23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Kəhf səhabələri ilə Kərbəla səhabələrinin xüsusiyyətləri
06.10.2018

Allah-Taala Qurani-Kərimdə hansısa bir şəxsi və yaxud bir zümrəni mədh edəndə bir-iki kəlmə ilə kifayətlənir. Kəhf səhabələrinə gəldikdə isə, Qurqani-Kərimin “Kəhf” surəsində onları iki səhifədə tərifləyir. Misal üçün, həmin surənin 13-cü ayəsində Kəhf səhabələrini mömin və comərd adlandırır:

إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ

“Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc (comərd) idi.”

Hamı müşrik olduğu zaman onlar Allaha iman gətirdi, fəsadla dolu bir mühitdə həzm və aludə olmadılar.

Qeyd etmək lazımdır ki, insanlar üç qismə bölünürlər:

1. Bir qrup insan çirkin camiədə həzm olunur, fəsada qərq olur. Qurani-Kərimdə insanların cəhənnəmə getməsinin əsas səbəblərindən biri kimi, onların çirkin mühitdə çirkinliklərə aludə olmasını açıqlayır. “Məryəm” surəsinin 43-cü ayəsində göstərilir ki, cənnət əhli cəhənnəm əhlindən soruşur:

مَا سَلَكَكُمْ فِي سَقَرَ. قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ. وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ. وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ. وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ

“Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik. Batilə dalanlarla birlikdə biz də dalardıq.”

Misal üçün, hamının ehtikar etdiyini görüb biz də ehtikar edirdik. Hamının bir-birinə yalan danışdığını, bir-birini aldatdlğını görüb biz də yalan danışır, biz də aldadırdıq.

2. İkinci qrup insan çirkin mühitdə yaşasa da dəyişilmir, fitnə-fəsada qərq olmur. Kəhf səhabələri buna bir misaldır. Onlar fasid camiə və çirkin mühitdən qaçıb mağaraya sığınaraq dinlərini qoruyub-saxladılar.

3. Üçüncü qrup insan isə şirkin mühitdə dəyişilmədiyi kimi, camiənin digər üzvlərini belə dəyişməyə qadir olur, onları fəsad və çirkinlikdən qoruyub-saxlayır. Bu zümrəyə hidayətçilər və imamlar daxildir.

“Kəhf” surəsinin 14-cü ayəsində Kəhf səhabələrinin başqa bir xüsusiyyətindən də söz açılır:

وَرَبَطْنَا عَلَى قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَن نَّدْعُوَ مِن دُونِهِ إِلَهًا لَقَدْ قُلْنَا إِذًا شَطَطًا

“Onlar (Rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks-təqdirdə, (küfr) danışmaqda həddi aşmış olarıq!” – dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik.”

Həmin surənin 10-cu ayəsində belə buyurulur:

إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا

“(Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver!” – demişdilər.”

Bəs, Allah-Taala onlar üçün nə etdi? Onlar Allaha iman gətirib bu yolda qiyam etdikləri üçün Allah da onları mağaraya doğru istiqamətləndirdi və onları mağarada üç yüz doqquz il yuxuya verdi. (Kəhf/5.) Onlar üçün mağarada mühafiz də təyin etdi, mağaranın ağzında it keşiş çəkməyə başladı. Torpağın rütubəti onların bədənlərini çürütməsin deyə onları sağa-sola çevirirdi. (Kəhf/8.) Bir sözlə, Allah-Taala Kəhf səhabələrini düşmənlərin şərindən qorudu, yaşatdı, adlarını ucaltdı.

İndi isə Kərbəla səhabələrinin məqam və mənzilətinə bir nəzər yetirək:

Kəhf səhabələri hərəkət etdikləri və çirkin mühitdən qaçdıqları üçün Allah-Taala onları Quranın iki səhifəsində tərifləyir. Kərbəla səhabələri və imam Hüseynin (ə) dostları isə Mədinədən Kərbəlaya doğru hərəkət və köç etdi. Şəhərdən şəhərin kənarındakı mağaraya doğru hərəkət hara, Mədinə şəhərindən Kərbəla şəhərinə köç hara? Yuxuya doğru hərəkət hara, nizə və qılınclara doğru hərəkət hara? Kəhf səhabələri susuz qalmadılar, amma imam Hüseyn (ə) və səhabələrinin başlarına nələr gəlmədi? Nələr görmədilər? Kərbəla səhabələri sözün həqiqi mənasında fədakarlıq dərsi keçdilər.

