21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Uşaqlıq çağlarında ilahi mərifət sahibi - həzrət Abbas (ə)
03.12.2018

Ata-ana tərbiyəsi və ailə mühiti insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Həzrət Əbülfəzl də bu ümumi qanundan istisna oluna bilməz. Ümmül-Bənin kimi ananın qucağında tərbiyələnmək, Əmirəl-möminin kimi atadan əxlaqi-mənəvi sifətləri, xüsusiyyətləri öyrənmək, İmam Həsən (ə), İmam Hüseyn (ə) Zeynəb(ə) və Ümmü-Gülsüm kimi bacı-qardaşlarla birlikdə boya-başa çatmaq Əbülfəzl yox, Əbülfəzail (fəzilətlər, gözəlliklər atası - red.) yarada bilər. Lakin o cənabın uşaqlıq çağlarını və imamların onun barəsində buyurduqları qiymətli sözləri araşdırarkən məlum olur ki, onun gözəl və xoşagələn əxlaqı, biliyi, təqvası, ibadəti, mərifəti, şücaəti və fədakarlığı mühitdən doğan şəxsi qazanc deyildir. Bu sifətlər, bu xasiyyətlərin bir hissəsi o həzrətdə zatidir ki, dəyərli atasından irs qalmışdır.

Mətləb bir az aydınlaşsın deyə “Müstədrəkul-vəsail” və Xarəzminin “Məqtəl”indən götürülmüş bir hədisin məzmununu nəql edirik: "Uşaqlıq çağlarında bir dəfə həzrət Əbülfəzl atası Əmirəl-mömininin yanında oturmuşdu. İmam Əbülfəzlin görkəminə tamaşa edərək onunla uşaq dili ilə danışmaq istədi və dedi: “Oğlum, de - bir". Əbülfəzl dedi: “Bir”. İmam buyurdu: “De - iki” Əbülfəzl ərz etdi: “Atacan, bir dediyim dil ilə iki deməyə həya edirəm”. Əmirəl-möminin öz azyaşlı əziz övladından bu sözü eşitdikdə onu qucaqlayıb öpdü. Vahid və tək olmaq yalnız yerin-göyün yaradanına məxsusdur. İmamət şəcərəsinin meyvəsi, məsumluq sülaləsinin bir budağı olan şəxsin ağzından təbii ki, Allaha layiq olmayan bir söz çıxmamalıdır. Nəinki uşaqlar, hətta bir çox böyüklər və çox yaşlı adamlar belə bu cür yüksək düşüncə mərhələsinə yetə bilməmişlər. Körpə vaxtı bu tərz-təfəkkürə malik olması bunu göstərir ki, həzrətin belə mərifətə sahib olması qazanc və öyrənməklə ələ gəlməmişdir. Bu, atasından qan vasitəsi ilə ona keçmiş zati xüsusiyyətdir. Elə bir ata ki, buyurmuşdu: “Pərdələr, maneələr götürülsə, mənim inamımda, imanımda və yəqinimdə heç nə artmayacaq”.

Bu girişdən sonra üç məsumun o həzrət haqqında dediklərinə nəzər salaq:

1) İmam Sadiq (ə) həzrət Əbülfəzl haqqında belə buyurur: “Əmimiz Abbas iti baxışlı, möhkəm və sabit imana malik bir şəxs idi. Qardaşı Hüseyn ilə yanaşı cihad etdi. Bu imtahanın öhdəsindən layiqincə gəlib şəhid olaraq axirət dünyasına köçdü”. Yenə də İmam Sadiq Əbu Həmzə Sumaliyə öyrətdiyi bir ziyarətnamədə çox gözəl, ürəyə yatımlı və çox dərin mənaları olan cümlələr işlətmişdir. Bu cümlələr həzrət Əbülfəzlin tam sədaqətini, ixlasını, ruhunun böyüklüyünü göstərir, peyğəmbərlərin məqsədini, imamların amallarını reallaşdırmaq uğrunda fədakarlığını özündə əks etdirir. Aşağıdakı cümlələr bundan bir nümunədir: “Şəhadət verirəm ki, sən nəsihət və əmr be-məruf borcunu, vəzifəni kamil surətdə yerinə yetirdin və bu yolda bütün səylərini işlətdin. Şəhadət verirəm ki, sən özündə zəifliyə, süstlüyə, qorxuya və vahiməyə yol vermədin, seçdiyin (şəhadət) yolunu aydın fikirlə və açıq gözlə seçdin. Sən salehlərə iqtida etdin və peyğəmbərlərin ardınca getdin”.
Altıncı imamın həzrət Əbülfəzl haqqında fikirləri bundan ibarət idi.

