfat işlərini yüksək səliqə ilə öyrənmişdi.
Xanımın yeddi yaşı olarkən həzrət Fatimə (ə) vəfat edir. Ömrünün erkən yaşlarında üzləşdiyi bu acı hadisə və anasının ona qardaşlarına analıq və bacılıq etməsini vəsiyyət etməsi onun İmam Həsən (ə) və İmam Hüseynlə (ə) nə qədər yaxın olduğunu başa düşməyə imkan verir.
Yeniyetmə yaşlarında Xanım Zeynəb (ə) atasının ev-eşiyinin və bütün təsərrüfat işlərinin öhdəsindən gəlməyi bacarırdı. Öz istəyi ilə bütün qardaş və bacılarının qayğısına qalmaqla yanaşı kasıblara, evsizlərə və yetimlərə qarşı da son dərəcə həssas idi.
Həzrət Zeynəb (ə) həddi-buluğ yaşına çatanda əmisi oğlu - İmam Əlinin (ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Xanım Zeynəbin (ə) həyat yoldaşı imkanlı şəxs olsa da, ailənin həyat tərzi olduqca sadə və təvazökar şəkildə keçib. Ailənin sərvətinin böyük hissəsi xeyriyyə fəaliyyətlərinə xərclənir. Abdullah onun barəsində bunu demişdi: "Zeynəb ən yaxşı həyat yoldaşıdır". Abdullah özü də uşaqlığından Həzrət İslam peyğəmbərinin (s) himayəsində böyümüşdü, peyğəmbərdən sonra isə onun tərbiyəsi ilə İmam Əli (ə) məşğul olmuşdu. O, Mədinədə mehriban bir şəxs və nüfuzlu lider kimi tanınırdı, ona, həmçinin "Səxavət dəryası" ləqəbini taxmışdılar.
Xanım Zeynəbin (ə) ailə qurması onun öz ailəsilə münasibətlərində əsla məhdudiyyətlərə səbəb olmur. İmam Əlinin (ə) öz qızına və kürəkəninə böyük məhəbbəti və bağlılığı var idi. Belə ki, hicrətin 37-ci ilində (657 m.) İmam Əli (ə) xəlifəliyə seçildikdən sonra paytaxtı Mədinədən Kufəyə köçürərkən Zeynəb və Abdullah da onunla birlikdə Kufəyə köçürlər. Həzrət Zeynəbin (ə) Əli Ovn, Məhəmməd və Abbas adında dörd oğlu, Ümmi-Gülsüm adında bir qızı olur.
Bir sıra mənbələrin yazdığına görə, həzrət Zeynəb (ə) digər qadınlara Qurani-kərim və İslamı öyrətmək üçün dərslər təşkil edib. Bu fəaliyyətlərinə Mədinədə başlasa da, Kufəyə köçdükdən sonra da davam edib.
Həzrət Xanım Zeynəbin (ə) görkəminin necəliyi barədə tarixdə məlumat qeyd olunmasa da, Kərbəla əsirliyi zamanı çölə çıxmağa məcbur edilərkən ravilər onu "parlayan günəş" və "ay parçası" kimi təsvir ediblər.
Həzrət Əlinin (ə) şəhadətindən sonra ailə yenidən Mədinəyə qayıdır. Həzrət Zeynəbin (ə) bu zaman 35 yaşı var idi. Atasının şəhadətindən sonra təqribən 10 il qardaşı İmam Həsənlə (ə) birlikdə yaşadı. Hicri-qəməri 50-ci ildə İmam Həsən şəhid oldu. İmam Həsənin (ə) şəhadətindən sonra 10 il də digər qardaşı İmam Hüseynin (ə) imamət dönəmində yaşadı.
Həzrət Zeynəbin (ə) qardaşı İmam Hüseynin (ə) imamlığı dönəmindəki həyatı ömrünün ən ağrılı-acılı dövrüdür. Həzrət Zeynəb (ə) həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. Amma onun Kərbəlada olması, o sarsıdıcı hadisələrə şahid olmaq, qardaşını, övladlarını, qardaşı uşaqlarını əldən vermək bütün ağrı-acılardan daha ələmlidir. Çünki bir gündə bütün əzizlərini, ən əsası isə qardaşı İmam Hüseyni (ə) əldən verdi.
