03 Dekabr 2024 - 3
Kişilərin Aşura günü ifa etdiyi rollar məlumdur. Qadınların, xüsusilə də, xanım Zeynəbin (ə) öhdəsinə düşən əsas vəzifə Aşuradan sonra başlayır. O, imam Hüseynin (ə) şəhid olması ilə ilk matəm saxlayan şəxsdir. Onun matəmi dostu, düşməni – hər kəsi ağlatmış, imam Səccadın (ə), qadın və uşaqların qayğısına qalmışdır.
Kufəyə çatdıqda, Əli (ə) şücaətli və Fatimə (s.ə) həyalı çıxışları ilə kufəliləri ayıltmış, onları özlərinə gətirmişdir. İslamın nümunə olaraq göstərdiyi qadın modeli budur: mütərəqqi, mükəmməl və ictimai şəxsiyyət, həm də qadınlıq sərhədlərini qoruyan, həyalı və iffətli.
Qeyd edilənləri nəzərə alaraq, imam Hüseynin (ə) əhli-əyalını özü ilə Kərbəlaya aparması bir neçə cəhətdən əhəmiyyətlidir:
1. Qadınlar və uşaqlar mesaj çatdırma gücünə sahibdirlər.
2. Bununla bərabər, düşmən qadınlara qarşı heç bir güc tətbiq edə bilməzdi. Çünki qadınlara qarşı hörmətsizlik kütləvi tənqidlə nəticələnir.
1. Mesaj çatdırmaq:
İslama görə, ictimai vəzifə yalnız kişilərə xas deyil, qadınlara da şamildir. Müsəlman olan qadın və kişi haqq və batil, rəhbərlik və ictimai məsuliyyət kimi məsələlərə biganə yanaşmamalı və yeri gəldikdə, öz mövqeyini bildirməli, haqq yolda addım atmalı, haqq rəhbərə itaət etməli, batilə qarşı olmalı, zalım hökuməti tənqid etməli, haqq söz deməkdən çəkinməməlidir. Müsəlman olduğunu deyən hər bir kəsin ictimai mövzularda aktiv olması bir vəzifədir. Necə ki, xanım Zeynəb (ə) Kərbəlada imam Hüseynlə (ə) çiyin-çiyinə bu yolu davam etmişdir.
Bütün qiyamlar və azadlıq naminə atılan addımlar iki bölümdən ibarətdir. Bunlardan biri "qan", digəri isə "mesaj"dır. Qan dedikdə, müqəddəs hədəf üçün döyüşmək, silahlı mübarizə, ölmək və öldürmək, mesaj dedikdə isə, qiyamın ideal və nümunəvi olması, müqəddəs hədəf və amalların ümumxalqa çatdırılmasıdır.
İmam Hüseynin (ə) müqəddəs qiyamını araşdırdığımız zaman hər iki hissəni aydın şəkildə görməkdəyik. Aşura günü günortaya qədər "qan" hissəsi idi. Bu hissədə bayraq imam Hüseynin (ə) əlində idi. Zöhrdən sonra isə "mesaj çatdırma" məqamı başlayır. Bu hissədə bayraq imam Səccadla (ə) xanım Zeynəbin əlində idi.
Onlar imam Hüseynin (ə) qiyamının fəlsəfəsini, hədəf və amallarını atəşli çıxışları ilə hər kəsə çatdırmağa başladılar və beləcə, zalım Əməvi rejimini rəzil etdilər.
Qeyd etməliyik ki, Əməvi səltənəti Müaviyənin dövründən başlayaraq bütün İslam aləmində, xüsusilə də Şam bölgəsində Əhli-beytin (ə) əleyhinə geniş təbliğat aparmağa başlamışdı. Peyğəmbər (s) xanədanını yalan və uydurma hədislərlə xalqa pisləyir, böyük imkanlara sahib Üməyyə oğulları imam Hüseyni (ə) üsyankar kimi göstərir, müqəddəs qiyamını günah və üsyan adlandırmaqla o həzrəti xalqın gözündən salmaq istəyirdilər.
Əgər imam Səccad (ə), xanım Zeynəb (ə) və digər qadınlar haqq-həqiqəti, Aşura inqilabının mahiyyəti və fəlsəfəsini xalqa çatdırmasaydılar, xalq Kərbəla hərəkatını səhv anlayacaqdı. Digər tərəfdən də, İmamın vərəm və ağciyər xəstəliyindən ölməsi yalanı da, artıq yayılmağa başlamışdı.
