24 Noyabr 2024 - 24
Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox aydın şəkildə məlum olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər.
Həmçinin Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki, onlar Mədinəyə qayıdanda öz borcunu lazımınca yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.
İndi Kərbəla inqilabının təbliğinin göstərdiyi fəaliyyət və risalətin nə dərəcədə böyük olduğunu tam şəkildə başa düşmək üçün iki tarixi nümunəyə işarə edək.
1) İmamət ailəsinin "Hirrə" faciəsində qorunması
İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra İslam ölkəsinin digər şəhərləri ilə həmzaman olaraq Peyğəmbərin qohum-əqrəbasının əsas yaşayış yeri olan Mədinə şəhəri də yavaş-yavaş həyəcana gəldi. Mədinənin hakimi öz fikrinə görə belə bir tədbir töküb gənc xəlifəni (Yezidi) yaxından görmək və onun mərhəmətindən bəhrələnmək üçün şəhərin böyüklərini Şama göndərdi ki, onlar Mədinəyə qayıtdıqdan sonra camaatı Yezidə itaət etməyə cəlb etsinlər. Lakin nə düzgün tərbiyəsi, nə tədbir və uzaqgörənliyi olan və nə də İslamın zahirinə əməl edən Yezid Mədinə şəhərinin nümayəndələri qarşısında da şərab içməyə, it oynatmağa və şəriətdən kənar olan işlər görməyə başladı. Nümayəndələr Şamdan qayıdan kimi fəryad çəkib dedilər: "Yezid şərab içən, it oynadan fasiq bir adamdır. Belə bir şəxs müsəlmanların rəhbəri ola bilməz!"
Nəhayət şəhərin hər tərəfində qiyam qalxdı və qiyamçılar Mədinə hakimini və Əməvi sülaləsini şəhərdən qovdular. Bu xəbər Şama çatdıqda Yezid Mədinə camaatını cəzalandırmaq üçün bir ordu toplayıb qoca bir kişi olan Müslim ibn Üqbəni orduya başçı təyin etdi. Müslim Mədinəni mühasirəyə aldı. Bir müddətdən sonra şəhər əhalisi orduya müqavimət göstərə bilməyib təslim oldu. Şam ordusu üç gün Mədinədə kütləvi qırğın törətdi və heç bir çirkinlikdən çəkinmədi. Nə qədər dindar, təqvalı və mömin kişilər qırıldı, nə qədər hörmətsizliklər oldu, nə qədər qadın və qızlar bu vəhşi ordunun təcavüzünə məruz qaldılar.
Bu hadisə tarixdə "Hirrə" faciəsi adı ilə məşhur oldu. Lakin bu böyük faciədə İmam Zeynəlabidin və Bəni–Haşimdən olanların evi hər hansı bir zorrakılıqdan toxunulmaz qalmışdı. Məhz buna görə də, Mədinə şəhəri mühasirədə olan zaman onlarla müsəlman ailəsi o həzrətin evinə gəlməklə təcavüzdən qorunmuşdu.
Təbəri yazır: "Yezid Müslim ibn Üqbəni Mədinəyə göndərəndə, ona dedi: "Əli ibn Hüseynin (İmam Zeynəlabidin əleyhissəlamın) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!" (İslamın Əməvilər sülaləsinin sonunadək olan dövrü əhatə edən təhlili tarixi, səh.170. Tarixül-üməmi vəl-mülük, c.7, səh.421.)
Şeyx Müfid yazır: "Müslim ibn Üqbə Mədinəyə daxil olduqda İmam Zeynəlabidin əleyhissəlamı yanına dəvət etdi. İmam Zeynəlabidin gəldikdə Müslim ona çox hörmət edib yanında əyləşdirdi və dedi: "Əmirəl-möminin (Yezid) mənə tapşırıb ki, sənə yaxşılıq edəm və səni başqalarından fərqləndirəm". İmam Zeynəlabidin (əleyhissəlam) ona öz təşəkkürünü bildirdi. Sonra Müslim ətrafında olanlara dedi: "Mənim qatırımı onun üçün yəhərləyin".
Sonra isə İmam ZeynəlAbidin əleyhissəlama dedi: "Ailənin yanına qayıt. Bəlkə də, biz onları qorxutduq və səni bura gəlməyinlə zəhmətə saldıq. Əgər bizim ixtiyarımızda bir şey olsaydı, sənə əta edərdik. Həqiqətən sən buna layiqsən".
Dördüncü İmamın həyatından bəhs edərkən deyəcəyimiz səbəblərə görə, şübhə yoxdur ki, Müslimin İmamla yaxşı rəftar etməsinin əsas səbəblərindən biri bu idi ki, İmam Zeynəlabidin qiyamın əvvəlindən kənara çəkildi və qiyamçılarla əlbir olmadı. Ancaq bu da məlumdur ki, İmam Hüseynin şəhadəti Yezidə baha başa gəlmişdi və hələ o, törətdiyi bu böyük cinayətə görə ümumi camaatın fikir təzyiqinə məruz qalmışdı. Buna görə də, Yezid imamət ailəsinə yenidən əziyyət verməklə öz adını daha da pisləşdirmək istəmirdi.
2) Əbdülməlik ibn Mərvanın Həccaca əmri
Yəqubi yazır: "Əbdülməlik ibn Mərvan Hicaza vali təyin etdiyi Həccaca yazır: "Məni Əbu Talibin balalarının qanına bulaşdırma. Çünki mən özüm gördüm ki, Əbu Süfyanın ailəsi onlarla mübarizə apardı, axırda özləri məhv oldu".
Əbdülməlik ibn Mərvanın Bəni–Üməyyənin siyasətçi və fərasətli bir xəlifəsi olduğunu bildiyimiz halda və onun Kərbəla hadisəsindən beş il sonra hakimiyyət başına gəldiyini nəzərə aldıqda, bu etirafın hansı dəyərə malik olduğunu hiss edirik. Bu əmr göstərir ki, Əbu Süfyanın ailəsi Əbu Talibin ailəsinə qarşı göstərdikləri bu qədər təcavüz və zorakılıqlara baxmayaraq, onlar yenə də öz çirkin məqsədlərinə nail ola bilmədilər. Onlara qalan isə təkcə üzüqaralıq və lənət oldu.
Mehdi Pişvayi