Həzrət Zeynəb (ə) Kərbəla hadisəsindən sonra
İmam Hüseyn (ə) Mədinədən çıxıb, bir müddət Məkkədə qaldıqdan sonra İraqa tərəf mənzil-mənzil hərəkət edəndə Həzrət Zeynəb (ə) də qardaşı ilə birlikdə idi. O, yaxşı munis və möhkəm sirdaş kimi son imkanına qədər İmam Hüseyni (ə) himayə etməyə çalışırdı. Kərbəlada İslam döyüşçülərinin misilsiz köməkçisi idi. O, altı qardaşını (İmam Hüseyn (ə), Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-bəninin oğlanları) və Ovn (Əsmanın oğlu)) itirdi. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu – Kərbəlada şəhid oldular. Bundan əlavə Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözdü. İmam Hüseynin (ə) şəhid olduğu zaman özünü Ömər Sədə çatdırdı və ona dedi: “Görmürsənmi Peyğəmbər (s) övladını öldürürlər?”
Zeynəb (ə) qardaşlarının başlarının bədənlərindən ayrılmasını, xeymələrin yanmasını və yetim uşaqlara zülm olunmasını gördü. Bütün bu müsibətlərin qabağında bu yorulmaz qəhrəman elə bir müqavimət göstərdi ki, onu bəyan və qələmlə təsvir etmək olmaz.
O, qardaşı İmam Hüseynin (ə) dövründə, ağır Kərbəla macərasında özünü bütün çətinliklərə uyğunlaşdırdı. Maraqlısı budur ki, İmam Səccadın (ə) buyurduğuna əsasən, bütün bu çətinliklərdə o, gecə namazını tərk etmədi. Xanım Zeynəb (ə) ər evindəki firavan həyatından əl çəkib özünün bütün güc və qüvvəsini İmam Hüseynin (ə) yolunda sərf etdi. Kərbəla müsibəti baş verəndə onun yaşı əlli beşdən çox idi. Bu yaşda dağ kimi möhkəm qaməti və dərya qədər geniş qəlbi vardı. Zeynəb (ə) bu hadisələr zamanı üç mühüm işi yaxşı yerinə yetirdi:
1. Rəhbəri himayə;
2. Şəhidlərin uşaqlarını qoruyub-saxlamaq;
3. Şəhidlərin qanını yerdə qoymamaq, onların yolunu davam etdirmək, hədəf və məqsədlərini ümmətə çatdırmaq.
Həzrət Zeynəb (ə) İmam Hüseyn (ə) sağ olduğu müddətdə onu himayə edirdi. İmam Hüseyn (ə) şəhid olandan sonra İmam Səccad (ə) rəhbər olanda onu da himayə etdi. Bir neçə dəfə istədilər ki, İmam Zeynəlabidini (ə) qətlə yetirsinlər, lakin Xanım Zeynəb (ə) buna imkan vermədi. Belə vəziyyətlərdən biri İbn Ziyadın Kufədəki iqamətgahında, İmam Səccadla (ə) İbn Ziyad arasında mübahisə zamanı yarandı. İbn Ziyad İmam Səccadı (ə) şəhid etmək istədikdə Zeynəb (ə) qoymadı və dedi: “Əgər o öldürüləcəksə, elə isə məni öldür.”
Həzrət Zeynəb (ə) şəhidlərin uşaqlarına elə himayədarlıq edirdi ki, hətta öz yemək payını da onlar üçün saxlayır, uşaqlara gecə-gündüz nəvaziş göstərir və dayanmadan öz səyi ilə onları düşmən təhlükəsindən qoruyurdu.
