21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Türk dünyasının iftixarı - Əsləm Türki
04.10.2018

Əsləm İmam Hüseynin (ə) qulamı idi. Nəsil-nəcabəti türk olduğundan, ona Əsləm Türki deyirdilər. Tarixdə göstərilir ki, Əsləmin atası vəfat etdikdən sonra İmam Hüseyn (ə) onu alıb, oğlu İmam Zeynəlabidinə (ə) bağışlayır. O, həm də İmam Hüseynin (ə) katibi idi. Ərəb dilini yaxşı bilirdi, Quran qarisi idi.

Əsləm Mədinədən Məkkəyə, Məkkədən də Kərbəlaya qədər İmam Hüseyndən (ə) ayırlmadı. Aşura günü İmam Hüseynin (ə) səhabələrindən bəziləri şəhadətə yetdikdən sonra, Əsləm o həzrətin hüzuruna gəlib ağladı və döyüş meydanına getmək üçün icazə istədi.

O, döyüş meydanına gedərkən bu rəcəzi oxuyurdu:

اَلْبَحْرُ مِنْ ضَرْبِی وَطَعْنِی یَصْطَلِی وَالْجَوُّ مِنْ سَهْمِی وَ نَبْلی یَمْتَلِی

اذا حُسامِی فی یَمینی یَنْجَلِی یَنْشَقُّ قَلْبُ الْحاسِدِ الْمُبَجَّلِی

“Qılınc və nizəmin zərbəsindən dərya alovlanır, səma nizələr və oxlarımla dolur. Qılıncım sağ əlimdə dolanarkən, paxıl və təkəbbür əhlinin qəlbi parçalanır.” (“Biharul-ənvar”, 45-ci cild, səh.30.)

Əsləm mahir oxatan olduğundan, şücaətlə döyüşür, düşməndən bir dəstəni cəhənnəmə vasil edir, çoxlu yara aldığından atdan yıxılır. İmam Hüseyn (ə) onun başı üzərinə gəlib ağlayır, kənarında əyləşib, üzünü üzünə qoyur. Əsləm gözünü açıb, İmamın (ə) öz üzünü onun üzünə qoyduğunu gördükdə, təbəssüm edir və deyir:

مَنْ مِثْلی وَ ابْنُ رَسُولِ اللهِ واضِعٌ خَدَّهُ عَلى خَدِّی

“Kimdir mənim kimi? Bir halda ki, Peyğəmbərin (s) övladı üzünü mənim üzümə qoymuşdur!”

O, imam Hüseynin (ə) ağuşunda ikən şəhadət məqamına nail olur.

Bəzi tarixçilər onun adının Süleyman və ya Süleym olduğunu qeyd etmişlər. (“Müntəhəl-amal”, 1-cild, səh. 678.)

Mərhum Molla Məhəmməd Füzuli “Hədiqətüs-süəda” kitabında Əsləmin adını Müslüm kimi qeyd edir və onun barəsində yazır: “O, Kərbəlaya öz oğlu ilə gəlir. Həm özü, həm də oğlu şəhadətə yetir. Şəhid olarkən İmam Hüseyn (ə) onun başı üzərinə Həbib ibn Məzahirlə gəlir və ona belə xitab edir: “Mənim salamımı behişt əhlinə yetirərsən.” Müslüm (Əsləm) gözlərini açıb təbəssüm edir və sonra üzünü Həbib ibn Məzahirə tutduqda, Həbib ona deyir: “Bilirəm ki, səndən sonra mən də şəhid olacağam. Əgər səndən sonra şəhadətə yetməsəydim, deyərdim ki, mənə vəsiyyət et.” Müslüm (Əsləm) ona deyir: “Mən sənə vəsiyyət edirəm ki, zəmanənin imamından (İmam Hüseyndən) muğayat olasan. Bil ki, ona xidmətin həm dünya, həm də axirətinin xeyrinədir.” O, bu sözləri dedikdən sonra şəhadətə yetir. Oğlu da onunla birgə döyüş meydanında şəhid olur.

Rza Şükürlü (Maide.az)