23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Zeynəb Yezidin sarayında Hüseynin nizədəki başından əvvəl, ismətindən söz açdı
31.01.2019

Yəhya Mazini deyir ki, mən neçə il həzrət Əli (ə) ilə qapı-qapıya, divar-divara qonşu oldum. Eşitmişdim ki, Əlinin Zeynəb adında bir fəzilətli qızı var. Amma bu illər ərzində qonşuluqda olan bu xanımın nə özünü gördüm, nə də səsini eşitdim. Həzrət Zeynəb iffətində, ismətində belə bir xanım idi.

Kərbəla hadisəsindən sonra əsirləri gətridilər Şama. Həzrət Zeynəbin Şamda məşhur xütbəsi var. Xanım orada Allaha həmd-səna etdikdən sonra Yezidə deyir ar olsun sənə. Sən öz qadınlarını pərdə arxasında saxlayırsan, amma Rəsulullahın qızını, gəlinini şəhər-şəhər, diyar-diyar, bazarların içərisindən keçirtmisən, indi də gətirib burada camaatın içərisində hicabsız halda saxlamısan?

Xanım bu sözləri deyəndə Hüseyn ibn Əlinin başı nizə üzərində idi. Hüseyn ibn Əlinin o nizədəki başından söz açmamış, xanım ismətindən söz açdı. Onun ön planda olan dərdi Allah Rəsulunun ailəsinin orada hicabsız dayanması idi. Xanım Zeynəb Kərbəlanın əsərlərini qorudu. Əgər o olmasaydı, Kərbəla əsərlərinin qoruyucusu olmazdı.

1980-cı ildə Səddam Hüseyn Seyid Məhəmməd Baqir Sədri tutdurdu. Onunla birgə bacısı Aminə Bintul-Hüdanı da həbs etdi. Çünki Seyid Məhəmməd Baqir Sədr və bacısı Aminə Sədr Səddamın fəsadlarına qarşı etiraz səslərin qaldıran insanlar idilər. Ölkə səviyyəsində bəzi şəxslər Səddama dedilər ki, madam qərara gəlmisən ki, Seyyid Məhəmməd Baqir Sədri öldürəsən, heç olmasa bacısı Aminəni öldürmə.

Bilirsinizmi Səddam nə cavab verdi? Səddam dedi bu səhvi bir dəfə Yezid edib. Mən həmin səhvi təkrar etmərəm. Yezid Hüseyni öldürdü, Zeynəbə dəymədi. Zeynəb onun axırına çıxdı. Mən Seyid Məhəmməd Baqir Sədri öldürüb bacısı Aminə Bintul-Hüdanı saxlasam, Zeynəbdən öyrəndiyi işi görəcək.

Beləliklə 1980-ci il aprelin 9-də Səddamın əmri ilə bacı-qardaş ikisi də şəhid edildi.

Həzrət Zeynəb elə bir insan idi ki, Kərbəlanı qorudu.

Sərdar Hacıhəsənli