23 Noyabr 2024 - 23
Aşura günü zöhr namazı qılındıqdan sonra İmam Hüseynin (ə) silahdaşlarından Züheyr ibn Qeyn Bəcəli döyüş meydanına çıxdı. Züheyr vaxtilə İslam fəthlərində fəal iştirak etmiş, Azərbaycan uğrunda gedən Bələncər döyüşündə (Dərbənd yaxınlığında) böyük şücaət göstərmişdi.
Züheyr əvvəllər Əhli-beytə mənfi münasibət bəsləyirdi. Hətta hicrətin 60-cı ilində həcc ziyarətindən Kufəyə – öz evinə qayıdarkən, İmam Hüseynin (ə) karvanı ilə paralel yol getməli olsa da, ona yaxınlaşmır, İmamın mənzil saldığı yerdə köç salmırdı. Züheyr Hüseynlə (ə) düşmən münasibətdə olduğuna görə, yol boyunca Onunla görüşməkdən qaçırdı. Nəhayət, mənzillərin birində o da İmamın çadırlarının yanında köç salıb qalmağa məcbur oldu. Həmin gün İmam adam göndərib, Züheyri öz yanına söhbətə çağırdı. Züheyr əvvəlcə getmək istəmirdi. Amma həyat yoldaşı israr edib onu qınadı ki, niyə Peyğəmbərin nəvəsinin dəvətini yerə salırsan? Qadın Züheyrin “zəif damarından” tutub dedi ki, əgər dəvəti qəbul etməsən, hamı deyəcək ki, Hüseyndən (ə) qorxursan. Züheyr İmam Hüseynin (ə) çadırına gəlib, o həzrətlə görüşdü. İmamla söhbət Züheyrə elə dərin təsir etdi ki, əvvəlki fikirlərindən birdəfəlik əl çəkib, Aşura karvanına qoşuldu.
İmam Hüseyn (ə) Aşura günündə Züheyri öz qoşununun sağ cinahına komandan təyin etmişdi. Züheyr döyüşdən əvvəl düşmənə nəsihət etdi, amma yola gətirə bilmədi. Zöhr namazından sonra meydana girib, qarşı tərəfin 120 əsgərini cəhənnəmə göndərdi. Axırda onu da xəyanətlə vurub şəhid etdilər. İmam Hüseyn (ə) Züheyrin nəşi üstünə gəlib ona rəhmət oxudu, qatillərinə lənət və bəla istədi. Bəzi rəvayətlərə görə, Züheyrin əmisi oğlu Salman da Kərbəlada şəhid olmuşdur.
/islam.az/