21 Noyabr 2024 - 21
Bəşər həyatı qaranlıq və aydınlıq, çirkinlik və gözəllik, şər və xeyirdən ibarət bir toplumdur. Kərbəla hadisəsində yaşananlar da bundan müstəsna deyil, onun da iki səhifəsi və siması vardır: ağ səhifə və qara səhifə. Qara səhifəyə baxdıqda, cinayət hadisəsi, olduqca qaranlıq və qorxulu hadisələr görünür. Burada rəhmsizlik, daşürəklilik, yırtıcılıq, alçaqlıq və namərdliyin ən son həddi nümayiş olunur. Kərbəlanın ağ səhifəsi isə gözəllikdən başqa bir şey deyildir. Necə ki, xanım Zeynəb (ə) buyurmuşdur: “Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim.” Bu səhifə insaniyyət, səfa-səmimiyyət, qəhrəmanlıq, fədakarlıq və vəfadarlıq nümunələrindən ibarətdir.
Birinci səhifənin, yəni qara səhifənin qəhrəmanları Yezid, İbn Ziyad, Ömər Səd, Şimr, Hərmələ və başqalarıdır. İkinci səhifənin qəhrəmanları isə İmam Hüseyn (ə) Həzrət Əbülfəzl (ə), Həzrət Əliəkbər (ə), Xanım Zeynəb (ə), Xanım Ümmü Gülsüm, bir sözlə, İmam Hüseynin (ə) əhli-beyti və səhabələridir. Hadisənin bu səhifəsi olduqca dəyərlidir. Məhz bu cəhətə görə, Kərbəla hadisəsi nadir, hətta misilsizdir. İmam Hüseynin (ə) Aşura gecəs öz səhabələrinə “Artıq qaranlıq sizə üz gətirib... Bu gecənin qaranlığında sizdən hər biriniz mənim yaxınlarım və qardaşlarımdan birinin əlindən tutub pərakəndə olun... Onlar yalnız məni (tutmaq-öldürmək) istəyir...” – deyə buyurması, səhabələrin gecəni səhərə qədər ibadət və raz-niyazla keçirmələri, Hürr ibn Yəzid Riyahinin tövbəsi və İmam Hüseyn (ə) tərəfindən qəbulu, həzrət Əbülfəzlin suya daxil olub su içməməsi, səhabələrin hədsiz vəfadarlıqları və s. ağ səhifənin nümunələrindəndir.
Başqa sözlə, hər bir ölkədə elm və sənət əsərlərinin sərgisi təşkil olunur. Bəzən bu sərgilər beynəlxalq səviyyədə nümayiş etdirilir. Məqsəd isə, bəşər əməlləri və düşüncələrinin məhsullarını göstərməkdir. İnsan onları gördükdə, bəşər təfəkkürünün, fəaliyyətinin və hünərinin əzəmətinin miqyasını anlayır. Kərbəla səhnəsini də bir sərgi nümayişinə bənzətmək olar, lakin elm və sənət nümayişi deyil, mənəviyyat, sədaqət və irfan nümayişidir. Bu nümayişdə insan bəşərin əxlaqi, ruhi və mənəvi qüdrətinin əzəməti, nə qədər fədakar, azad, allahpərəst, haqsevər və haqpərəst olması diqqəti cəlb edir. İnsan başa düşür ki, səbir, “riza” məqamı, Allah dərgahında təslimçilik, şücaət, mürüvvət, kərəm və alicənablıq nə qədər özünü göstərmək qüdrətinə malikdir. Adətən, əzadarlıq mərasimlərində Kərbəlanın faciəvi, zülm və sitəm simasına, qara səhifəsinə daha çox önəm verilir, ürəkyandıran faktlar daha çox araşdırılır. Amma Kərbəla bəşərin bədbəxtliyi və çirkinlik göstəricisinin sərgisi olmaqdan daha çox ruhaniyyətin, mənəviyyatın, ali əxlaqın və insaniyyətin nümayişidir. Bunun qəhrəmanları isə İmam Hüseyn (ə) başda olmaqla Kərbəla şəhidləridir! (“Həmaseyi-Hüseyni”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, səh.374, 389-390.) (Maide)