Əlbəttə, Allah-Taala da imam Hüseyni (ə) bir sıra xas xüsusiyyətlərlə qiymətləndirdi. Bir sıra işlər və tövsiyələr məhz imam Hüseynə (ə) məxsusdur. Təzə doğulmuş körpənin kamı Kərbəla torpağı ilə açılır. (Yenicə doğulmuş uşağa Kərbəla torpağı dadızdırmaq müstəhəbdir və dini mətnlərimizdə buna tövsiyə olunmuşdur.) İnsan dünyadan köçdükdən sonra, qəbir evində üzünün altına Kərbəla torpağı qoyulur. Yəni Kərbəla doğum günündən qəbir evinə qədər insanla birgədir.

Kərbəla torpağı, eləcə də, o həzrətə axıdılan göz yaşları şəfa və şəfaət vasitəsidir.

İmam Hüseynə (ə) sevgi hərarəti qəlblərdə daimidir.

Kərbəla şəhidlərinə məxsus matəm məclisləri əbədidir.

Su içdiyimiz zaman imam Hüseynə (ə) salam verir, o həzrəti yad edirik.

Vətəndən başqa, dünyanın hər bir nöqtəsində müsafirin namazı qəsrdir, amma imam Hüseynin (ə) türbəsində namaz bütövdür, yəni Kərbəla – imam Hüseynin (ə) məkanı bizim evimizdir.

Üç məsələ namazın qəbuluna səbəb olar: 1. Son dərəcədə diqqətlə qılınan namaz. 2. Nafilələri qılınan namaz. 3. Kərbəla möhürünə qılınan namaz.

İmam Hüseyn (ə) digər imamlarla şərikdir. Nimeyi-Şəban günü – imam Zaman ağanın (ə) dünyaya göz açdığı gün imam Hüseyni (ə) ziyarət etmək müstəhəbdir. Qədr gecəsi imam Hüseynə (ə) salam göndərmək müstəhəbdir. Onuncu məsum imamımız həzrət Əliyyən-Nəqi (ə) öz səhabələrinə buyururdu ki, imam Hüseynin (ə) qəbrinin baş tərəfində məni də dua edin.

Allah-Taala Qurani-Kərimdə xanım Məryəmi tərifləyir, yad edir. (Məryəm/16.) Məryəm nə etmişdi ki, Allah onun adının yad edilməsini istəyir?

Camaat həzrət Məryəm (ə) barəsində pis fikirləşdirlər, ondan “Bu uşaq hardandır?” – deyə soruşdular. Onu iffətsizliklə ittihamlandırdılar. O da bu məsələyə görə bir neçə müddət narahat oldu, qəmgin oldu, içdən yandı. Xanım Zeynəb (ə) isə nə qədər zəhmətlərə, işgəncələrə qatlaşdı? Kufəyə əsir aparıldı, qardaşı, qardaşı övladları, öz övladları, yaxınları gözünün önündə şəhadətə yetdilər. Elə isə, xanım Zeyəbin (ə) məqamı nə dərəcədə olmalıdır?

Odur ki, Kərbəla səhabələri və şəhidlərinə, onların imamı və rəhbərinə həsr olunmuş əzadarlıq məclislərinə son dərəcədə diqqətlə, əhəmiyyətlə yanaşmalıyıq. Bizim dinimizi qoruyub-saxlayan da, elə bu əzadarlıq məclisləridir. Rəhmətlik imam Xomeyni necə də gözəl buyurmuşdur:

İn Muhərrəm və Səfər əst ke, İslam ra zende negəh daşte əst – Bu Məhərrəm və Səfər aylarıdır ki, İslamı diri saxlamış və yaşatmıdır.

Rza Şükürlü /Maide.az/