22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Həzrət Əbəlfəzl - Allaha bağlılıq, İmam Hüseynə (ə) sadiqlik və su faktoru
10.04.2019

"Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbəlfəzl Abbas ibn Əli (ə) hicrətin 26-cı ili (647 m.) Şaban ayının 4-də dünyaya gəlmişdir. Atası həzrət Əli (ə), anası isə öz şücaətli xarakteri ilə ad qazanmış Kilab qəbiləsindən olan Ümmülbənindir.

Həzrət Fatimə (ə) dünyasını dəyişdikdən sonra İmam Əli (ə) qardaşı Əqilə demişdi ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, qeyrəti və şücaəti ilə tanınsın. Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ümmülbənini İmama tövsiyə etdi.

Həzrət Əlidən (ə) tərbiyə alan Abbas bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxsiyyət olmuş, öz şücaəti, qəhrəmanlığı ilə tarixdə silinməz və əvəzolunmaz izlər buraxmışdır. İmam Cəfər Sadiq (ə) belə buyurur: "Bizim əmimiz Həzrət Əbəlfəzlin dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O, İmam Hüseynlə birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı, o Həzrətin yolunda canını fəda edib şəhid oldu".

İmam Səccad (ə) isə o həzrətin barəsində belə buyurur: "Həzrət Abbas təlim görməmiş alimdir. Çünki o, ilahi elmin mənbəyi, həzrət Peyğəmbərin varisi və vəlisi həzrət Əlinin, həmçinin behişt cavanlarının ağaları olan Həsən və Hüseynin elmindən faydalanmışdır".

"Allahın aslanı", "Elm şəhərinin qapısı" kimi tanınan İmam Əli (ə) şəxsən özü 14 yaşınadək Abbasın təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Həzrət Əbəlfəzlin ömrünün növbəti 10 ili böyük qardaşı İmam Həsən Müctəbanın, digər 10 ili isə İmam Hüseynin imaməti dövründə və onların təlim-tərbiyəsi altında keçmişdi. Bu səbəbdən Həzrət Əbəlfəzlin həyatın bir çox sahələrində böyük məqama sahib olması heç də təəccüblü deyil. Onun nəzakəti, cəsurluğu, şücaətli xarakteri, döyüş qabiliyyəti və hərb sənətini dərindən bilməsi atası İmam Əlidən əxz edilmişdi. Buna görədir ki, Həzrət Abbas Cəməl, Siffeyn və Nəhrivan döyüşlərində özünü mahir döyüşçü və mücahid kimi göstərə bilmişdi. Qardaşı İmam Həsən (ə) isə ona səbir və dözümlülük öyrətmişdi. Onun şir ürəkli sədaqəti və fədakarlıq ruhiyyəsi isə İmam Hüseyn (ə) və Həzrət Zeynəblə rabitəsinə görə idi. Beləliklə Həzrət Əbəlfəzl Abbas (ə) mahir sərkərdə və döyüşçü olmaqdan əlavə ruhi, əxlaqi və mənəvi baxımdan da tam kamilliyə çatmış bir şəxsiyyət kimi formalaşmışdı.

O, kasıblara, yoxsullara əl tutar, öz müsəlman qardaşlarının haqlarına lazımi qədər riayət edərdi. Öz fikirlərində, sözlərində və əməllərində son dərəcə təmiz idi, bütün ömrü boyu Allahı razı salmaq üçün çalışırdı. Həzrət Abbas müqəddəs Qurani-kərimin və İslam peyğəmbərinin göstərişlərinə tamamilə uyğun şəkildə bir həyat tərzi sürürdü.


Həzrət Əli (ə) zərbələndikdən sonra ölüm yatağında olarkən öz bütün ailə üzvlərini yanına çağırır və bütün ailə üzvlərinin himayəsini böyük övladı İmam Həsənə (ə) həvalə edir. Bu zaman 12 yaşlı oğlu Həzrət Abbasın (ə) kədərli hıçqırıq səsini eşidir. Abbası yanına çağıraraq onun əlini İmam Hüseynin (ə) əlinə verir və Hüseynə buyurur: "Oğlum, Hüseyn, bu uşağı sənə həvalə edirəm. O, üzləşəcəyin böyük fədakarlıq günündə məni təmsil edəcək, səni və əzizlərini qorumaq üçün öz həyatını fəda edəcək". Daha sonra üzünü Abbasa tutaraq deyir: "Oğlum, Abbas, sənin Hüseynə sonsuz məhəbbətini bilirəm. Sən bunu eşitmək üçün hələ uşaq olsan da, deyim ki, həmin günün şəfəqi açılanda Hüseyn və onun övladları üçün heç bir fədakarlıqdan çəkinmə".


