21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Şəhadət şövqü
27.12.2018

Pir olub, taqətdən düşsə də canım
Cavan aşiqlərlə birdir ünvanım.
Bu səhra şahiddir mənim eşqimə,
Soruşma ürəyim çırpınır niyə!

Bu bir şüar yox, həqiqətdir. Ölüm üçün şadlıq, şəhadət şövqü! İnsan özü ilə Allah, behişt, Peyğəmbər və imamlar, siddiqlər və şəhidlər arasında bir gecəlik fasilə görən vaxt bu səfərin necəliyindən xəbərdar ola-ola necə sevinməyə bilər?! Şəhadət sevinci o insanlara xasdır ki, ilahi agahlığa, "elmül-yəqinə" çatmış olsunlar. Həbib ibn Məzahir belə insanlardan idi.

İmam Hüseyn səhabələri peyğəmbər yadigarlarının qarşısında, Allah yolunda şəhadətə yetişəcəklərini bildikləri vaxt şadlanır, zarafatlaşırdılar. Həbib ibn Məzahir üzündə təbəssüm, sevincək halda səhabələrin yanına getdi. Yezid ibn Həsin Təmimi adlı səhabə bu şadlığa etiraz edərək dedi: "Məgər indi zarafat, gülmək vaxtıdırmı?!" Həbib ibn Məzahir dərin bir imandan danışan cavab verdi: "Sevinib-şadlanmaq üçün bundan da yaxşı vaxt olacaqmı?! And olsun Allaha, bir şey qalmayıb ki, o azğınların qılıncları bizi doğrasın və behişt hurul-eyninə qovuşaq".

Şadlığından özünə sığmayan, deyib-gülən digər bir səhabəyə təəccüblə dedilər: "Axı indi boş işə vaxt sərf etməzlər". O belə cavab verdi: "Yaxınlarım yaxşı bilirlər ki, mən nə gəncliyimdə və nə də qocalığımda boş şeylərə vaxt sərf etməmişəm. Amma qarşıdakı görüş məni sevindirir. Behiştlə bizim aramızda düşmən qılınclarının sıyrılması qədər vaxt qalır".

Belə bir şəhadət eşqi harada görünüb?! Yalnız və yalnız ilahi məktəblərdə, din alimlərinin təlimləri sayəsində aşiqlərin baxış üfüqləri bir bu qədər genişlənir, dərinləşir və işıqlanır! Müqəddəs müdafiənin nurani cəbhələrində İslam mücahidlərinin ruhiyyəsi yada düşür. Bu insanları ruhlandıran, şübhəsiz ki, Kərbəla dastanı idi və bu mücahidlər Hüseyn-Aşura məktəbinin şagirdləri idilər.

Cəvad Mühəddisi