21 Noyabr 2024 - 21
İmam Səccadın (ə) yaşadığı və imamət etdiyi dövr Əhli-beyt davamçıları üçün ən çətin və şiddətli bir dövr idi. Aşura hadisəsindən sonra bütün Əhli-Beyt davamçılarını İmamın ətrafından dağıtmışdılar. Şeyx Müfid nəql edir: “İmam Hüseynin (ə) şəhadətindən sonra insanlar Əhli-beytdən üz döndərdilər, üç nəfərdən başqa. Sonra yavaş-yavaş yenidən qoşuldular”. (Tebyan)
Onların Əhli-Beytdən uzaqlaşmalarının səbəbi bu idi ki, hakimiyyəti qəsb edən ünsürlər insanlara təzyiq göstərir və işgəncə verirdilər. İmam Səccad (ə) da bu cür çətin bir dövrdə tərəfdaşlarının və tələbələrinin olmadığına görə, vaxtının çoxunu ibadət və münacatda keçirirdi. Bu yolla Əhli-Beyt davamçılarını təhlükədən qoruyurdu. Ona görə də Əhli-Beytin arasında ancaq ona Səccad və Zeynəlabidin ləqəbini vermişdilər.
Yəni Əhli-Beytin bütün təmsilçiləri ibadət və münacatın vurğunu və aşiqi idilər, amma İmam Səccad (ə) faktiki olaraq azadlıqdan məhrum edilmişdi və o həzrətin təbliğatı və fəaliyyəti sırf ibadət və dualarla məhdudlaşırdı. Bu səbəbdən onun mübarək ləqəbləri real mənzərəni əks etdirirdi. İmam Səccad öz fikir və nəzərlərini dualarda qeydə alır və bu yolla təbliğini edirdi. Ona görə də ondan sonra gələn imamlar – İmam Baqir (ə), İmam Sadiq (ə) onu bu dualar vasitəsilə tanıdır və şəxsiyyətinin müxtəlif tərəflərini məhz bu yolla insanlara çatdırırdılar.
İmam Səccadın (ə) həyatı o qədər gizli idi ki, onun həyatını məsumlardan başqa heç kəs bizə olduğu kimi tanıda bilməz. İmam Baqir (ə) buyurur: “Əli ibni Hüseyn (ə) buyurur: “Təvazökarlıq etməkdə, ibadətdə səy göstərməkdə ən layiqli insanlar – vəsilər və onların davamçılarıdır””.
İmam Sadiq (ə) buyurur: “Əli ibni Hüseyn (ə) buyurur: “Sevmirəm ki, böyük nemətlər əldə edən zaman nəfsim zəlil olsun””. Yəni əgər mənə böyük nemət versələr və mən bu nemət qarşısında izzətimi satmalı olsam, heç bir zaman bu işi görmərəm, atam İmam Hüseyn kimi.
İmam Səccad (ə) başqa yerdə buyurur: “Mənim yanımda heç bir içəcək qəzəbi yatızdırmaqdan daha sevimli deyildir”.
İmam Rza (ə) buyurur: “Əli ibni Hüseyn buyurur: “Mən ancaq özüm fayda aparmaq üçün əkinçilik etmirəm. Bəlkə yoxsulların bu buğdadan istifadə etməsi üçün əkinçiliklə məşğul oluram””.
İmam Rza (ə) nəql edir: “Əli ibni Hüseyn üzümü çox sevərdi və bir gün həzrətin kənizlərindən biri bir salxım üzüm gətirir və onun qarşısına qoyur. Bu zaman evin qapısına bir yoxsul gəlir və həzrət əmr edir ki, bu üzümü ona versinlər. İmamın nökərlərindən biri bu səhnəni görəndə qərara alır ki, həmin üzümü o yoxsuldan satın alsın və İmam üçün gətirsin. Bu işi görür və başqa bir yoxsul qapını döyür. Həzrət ikinci dəfə də əmr edir ki, bu üzümü həmin yoxsula versinlər. Bu iş üç dəfə təkrar oldu və İmam dördüncü dəfə üzümü yedi”.
Bəli, 4-cü İmamımız (ə) belə bir mübarək insan idi.
Deyerler.org