22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəla müsibətinin xatırlanması cinayətkarlığa qarşı müqavimət gücü yaradır
02.03.2019

Günahsız insanın öldürülməsi millətindən, dinindən, irqindən asılı olmayaraq cinayətdir. Bu, birmənalıdır. Əgər məsələyə dini şəkildə yanaşsaq, görərik ki, məlum hadisədə öldürülmüş uşaq əqidəsinə görə öldürülüb. Prinsiplərə sadiq qalaraq deyirik ki, insanlar öz seçdikləri etiqad baxımından azaddırlar. Ona görə də kiminsə etiqadının qarşısında durmaq, cinayətə əl atmaq əqidəvi və vicdani bir terror sayılmalıdır.

Bundan əlavə onu da qeyd edək ki, İslam tarixində müdafiəyönümlü döyüşlərdə, yəni cihadlar zamanı aman verilmiş tərəflər qocalar, qadınlar və xüsusilə uşaqlar olub. Bu insani prinsiplər döyüş zamanı həyata keçirilirdi. Qalmışdı ki, əliyalın və ya müdafiəsiz bir uşaq olsun...

Məsələn Mədinədə qətlə yetirilmiş uşaq müdafiəsiz bir vəziyyətdə idi. Qeyd etməliyik ki, İmam Hüseyn və onun yari-ənsarına ağlamaq, körpə azyaşlı övladlarının ölümünə göz yaşı tökmək dediyimiz məsələlər qarşısında immun sistemi yaradır.

Belə cinayətlərin eynisini mənfur düşmənimiz olan ermənilər Xocalıda günahsız körpələri gülləbaran etməklə törədiblər. İctimai vəzifəmiz budur ki, bu bəşəri, dini, irqçi caniləri dünyaya tanıtmalı və təhlükə öz övladlarımıza gəlib yetişmədən qarşısını almalıyıq. Bu məsələdə üzərimizə böyük məsuliyyət düşür.

Bu baxımdan Kərbəla hadisəsinin, Aşura mərasimlərinin, əzadarlıqların ilbəil qeyd olunması və əzadarlıq zamanı İmam Hüseynin körpə Əliəsğərinin başına gətirilən müsibətlərin zikr olunması, insanların zehnində canlandırılması, qəlblərin bu məsələdə riqqətə gətirilməsi, deyərdim ki, çox mühüm məsələlərdəndir. Çünki bu hadisələr xatırlanan zaman hər bir insan öz ailəsindəki, yaxınındakı, qohum əqrabasındakı uşaqları təsəvvürünə gətirir, canlandırır, istər-istəməz həmin hadisəyə həssas yanaşır, həm də belə hadisələr haqqında öz mövqeyini ortaya qoyur.

İctimai mövqeyimizi ortaya qoymaq üçün bu hadisələrin daim xatırlanması çox əhəmiyyətli məsələdir. Bu baxımdan mənim tövsiyəm budur ki, cəmiyyət bu hadisələri və belə məsələləri hər zaman diqqətdə saxlamalı, insanların nəzərinə çatdırmalıdır.

Samir Əzizov