2) İmam Səccadın (ə) açıqlaması. Əbu Həmzə Sumali deyir: “Bir gün Əli ibn Hüseyn (İmam Səccad) Abbas ibn Əlinin (həzrət Əbülfəzl) oğlu Übeydullahı gördü. Həzrətin gözləri yaşla doldu. Belə buyurdu: "Ühüd və Mutə döyüşü Peyğəmbərin həyatının ən ağır günləri hesab olunurdu. Çünki Ühüd döyüşündə əmisi Həmzə, Mutə döyüşündə isə əmisi oğlu Cəfər ibn Əbutalib şəhid oldu. Lakin Hüseyn üçün Aşura günü bunlardan daha çətin idi. Çünki Aşura günü Hüseyn ibn Əlini 30 min nəfər mühasirəyə almışdı. Onlar hamısı özlərini müsəlman hesab edir, Peyğəmbər övladını öldürməklə Allaha daha yaxın olmaq məqsədi güdürdülər. Hüseyn onlara nə qədər öyüd-nəsihət verdisə də təsir etmədi. Sonda zülmlə onu şəhid etdilər”. Sonra İmam Səccad Əbülfəzldən söz açıb buyurdu: “Allah rəhmət eləsin, əmim Abbasa, o gün o, çətin sınağın öhdəsindən layiqincə gəldi. O, bütün varlığını qardaşına fəda etdi. Onun qollarını kəsdilər, Allah o iki qolun əvəzində ona iki qanad bağışladı. O, iki qanadın vasitəsi ilə Cəfər Təyyar kimi mələklərlə birgə əbədi Behiştdə pərvaz edir”. Sonra İmam Səccad bu cümləni də əlavə etdi: “Abbasın Allah yolunda elə məqamı və dərəcəsi vardır ki, qiyamət günü bütün şəhidlər onun məqamına qibtə edəcək və onun kimi olmağı arzulayacaqlar”.

3) İmam Hüseynin açıqlaması. Əgər İmam Hüseynin həzrət Əbülfəzl haqqında dediklərini nəzərə alsaq və onun barəsində işlətdiyi cümləyə diqqət yetirsək, o həzrətin şəxsiyyəti, böyüklüyü bizim üçün daha da aydınlaşar. Tasua (Aşura gecəsi) günü axşam düşmən hücuma başlarkən imam qardaşına belə müraciət etdi: “Canım sənə qurban, qardaş! Atına min, bunlarla görüş və çadırlara tərəf hərəkət etmələrinin səbəbini soruş”.

Bu cümlənin məfhumuna diqqət edərkən insanı heyrət və təəccüb bürüyür. İnsan fikri bunu dərk etməkdə acizdir. Bu nə məqamdır ki, məsum imam, kainatın yaranma səbəbi özünü ona fəda edir?! Bu, nə mənəviyyat, bu, nə dərəcədir ki, bəşəriyyətin yüksək şəxsiyyəti, haqqında “Allah sizinlə başlayır və sizinlə bitirir” cümləsini dediyimiz şəxslərdən biri onu “sənə qurban olum” kimi fəxri medalla təltif edir?! Yaxşı olar ki, imamın bəyanının üzərindən keçək və onun daxili mənasını öz öhdələrinə qoyaq. Necə ki, özləri buyurmuşlar: “Həqiqətən, bizim kəlamımız çətindən də çətindir”.

Bu bəhsi tamamlamaq üçün, yeri gəlmişkən, bir mövzunu da qeyd edək. Aşura günü İmam Hüseyn və həzrət Əbülfəzldən əlavə Əmirəl-mömininin digər dörd oğlu da şəhid olmuşdur. Deməli o, həzrətin Kərbəlada altı övladı şəhid olmuşdur. O dörd nəfər isə bunlardır:

1) Abdullah ibn Əli. Şəhid olanda 25 yaşda idi və həzrət Əbülfəzldən təxminən 9 yaş kiçik idi.
2) Osman ibn Əli. Şəhid olarkən 23 yaşı vardı.
3) Cəfər ibn Əli. Onun 21 yaşı vardı, həzrət Əbülfəzllə bu üç şəhidin anası Fatimə Ümmül-Bənin idi.
4) Məhəmməd ibn Əli. Onun anası Məsud ibn Xalidin qızı Leyla idi. Lakin şəhid olarkən neçə yaşda olması dəqiq məlum deyil. Tarix kitablarından əlavə müqəddəs nahiyə ziyarətnaməsində bu dörd şəhid əzəmət və ehtiramla yad olunmuş, hər birinin qatili adı ilə müəyyən edilmiş və lənətlənmişdir.

Məhəmmədsadiq Nəcmi