Xanım Zeynəb (ə) İmam Hüseyn (ə) və Kərbəla igidləri şəhid olandan sonra hər fürsətdə, hara gedirdisə onların hədəf və məqsədlərini çatdırırdı. Zalımların başı üzərində elə fəryad etdi ki, hələ də çəkdiyi fəryadın zərbələri Yezidin və Yezid dəstəsinin üzünə dəyir və uca bəyanı zülmkarları lərzəyə salır.
Həzrət Zeynəb (ə) Yezidin Kufədəki qaniçən valisi İbn Ziyadın hökumət iqamətgahındakı çıxışında bütün mətləbləri bəyan etdi və hamını ağlatdı. O, belə car çəkdi: “Ey kufəlilər! Heç bilirsinizmi Peyğəmbərin (s) qəlbini necə parçaladınız, hansı qanı nə cür axıtdınız, necə də böyük bir günah etdiniz? Göydən sizə yağış əvəzinə qan yağacaq. Axirətdə isə elə bir əzaba giriftar olacaqsınız ki, heç bir şəfaətçinin sorağınıza gəlməməsinə təəccüb edəcəksiniz?”
Aşura faciəsindən sonra Yezidin adamları təbliğata başlayıb onun qələbəsini Allahın istəyi kimi göstərməyə çalışırdılar. İbn Ziyad İmam Hüseynin (ə) şəhadətindən sonra camaatı Kufə məscidinə yığıb öz işlərinə dini don geydirdirərək dedi: “Həmd olsun Allaha ki, haqqı qələbəyə yetirdi, əmir Yezid və onun tərəfdarlarına kömək etdi...”
Qürur badəsi ilə məst olmuş İbn Ziyad özünü həmişəkindən qüdrətli görürdü. Kufə əhalisini qorxutmaq üçün onların hamısına öz sarayında keçirdiyi məclisdə iştirak etməyə icazə verdi.
O, hər şeyin tamamlandığını güman edib Yezidin ordusunun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək istəyirdi. Ona görə də, şəhidlər sərvəri İmam Hüseynin (ə) mübarək başının gətirilməsini fərman verdi. İmamın başını onun qarşısına qoydular.
İbn Ziyad öz xam xəyalı ilə böyük qələbə əldə etdiyini düşünürdü.
Əsirlər karvanını İbn Ziyadın məclisinə gətirdilər. Xanım Zeynəb (ə) köhnə paltarda, tanınmaz şəkildə bir guşəyə çəkildi və əyləşdi. Əhli-beytin digər qadınları da onun ətrafına yığışdılar. İbn Ziyad dedi: “O qadın kim idi ki, öz kənizləri ilə kənarda oturdu?”
Dеdilər: “Bu Peyğəmbər balası Fatimənin qızı Zeynəbdir”.
İbn Ziyad dedi: “Gördün, Allah ailənizin başına nələr gətirdi?!”
Həzrət Zeynəb (ə) buyurdu: “Gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhadətini qabaqcadan müqəddər etmişdi. Onlar da itaət edib öz axirət mənzillərinə yollandılar. Tezliklə Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən. İndi gör qalib və xoşbəxt kimdir? Anan matəmində əyləşsin, ey Mərcanənin oğlu!”
İbn Ziyad elə güman edirdi ki, başı müsibətlər çəkib əzizlərini itirmiş Zeynəb (ə) kiçik bir tənə ilə təslim olacaq, göz yaşı tökəcək, ağlayıb-sızlayacaq. Lakin Zeynəb (ə) onun sözlərini ağzındaca dondurub qürurunu sındırdı.
İmam Əlinin (ə) şücaətli qızı Zeynəb (ə) ürəyində qorxuya yol vermədi, təsirli və kəsərli sözləri ilə İbn Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı camaatın gözləri qarşısında rüsvay etdi. Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərini ifşa etdi. Əli qızı dilləndi: “Şükr olsun o Allaha ki, öz peyğəmbəri Məhəmməd (s) ilə bizə kəramət buyurub çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar. Şükr olsun o Allaha ki, o biz deyilik, başqasıdır!”
