21 Noyabr 2024 - 21
Məsruqun oğlu Həccac Məzhəc qəbiləsindən və İmam Əmirəlmöminin Əlinin (ə) Kufədə yaşayan məşhur şiələrindəndir. O, İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya (və yaxud Mədinədən Məkkəyə) doğru hərəkət etdiyini eşidən kimi Kufədən Məkkəyə doğru yola düşərək yolda İmam Hüseynə (ə) qoşuldu. (“Əbsarul-eyn”, səh. 89)
İmam Hüseynin (ə) karvanı Hürrün qoşunu ilə üzləşdiyi gün Həccac İmamın (ə) əmri ilə zöhr azanını verdi. Bəzi tarixi mənbələrdə göstərilir ki, Həccac yol boyu İmam Hüseynin (ə) azançısı olmuşdur. Azandan sonra İmam Hüseynin (ə) imamlığı ilə camaat namazı qılındı və Hürr də o həzrətə iqtida etdi. (“Əl-irşad”, Şeyx Müfid, səh.427; “Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 1-ci cild, səh. 684)
Kərbəla yolu üzərində yerləşən Qəsri Bəni-Muqatil məntəqəsində İmam Hüseyn (ə) bir çadırın qurulduğunu görür. Onun kimə məxsus olduğunu soruşduqda dedilər Übeydullah ibn Hürr Cöfinindir. İmam Hüseyn (ə) Həccaca əmr etdi ki, Übeydullah ibn Cöfi ilə danışıb, onun öz yoldaşları ilə birlikdə Aşura karvanına qoşulmağa dəvət etsin. Həccac onunla danışsa da, o, İmam Hüseynə (ə) qoşulmadı. (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.188)
Aşura günü döyüş başladıqdan sonra Həccac ibn Məsruq İmam Hüseynin (ə) hüzuruna gəlib, meydana getmək üçün icazə istədi. Həzrət ona icazə verdi. O, döyüş meydanına qədəm qoydu və qanlı döyüşdən sonra qana boyandığı halda, İmam Hüseynin (ə) hüzuruna qayıtdı. O, həmin vaxt bu rəcəzi oxuyurdu:
فَدَتْکَ نَفْسی هادیاً مَهْدِیّاً اَلْیَوْمَ اَلْقى جَدَّکَ النَّبیَّا
ثُمَّ اَباکَ ذَا النَّدى عَلِیّاً ذَاکَ الَّذی نَعْرِفُهُ الوَصِیّا
“Canım sənə fəda olsun, ey hidayət edən və hidayət yolunda olan! Bu gün cəddin Peyğəmbərlə (s), ondan sonra da bəxşiş və ehsan sahibi olan Əli (ə) ilə görüşəcəyəm; həmin kəs ki, onu Peyğəmbərin (s) canişini tanıyırıq!”
İmam Hüseyn (ə) ona buyurdu:
نَعَمْ وَاَنَا اَلْقاهُما عَلى اَثَرِکَ
“Bəli! Mən də səndən sonra onlarla görüşəcəyəm!”
Həccac ibn Məsruq yenidən döyüş meydanına yollandı və ağır mübarizədən sonra şəhadətə yetdi. (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.254)
“Nahiyeyi-müqəddəsə” ziyarətində oxuyururq:
السَّلامُ عَلی حَجَّاجِ بْنِ مَسْرُوقِ الْجُعْفِی
“Salam olsun Məsruq Cöfinin oğlu Həccaca!” (“İqbalul-əmal”, 3-cü cild, səh.345)
Rza Şükürlü
Maide.az