03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

İmam Hüseynin qapısı dünyanın bütün insanlarına açıqdır
28.11.2018

İnsanlar əməllərində muxtardırlar (ixtiyar sahibidirlər - red.). İmam Hüseynin islah metodu bizə bunu öyrədir ki, əgər insan özü haqqı qəbul etmək istəməzsə, onunla İmam Hüseynin özü də danışsa, qəbul etməyəcək. Məsələn, Kərbəlada Ömər ibn Sədlə İmam Hüseynin biləvasitə özü danışdı. Amma Ömər imamın sözlərini qəbul etmədi. Amma Hürr ilə İmam Hüseyn özü birbaşa danışmadı. Hürr İmam Hüseynə heç məktub da yazmamışdı, amma o, İmam Hüseynin əzəmətindən təsirləndi, hidayətə qovuşdu.

Hürr orada heç kimi öz arxasıyca gəlməyə məcbur etmədi. Hətta oğlu və qulu ona qoşulub imama tərəf gəlmişdilər, onları da məcbur etməmişdi. Yəni bu cür olmadı oğluna desin ki, gəl mənimlə gedək. Necə ki, həzrət Nuh peyğəmbər (ə) oğlunu öz tərəfinə çəkməyə məcbur etməmişdi. Hürr sevgisini İmam Hüseynə könüllü olaraq bağladı. Amma nigaran olmadı ki, birdən imama tərəf getsəm, imam məni qəbul etməz. Düşündü ki, mənim sevgim budur. İmam qəbul etsə də, etməsə də. Məhz buna deyirlər mərifət.

Hürr İmam Hüseynin qapısına gəldi. Gəldikdən sonra təkcə bunu soruşdu ki, mənə bir tövbə yolu varmı? Nəql edirlər, İmam Hüseyn ona belə buyurdu: "Başını qaldır yuxarı. Bu qapıya gələn gərək başını aşağı salmasın".

Yel yatar tufan yatar,

Yatmaz Hüseynin bayrağı.

Ürəklərində Hüseyn sevgisi olanlar gərək başlarını yuxarı tutsunlar.

Hürr İmam Hüseyndən ayrılanda dedi, ağa, məni bağışla. İmam Hüseyn buyurdu, sən ki, bu qapıya gəldin, keçmişi kənara qoy, üstünü açma. Çünki biz səni qəbul etdik. İmam Hüseyn Hürrün başını alır qucağına və başının yarasına bir dəsmal bağlayır.

Yəni dünyanın hər yerində olanlara Hüseynin qapısı açıqdır. Demə ki, mən şərab içmişəm, filan işi görmüşəm, namazı az qılmışam. Bu qapıya gəlsəniz, onların hamısı düzələr.

Əli Əhmədpur