Zeynəb (ə) İbn Ziyadla rəftarında göstərdi ki, mömin insan əsarətdə olsa da, heç vaxt güclü və qüdrətli düşmənin qarşısında başını zillətlə aşağı salmayacaq.
Həzrət Zeynəbin (ə) İbn Ziyadın qüdrəti qarşısında yenilməzliyi, əzəməti və iftixarı, onun Allaha olan imanından və xatircəmliyindən qaynaqlanırdı. O, İmam Hüseyn (ə) kimi xatircəm bir nəfsə malik idi. Bütün bu xatircəmlik və qorxmazlığı qəlbində ilahi təfəkkürü yaşatmaqla əldə etmişdi.
Həzrət Zeynəbin (ə) Yezidin Şamdakı hökumət iqamətgahındakı xütbəsi Yezid və onun əlaltılarını qiyamətə qədər rüsvay etdi. Onun çıxışı Qurani-kərimin ayələrinə əsaslanan, hərtərəfli və qaneedici bir xütbə idi. Yezidi ağır rüsvayçılığa məruz qoydu. Həzrətin (ə) xütbəsi çox genişdir və burada bir neçə cümləyə diqqət yetirin: “Ey Yezid, ey o kəslərin oğlu ki, cəddim Peyğəmbər (s) Məkkənin fəthində əsir düşmüşkən onları azad etdi! Hər nə qədər hiylə və kələk bilirsənsə işlət. Lakin and olsun Allaha! Bizi və bizim səhnədəki hüzurumuzu heç vaxt məhv edə və vəhyin nurlu işığını söndürə bilməyəcəksən.
Hərçənd ki, sənin zülmlərin dağları uçurdan və göyləri viran edəndir. Ancaq sənin nənən İslamın əvvəlindəki şəhidlərin ciyərini (həzrət Həmzənin (ə) ciyərini) çeynəyibsə, səndən bundan artıq nə gözləmək olar?! Sən İslamla açıq-aşkar müxalifət bayrağı qaldıranların oğlusan.
Mən istəməzdim ki, zəmanə məni səninlə üz-üzə gətirsin. Ancaq indi belədirsə, mən səni şəxsiyyətsiz bilib və sənə qarğış yağışı yağdıracağam.
Bizim əzizlərimizi öldürməyinə sevinmə. Quran buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi (cənnət ruzisi) yeyirlər".
Zeynəbin (ə) xütbəsi elə bir iş gördü ki, Yezid bütün günahları İbn Ziyadın boynuna yıxdı və onu danladı.
O həzrət (ə) Kərbəla macərasından sonra Mədinəyə qayıtdı. Orada da fürsət düşən kimi camaatı Yezidin əleyhinə qaldırar, onu ifşa edərdi. Əhvalatı Yezidə xəbər verdilər. Alimlərdən bəzilərinin nəql etdiyinə görə, Yezid Mədinənin valisinə əmr etdi ki, Zeynəbi (ə) Misirə sürgün etsin.
Ürəkyaxan Kərbəla faciəsi zamanı Həzrət Zeynəbin (ə) 55 yaşı var idi və hicri-qəməri 62-ci ildə rəcəb ayının 14-də bazar günü gecə radələrində dünyasını dəyişdi.
Əlbəttə, o həzrətin (ə) dünyasını dəyişdiyi ayla bağlı fərqli fikirlər də var. Lakin məşhur versiya hicri 62-ci ilin rəcəb ayının 14-dür. Seyid Haşim Rəsul Məhəllati yazır: "Məşhur versiyaya görə, o həzrətin (ə) vəfatı hicri 62-ci ilin rəcəb ayının 14-də baş vermişdir. Yəni, Kərbəla hadisəsindən təqribən bir il yarım sonra". Fikir ayrılığı isə o həzrətin vəfat etdiyi ayla bağlıdır. Bütün tarixçilər vəfat ilinin hicri 62-ci olması haqqında yekdil fikirdədirlər. Demək, bu şərafətli xanım Kərbəla faciəsindən təqribən bir il yarım sonra dünyasını dəyişmişdir.
Kerbela.info