22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Şəhid behiştə birinci daxil olan şəxsdir
18.02.2019

Məhərrəm-səfər əyyamının mahiyyətində olan əsas mətləbə - şəhidlik mövzusuna toxunaraq, məsumlardan bununla bağlı bəzi hədislərə işarə edək.

Həzrət Peyğəmbərdən (s) belə nəql edirlər: “Behiştə birinci daxil olan kəs - şəhiddir”. Görürük ki, burada şəhidliyin yüksək məqamı göstərilir. Şəhidliyin Allah dərgahında olan mərtəbəsi göstərilir. İlahi mükafata ilk layiq görülən şəxs, İlahi rəhmətə ilk qovuşan şəxs - şəhiddir.

Behişt müsbətliklərin təcəssümüdür. Bu məkana ilk daxil olan insan misilsiz müsbətlik sahibidir. Bu mövzuda İmam Səccaddan belə bir hədis nəql edilir: “Allah dərgahında heç bir qətrə iki qətrədən daha sevimli deyil: (birincisi) Allah yolunda tökülmüş qanın qətrəsi; (ikincisi) gecə qaranlığında axıdılan göz yaşının qətrəsi”. Hədisdə toxunulan məqamları açıqlamaq istəsək, qeyd etməliyik ki, mübarək mətndə qeyd edilən hər iki mövzu bir bulaqdan qaynayır - Allaha olan eşqdən, həqiqi bəndəçilik arzusundan.

Diqqət etsək, hədisdə "gecə qaranlığı" məfhumu işlədilir. Bu, ixlasa, səmimiyyətə, qəlbin riqqətinə işarədir. Gözlərdən gizli bir məkanda bəndə Rəbbi ilə raz-niyaz edir, günahlarından tövbə edir, səhv və xətalarından Allaha pənah aparır. Təsadüfi deyil ki, şəhidin qanı bu göz yaşı ilə bərabər tutulub. Hər ikisinin mayası eynidir - ixlas, xalis niyyət. Yer üzərində öz yüksək missiyasını anlamaq və bu ideallar uğrunda hər bir şeyi qurban verməyə hazır olmaq...

Digər bir hədisdə həzrət Peyğəmbərdən belə nəql edirlər: “Şəhidin ilk qan qətrəsinə Allah Təala altı savab əta edər ki, (bunların birincisi odur ki,) bütün günahları silinər”. Bəli, məlum olur ki, Mütəal Allah şəhadət məqamına çatan əziz bəndəsini əfv edir. Onun günahları silinir, heç bir şey olmamış kimi, əməl kitabı tərtəmiz olur. Səbəb aydındır, bəndə imtahanını şərəflə verdi. Seçim qarşısında durduqda, geri çəkilmədi, başqasının arxasında gizlənmədi. Canını fəda etdi.

Və əlbəttə ki, ən başlıcası - burada niyyət məsələsidir. Əməllər yalnız Allaha bağlandıqda bunun mənası və müvafiq nəticəsi olur. Yalnız həqiqi Əbədiyə bağlı olan əbədi qalar və tarixin girdablarında itməz.

Şəhidə xas yüksək məqama aid İmam Cəfər Sadiqdən belə bir hədis nəql edilir: “Elə bir şəhid yoxdur ki, İmam Hüseynlə birgə olmaq istəməsin və onlar İmam Hüseynlə birgə behiştə daxil olacaqlar”. Burada şəhidlər sərvəri ilə birgə olmağın fəlsəfəsinə bir qədər toxunaq. Şəhadətə səbəb olan amil - Allahın razılığını əldə etmək, İlahi vəzifəni yerinə yetirmək arzusudur və bu niyyətin zirvəsi - İmam Hüseyndir. Demək bütün şəhidlərin bu arzuda olması mübarək bir arzudur və mərhəmətli Allah bu arzunu, inşallah, gerçəkləşdirəcəkdir.

Şəhadətə xas məqamlara toxunaraq həzrət Peyğəmbərdən bir hədis nəql edək: “Ən üstün şəhidlər o kəslərdir ki, birinci xətdə şəhid olurlar”. Mübarizənin önündə gedən insanlar, topluma dinamika verən, cəmiyyəti manqurtlaşmaqdan, laqeydlikdən xilas edənlər İlahi dərgahda əziz tutulanlardır. Bunlardır topluma dirilik verən, məhvdən xilas edən və, təbii ki, ilk öncə həyatlarını da qurban verənlər onlardır. Öncüllükləri səbəbindən də ən əziz tutulurlar. Bizim Mübariz İbrahimov belələrindən idi. Allah ona da, Vətən uğrunda, inanc uğrunda canını fəda edən bütün şəhidlərə də İmam Hüseynlə birgə olmaq tövfiqatını nazil etsin!

İlqar İbrahimoğlu