Kərbəla hərəkatının mahiyyətini, həqiqətlərini və fəlsəfəsini əsirlik müddətində olduğu kimi xalqa çatdırılması bu yalanın üstündən pərdəni götürdü.
2. Əməvilərin təbliğatını təsirsiz hala gətirmək:
Şam bölgəsi fəth edildiyi ilk gündən Xalid, Vəlid və Müaviyə kimilərin hakimiyyəti altında olmuşdur. Bu bölgənin əhalisi Peyğəmbərin (s) söhbətlərini eşitməmiş, hörmətli səhabələrin yaşam tərzini görməmiş və İslamı ən az Mədinədəki kimi tanımamış insanlar idi. Şam bölgəsində 113 səhabə olsa da, onlardan çoxu Peyğəmbəri (s) çox da dərk etməmiş və sadəcə bir-iki hədis öyrənmişdilər... İmam Hüseyn (ə) qiyam etdiyi zaman Şamda sadəcə 11 səhabə qalmışdı. 70-80 yaşlarında olan bu səhabələr kütlədən ayrılaraq bir güşəyə çəkildikləri üçün xalq üzərində nüfuzlarını da itirmişdilər. Nəticədə, Şam əhalisi əsl İslam barədə heç bir şey bilmirdilər. Onlar üçün indiki hakimiyyət İslamdan əvvəlki Bizans hökumətlərindən fərqlənmirdi. Müaviyənin özü üçün saraylar tikdirməsi, təmtəraqlı həyat tərzi, xalqın haqqını istədiyi kimi xərcləməsi və buna qarşı çıxanları öldürüb sürgün etməsi Şam xalqı üçün adi hal almışdı. Çünki belə bir hökumət İslamdan əvvəl də orada mövcud idi. Maraqlı olan isə onların Peyğəmbərin (s) Mədinədəki hökumətinin də belə bir sistem üzrə qurulduğunu zənn etmələri idi.
Müaviyə Şam bölgəsində hakimiyyəti 42 il əlində saxladı və bu müddətdə xalqı şüursuz, islami bilgilərdən kənar, onun istəklərinə kor-koranə itaət edən bir xalq kimi yetişdirdi. Müaviyə 42 il boyunca Şam xalqı üzərində sadəcə siyasi hakim rolunu ifa etmədi, həm də, düşüncə və dini cəhətdən də hər şeyə hakim oldu. Beləliklə də, onun İslamın adından söylədiyi hər şeyi qəbul edən, sorğu-sualsız inanan, kar və kor bir millət yetişdi.
Əməvi sülaləsi kin-küdurətlə, Peyğəmbərin (s) pak Əhli-beytini Şam xalqına insanların ən pisi, Üməyyə oğullarını isə yaradılmışların ən üstünü olaraq tanıtdı. İnsanlar o qədər düşüncəsiz hala gəlmişdilər ki, Abbasilər Əməviləri yıxıb dövləti ələ keçirəndə Şamın öndə olan dövlət adamlarından biri Əbu Abbasın yanına gələrək and içir ki, Mərvanın (Əməvilərin son hakimi) ölümünə qədər Üməyyə oğullarından başqa heç kəsi Peyğəmbərin (s) ailəsi olaraq tanımadığını və Peyğəmbərin (s) varisləri olaraq yalnız onları bildiyini söyləyir.
Bütün bunlardan sonra Kərbəla əsirləri Şama gəldikdə, yaşlı bir adamın imam Zeynəlabidinə (ə) söylədiyi bu sözlərə təəccüblənmək lazım gəlmirdi: "Allaha şükürlər olsun ki, sizləri öldürüb yox etdi və insanlığı sizin pisliklərinizdən qorudu."
İmam səbirlə şamlını sona qədər dinlədi və sonra "Təthir" ayəsini oxudu: "Allah yalnız siz Əhli-beytdən hər cür pisliyi və çirkinliyi təmizləyib sizi pak-pakizə etmək istəyir."
Sonra o həzrət bu ayənin bizim haqqımızda nazil olduğunu buyurdu. İmamın bu sözlərindən sonra şamlı necə aldadıldığını anladı. Əvvəl düşündüyü kimi, əsirlərin İslam əleyhdarları deyil, Peyğəmbər (s) övladları olduğunu başa düşdü və dediklərindən peşman oldu, tövbə etdi.
Bəli, imam Səccad (ə) və xanım Zeynəbin (ə) əsarət boyunca, xüsusilə də, Şamdakı çıxışları, Əhli-beyt düşmənlərinin uzun illər boyu söylədikləri yalanların üstünü açıb təbliğatlarını təsirdən saldı.
Maide.az