Həzrət Əbəlfəzl Lübabə adlı qadınla ailə qurmuşdu. Lübabə Übeydullah ibn Abbas ibn Əbdülmüttəlibin qızı idi. Həzrətin Lübabədən iki oğlu - Fəzl və Məhəmməd dünyaya gəlmişdi. Tarixçilərin yazdığına görə, Lübabə də Kərbəla hadisəsində iştirak etmişdi və oğlu Məhəmməd Aşura günü şəhid olmuşdu. Bəzi mənbələr Lübabədən dünyaya gəlmiş oğullarının Fəzl və Übeydullah olduğunu yazır. Həmçinin tarixdə Həzrət Abbasın beş oğlu olduğu, digər oğullarının adının Həsən və Qasim olduğu da qeyd edilir. Həzrətin, həmçinin müxtəlif mənbələrə əsasən bir, yaxud iki qızı da olub. Adı məlum olan qızın Hədiqətün-nəsəb, yaxud Hədaiqül-üns adlandırıldığı yazılır. Genetiklər Həzrətin nəslinin Übeydullah tərəfdən davam etdiyi qənaətindədir. Lakin tarixçi Şeyx əl-Fütuni Həsən ibn Abbasın da övladlarının olduğunu irəli sürüb.


Həzrət Əlinin arzusu bu idi ki, Abbas İslam dininə bağlı olsun və peyğəmbər ailəsinin mühafizəsi uğrunda çalışsın. Abbas ilk döyüşünə çıxarkən hələ 11 yaşı var idi. Bu Siffeyn döyüşü idi. O Həzrətin şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində Abbasın misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin ordusunun üzünə bağladıqdan sonra Əbəlfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbəlfəzl ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbəlfəzl onu da məğlub edərək öldürdü." Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundakılardan heç kəs onunla vuruşmağa cəsarət etmədi.


Müaviyənin ölümündən sonra Mədinənin hakimi İmam Hüseyni (ə) darul-imarəyə çağırıb Yezidin tələbini o həzrətə çatdırdıqda Abbas otuz nəfərlə birlikdə həmin məkanın önündə hazır vəziyyətdə dayanmışdılar. Onların buraya gəlişi ilə imam Hüseynin (ə) önündən təhlükələr qaldırıldı. Həzrət Əbəlfəzl Abbas Aşura karvanının Kərbəlaya doğru köçünün rəhbərliyini də öz öhdəsinə götürdü, Kərbəlada, tarixi səhifələrdə misilsiz bir qəhrəmanlıq göstərdi və Əməvilərin amannaməsini geri qaytarmaqla dövrün imamına vəfadarlığını İslam camiəsində yadigar qoydu. Kərbəla hadisəsi zamanı Həzrət Abbasın 34 yaşı var idi. Bu səbəbdən o, Bəni-Haşim cavanlarının rəhbəri hesab olunurdu. Bütün tarixçilərin yazdığına əsasən Abbas Aşura günü ən təsirli və güclü sima idi. Buna görə də Əbəlfəzl Abbas həmin gün İmam Hüseynin də xüsusi diqqət mərkəzində idi, həmçinin İmamın kiçik qoşununun sərkərdəsi idi.

Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə ad qazanan Həzrət Əbəlfəzl ömrünün sonuna qədər zalımlara qarşı mübarizədən çəkinməyərək Allahın höccətini qəhrəmancasına müdafiə edərkən, Əhli-beyt (ə) xanədanına su gətirərkən Fərat sahilində şəhadətə yetişdi. Hələ Tasua gecəsi qarşı tərəfdən gələn "amannamə"yə yox cavabı verən Həzrət Abbas (ə) bir daha öz vəfasını göstərdi. İmam Səccad (ə) o həzrətin məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: "Allah-Taala əmim Abbasa (ə) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda elədi, Allah-Taala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir ki, mələklər kimi uçaraq cənnətə daxil olsun. Onun Allah-Taala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edərlər və onun məqamını arzulayarlar."

