23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Kərbəlada şəhid olan Xəzrəc qəbiləsinin hədis ravisi kimdir?
13.11.2018


Xəzrəc tayfasından olan Əmr ibn Qərəzə ibn Kəb Ənsari imam Hüseynin (ə) vəfalı və fəal səhabələrindən idi. Nəsil-nəcabəti mədinəlidir və özü Kufədə yaşayırdı. Onun atası Qərəzə İslam peyğəmbərinin səhabələrindən olmuş və “Ühüd” döyüşündə o həzrətin rikabında döyüşmüşdür. Xəzrəc qəbiləsinin hədis ravilərindən olan Qərəzə Kufəyə hicrət edərək İmam Əlinin (ə) dostları sırasına qoşulur və o həzrətin döyüşlərində iştirak edir. İmam Əli (ə) onu bir müddət Fars vilayətinə vali təyin edir. “Siffeyn” döyüşündə o həzrətin ordu sərkərdələrindən olur və nəhayət, 51-ci hicri-qəməri ilində əbədiyyətə qovuşur.

Kərbəla cərəyanında Əmr ibn Qərəzə Kufədən Kərbəlaya gələrək özünü İmam Hüseynə (ə) yetirir. Tarixdə göstərilir ki, Məhərrəm ayının 7 və ya 8-ci günlərinin birində İmam Hüseyn öz dostlarından olan Əmr ibn Qərəzə Ənsarinin vasitəsi ilə Yezid ordusunun sərkərdəsi Ömər ibn Sədə xəbər göndərir ki, İmam onunla görüşüb söhbət etmək istəyir. Ömər Səd də bu təklifi qəbul edir. İmam Hüseyn (ə) gecə yarısı iki qoşunun arasında qurulmuş çadırda Ömər Sədlə görüşür. İmam Hüseyn onu nəsihət etsə də, faydası olmur.

Tarixdə yazılır ki, Aşura günü Əmr ibn Qərəzə İmam Hüseyndən (ə) döyüş meydanına yollanmaq üçün icazə istəyir. İmamdan icazə aldıqdan sonra meydana qədəm qoyur və meydana doğru hərəkət edərkən bu rəcəzi oxuyurdu:

قَدْ عَلِمَتْ کتیبَةُ الانْصاری‌ انّی‌ سَاحْمی‌ حَوْزَةَ الذَّماری
‌ضَرْبَ غُلامٍ غَیرَ نَکسٍ شاری‌ دُونَ حُسَینٍ مُهْجَتی‌ وَداری‌

“Ənsar ordusu yəqin bilir ki, mən şərəf və namusumu himayə edəcəyəm. Mənim zərbələrim gənc bir insanın zərbəsi kimidir, zəif və gücsüz deyil! Canım və malım Hüseynə qurban olsun!” (“Tarixi-Təbəri”, 5-ci cild, səh.434.)

Aşura günü zöhr namazı vaxtı İmam Hüseyn (ə) namaza başlayır. Əmr ibn Qərəzə bir neçə nəfər səhabə ilə birlikdə imam Hüseynin (ə) canını qorumağı öz öhdəsinə götürür.

O, çoxlu bədən yarası aldığı zaman üzünü İmam Hüseynə tutub deyir:

أَوَفَیْتُ یا ابْنَ رَسُولِ الله

“Ey Peyğəmbərin (s) övladı! Əhdimə vəfa qıldımmı?”

İmam (ə) buyurur:

نَعَمْ، أَنْتَ أَمامِی فِی الْجَنَّةِ فَاقْرَءْ رَسُولَ اللهَ مِنّی السَّلامُ وَأَعْلِمْهُ أَنّی فِی الاَْثَرِ

“Bəli! Sən cənnətə məndən qabaq gedəcəksən. Mənim salamımı Rəsulullaha yetir və de ki, mən də səndən sonra görüşünə gələcəyəm.”
Əmr bu sözləri eşitdikdən sonra təbəssüm edir və gözlərini yumaraq şəhadətə yetir. (“Əl-məlhuf”, Seyid ibn Tavus, 1-ci cild, səh.162.)
“Nahiyeyi-müqəddəsə” ziyarətində belə oxuyuruq:

السَّلامُ عَلی‌ عمرو بنِ قَرظَةِ الانْصاری

“Salam olsun Əmr ibn Qərəzə Ənsariyə!” (“Əl-qbal”, Seyid ibn Tavus, 3-cü cild, səh.78.)

Maide.az