03 Dekabr 2024 - 3
İmam Səccad, Allah rəsulunun (ə) nəvəsi, İmam Hüseynin (ə) oğludur. Kərbəla faciəsində, demək olar ki, İmam Əlinin (ə) bütün oğul-övladlarını qətl etdilər. Ömər Səd və İbn Ziyad bu qətliamı, bu cinayəti “Xarici” adı ilə törətmişdilər. Onlar Əhli-beyti (ə) oradakı insanlara işğalçı xaricilər kimi təqdim edirdilər. İmam önə çıxıb özünü təqdim edəndə səs-küy salırdılar ki, qoşun Onun sözlərini eşitməsin.
İmam Hüseynin (ə) şəhadətindən sonra, o həzrətin (ə) ailəsini, o cümlədən İmam Səccadı (ə) əsir edib Kufəyə, oradan da Şama apardılar. İmam bu sözləri Şamda demişdi. Məlun Yezidin nümayəndəsi minbərə çıxıaraq Müaviyyə və Yezidi tərifləyir, Əli (ə) övladlarını isə pisləyib dövrün xəlifəsinə qarşı gəldikləri üçün Allahın onları cəzalandırdığını, dindən xaric olduqlarını bəyan edirdi.
İmam Səccad (ə) isə yalançı və layaqətsiz xətibin yalan sözlərinə qarşılıq olaraq sözə belə başlayır:
“Ey insanlar, mən Məkkənin, Minanın oğluyam! Mən Səfa və Zəmzəmin oğluyam! Mən Məscidul-Hərəmdən Məscidul-Əqsaya merac edənin oğluyam! Mən Muhəmmədil-Mustafanın (s), Əliyyil-Murtəzanın oğluyam!...”
İmam Səccadın (ə) “Mən Məkkənin, Minanın, Zəmzəmin oğluyam!” sözlərini hansı məqsədlə söyləməsi barədə Ayətullah Seyid Sistaninin dəftərxanasına sual ünvanlanıb.
Cavabda belə deyilir: "İmam Səccad (ə) Peyğəmbər (s) və imamətin mənsub olduğu pak sülalədəndir.
İmam burada Məkkə, Mina, Zəmzəm kimi, müsəlmanlar üçün müqəddəs hesab olunan rəmz və dəyərlərə işarə edir.
İmam müsəlmanların müqəddəs hesab etdiyi bu cansız məkanlara, Qurana işarə edərək bildirir ki, əsl ehtiram olunmalı mənəm, danışan Quran mənəm. Allahın sizin üçün təyin etdiyi həqiqi xəlifə (nümayəndə) mənəm. Mən, Allahın höccəti (nümayəndəsi) olaraq bu müqəddəs hesab etdiyiniz şeylərin fövqündəyəm".
İmam bu sözləri ilə özünü, öz əsl-nəcabətini, pak soyunu tanıtdırdı. Əsirləri, o cümlədən imamı xarici kimi tanıyanlar onların həqiqətdə kim olduqlarını öyrəndilər. Şam əhli dərin bir qəflətdən oyandı.
İslaminSesi/"Alkawthar"