İmam Sadiq (ə) Həzrət Abbas haqqında belə buyurur: "İlahi haramları sənin haqqında halal bilən və səni öldürməklə islamın hörmətini tapdalayanlara Allah lənət eləsin!"


Abbasın Kərbəladakı qəhrəmanlığı barəsində Təbəri belə yazır: "Məhərrəm ayının 7-də İmam Hüseyn (ə) ordusunu mühasirəyə alaraq suyu onların üzünə bağladılar. Əbəlfəzl Abbas su gətirmək üçün İmam Hüseyndən icazə alaraq 30 atlı, 20 piyada və 20 su tuluğu ilə Fərat çayına tərəf yollandı. Çaya yetişdikdə suyun qarşısını kəsən düşmən qoşunu ilə rastlaşdılar. Bir dəstə onlarla vuruşduğu halda digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşçülər arasında öz şücaəti ilə Həzrət Abbas düşmənin gözünü elə qorxutmuşdu ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi".

Aşura gecəsi İmam Hüseyn (ə) öz çadırında ibadətlə məşğul olarkən Həzrət Abbas onu mühafizə etmiş və daim Əhli-beytin xidmətində durmuşdur. O gecə Həzrət Əbəlfəzl qardaşlarına xitab edərək buyurdu: "Bu gün elə bir gündür ki, gərək cənnəti satın alaq və canımızı İmam Hüseynə (ə) fəda edək. Bunu ona görə etmirik ki, biz onun qardaşlarıyıq, bunu ona görə edirik ki, İmam Hüseyn (ə) Allahın yer üzündəki höccətidir". Bunu eşidən İmam Hüseyn (ə) buyurdu: "Ey qardaş, aləmlərin Rəbbi sənə əcr versin!"


Aşura günü haqqın bayraqdarı olan Əbəlfəzl Abbas imamın göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək üçün İmam Hüseyndən icazə alaraq növbə ilə döyüşə yollandıqları halda Abbas İmam Hüseynin (ə) əmrini gözləyirdi. Sonda o, İmam Hüseyndən icazə alaraq su gətirmək üçün Fərata yollandı. Tuluğu su ilə doldurub, öz təşnə dodaqları ilə Fəratın zülal suyuna tamaşa etdi, amma bir qurtum belə içmədi. Çünki Hüseyn (ə) və övladları çadırlarda susuz idilər. Onlardan öncə su içməyi özünə yaraşdırmadı. Zalımlarla üzləşən Həzrət Əbəlfəzl ilk növbədə onları haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək öz zülmlərindən əl çəkmədilər. Düşmən yaxşı bilirdi ki, Abbasın qolları yerə düşməyincə, kimsə onun müqabilində dayana bilməz. Odur ki, onun qollarını hədəf aldılar. Beləliklə su ilə birlikdə qayıdarkən onun sağ əlini kəsdilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra həzrətin sol əlini də kəsdilər. Ancaq Kərbəla ələmdarı bayrağın yerə düşməsinə imkan verməyərək onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən onu ox və nizə ilə yaraladılar. Bu zaman düşmən qoşunundan atılan oxlardan biri tuluğu deşdi və su yerə axdı. Suyu əldən verdiyini görən Abbasın çarəsi kəsildi və susuz halda çadırların yanına qayıtmaq istəmədi. Elə bu vaxt Yezidin əsgərlərindən biri əmudla həzrətin başına zərbə endirdi və Kərbəla qəhrəmanı zərbənin təsirilə atından yerə yıxıldı. Həzrət fəryad edərək buyurdu: "Məndən sənə salam olsun, ey Əba Abdullah!" Bunu eşidən İmam Hüseyn (ə) onun yanına gəlib Həzrətin (ə) mübarək başını qucaqlayaraq buyurdu: "İndi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı".

Həzrət Əbəlfəz Abbas (ə) Kərbəlada İmam Hüseynin (ə) hərəminin yaxınlığında dəfn olunub.

Kerbela.info