21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura - öz mahiyyətinə görə düzgün emosiyaların təlatümlü dəryasıdır
04.02.2019

Aşura hadisəsini söyləmək təkcə bir xatirə söyləmək deyil, saysız-hesabsız cəhətlərə malik olan bir hadisəni söyləməkdir. Deməli, bu xatirəni yada salmaq əslində çoxlu və saysız-hesabsız faydalarla nəticələnə bilən bir məsələdir. Buna görə siz görürsünüz ki, imamların dövründə İmam Hüseyn (ə) üçün ağlamağın və ağlatmağın öz yeri olmuşdur. Kimsə düşünməsin ki, fikir, məntiq və əsaslandırma fonunda daha ağlamağa və bu kimi qədim məsələlərə nə lüzum var. Yox, bu səhv fikirdir. Duyğu öz yerində, məntiq və dəlil də öz yerində. İnsan şəxsiyyətinin formalaşmasında onların hər birinin rolu var. Çoxlu məsələləri duyğu və məhəbbətlə həll etmək lazımdır, onlarda məntiqə və dəlilə yer yoxdur. Siz əgər peyğəmbərlərin hərəkatlarına baxsanız, görəcəksiniz ki, onlar peyğəmbərliyə çatdıqda, bir qrupun onların ətrafını tutduğu ilk anda əsas amil məntiq və dəlil olmayıb. Siz aydın və yazılı surətdə mövcud olan İslam Peyğəmbərinin (s) tarixində harada görmüsünüz ki, o həzrət misal üçün, Qüreyş kafirlərindən istedadlı və qabiliyyətli olan kimlərisə qarşısında oturdub onlara dəlil göstərsin; harada deyib ki, məsələn bu dəlilə görə Allah var, yaxud bu dəlilə görə Allah birdir və yaxud bu dəlilə və bu əqli əsaslandırmaya görə ibadət etdiyiniz bütlər batildir?! Dəlil və əsaslandırma hərəkatın irəlilədiyi zaman lazım olur.

Hərəkət ilk anda duyğusal və sentimental hərəkətdir. Əvvəldə fəryad qoparır: “Bu bütlərə baxın və gücsüz olduqlarını görün!” Əvvəldə deyir ki, Allah-Taalanın bir olduğunu bilin, “la ilahə illəllah” deyin ki, qurtulasınız!" Hansı dəlilə əsasən “la ilahə illəllah” qurtuluş səbəbidir? Burada hansı əqli və fəlsəfi əsaslandırma var? Sözsüz ki, doğru olan hər bir duyğuda bir fəlsəfi sübut var. Lakin söhbət bundan gedir ki, Peyğəmbər (s) öz dəvətinə başlayanda fəlsəfi dəlil irəli sürmür, doğruçu hissiyyatı və emosiyanı işə salır. Təbii ki, həmin doğruçu hissiyyat məntiqsiz və səhv hissiyyat deyil, daxilində əsaslandırma olan hissiyyatdır. Əvvəlcə diqqəti cəmiyyətdə olan zülmə, təbəqələr arasındakı fərqə, bəşər cinsindən olub Allahlıq iddiası edənlərin və insan şeytanların xalqa verdikləri əzaba yönəldir. Bu sözü gedən hissiyyat və emosiyadır. Əlbəttə, hərəkət sonra özünün məntiqli və normal axınına düşdükdə məntiqi əsaslandırmaya da növbə çatır; yəni əqli tutuma və düşüncə inkişafına malik olanlar yüksək əsaslandırmalara nail olurlar. Bəzi şəxslər isə həmin ibtidai dərəcələrdə qalırlar. Eyni zamanda bəlli deyil ki, əqli əsaslandırma baxımından yüksək səviyyədə olanlar mənəvi məqamlar baxımından da yüksək səviyyədə olsunlar. Xeyr, bəzən aşağı səviyyəli əqli əsaslandırmaya malik olanların emosiyaları güclü, qeybi başlanğıcla rabitələri daha çox, Peyğəmbərə (s) qarşı məhəbbətləri daha həyəcanlı olur və daha yüksək dərəcələrə çatırlar.

Məsələ belədir. Mənəvi hərəkətlərdə emosiyanın öz yeri var. Nə emosiya əqli əsaslandırmanın yerini tutur, nə də əqli əsaslandırma emosiyanın. Aşura hadisəsi öz mahiyyətinə görə doğruçu emosiyaların təlatümlü dəryasıdır. Uca, pak, işıqlı olan və uca mənəvi şəxsiyyətində zərrə qədər də şübhə olmayan bir insan dünyanın bütün insaflı adamlarının doğruluğuna dair yekdil fikirdə olduğu, cəmiyyəti zülm və ədavət caynağından xilasına hesablanan möhtəşəm hərəkətinə başlayır və deyir: "Ey insanlar! Аllаhın Pеyğəmbəri buyurmuşdur: “Kim Аllаhın hаrаmını hаlаl еdən... zalım bir hökmdаrlа üzləşsə..." Söhbət bundan gedir.

Ayətullah Xamenei