23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Qeys ibn Mushirin Kərbəlada misilsiz şücaəti
09.11.2018

Məhərrəm ayının ikinci günündə Kərbəlaya daxil olan İmam Hüseyn (ə) və ailəsinin öncə Hürr, sonra isə Ömər ibn Səd tərəfindən yolları kəsilərək hərəkətlərinə mane yaradıldı. Artıq Ömər ibn Səd 4 mindən artıq bir ordu ilə imamın qarşısında dayanmışdı.

Bununla yanaşı İbn Ziyad Kufə minbərinə çıxıb xütbə oxuyur və bəzilərini aldatmaq, bəzilərini isə qorxutmaq yolu ilə özünə tabe etdirirdi. Hətta özü ilə gətirdiyi qızıllardan bir hissəsini Şam əhalisi üçün, bir qismini də kufəlilər üçün ayıraraq əhaliyə payladı. “Səfər” üçün hazırlıqların başlamasına dair göstəriş verdi.

Hətta qeyd olunur ki, Şimr, Hissin ibn Nimr, Məzahir ibn Rəhanə və bir neçə nəfər şəxs tabeçiliyində olan dəstələrlə döyüşə hazır olduqlarını elə ordaca bildirdilər. Ümumilikdə Kufədə 15 min silahlı toplandı.

Öz karvanı ilə Kərbəlada dayanan İmam bir daha məktub yazaraq Qeys ibn Mushir vasitəsilə kufəlilərə göndərir. Düşmən ordusu Qeysin yola düşməsindən xəbər tutaraq onu təqib edirlər. Ələ keçməyə yaxın Qeys məktubu parçalayıb oxunmaz hala gətirir. Onu ələ keçirib İbn Ziyadın yanına aparırlar. İbn Ziyad hiyləyə əl ataraq Qeysə deyir ki, məktubda nə yazıldığını və kimlərin adı olduğunu desən, səni bağışlayaram. Yaxud da Əli (ə) və övladlarına nalayiq sözlər desən səni əfv edərəm. Qeys bununla razılaşıb, nalayiq sözlər demək üçün sarayın damına çıxır və üzünü Kufə əhlinə tutub bərkdən qışqırır:

“Ey Kufə əhli! Mən Hüseyn ibn Əlinin (ə) sizə göndərdiyi elçisiyəm. Mən o həzrətin xəbərini sizə çatdırmaq üçün gəlmişəm. Onun çağrışına cavab verin!”

Vəziyyəti belə görən İbn Ziyad çaş-baş qalır və dərhal onun qətlinə əmr verir. Həmin anda Qeysi sarayın damından aşağı atıb şəhid edirlər.


Yaşar Nuriyev