24 Noyabr 2024 - 24
Məlum olduğu kimi, Seyyidüş-şühədanın şəhadətindən sonra Zeynəbi-Kübranın ən mühüm məsuliyyəti İmam Səccadı qorumaq idi. Zeynəb özü ruhi təskinliyə ehtiyaclı bir vəziyyətdə olmasına və Əhli-beyt böyüyü hesab olunduğu üçün hərəmin qadın və uşaqlarının idarəsini üzərinə götürməsinə baxmayaraq, öz həssas vəzifəsini unutmur, onu gözəl surətdə yerinə yetirirdi. O, pərvanə kimi imamın nazənin vücudunun dövrəsinə dolanır, xidmət edirdi.
Şəhidlərin bədəni kənarında olan bu xidmətdən bir parçanı alim, şəhid ustad Mütəhhərinin bəlağətli bəyanından eşidək: “Aşura gününün əsr vaxtında (axşam üstü) Zeynəb təcəlli edir. Sağ qalanlar ona tapşırılmışdır. Karvan başçısı odur.
Yeganə kişi, o vaxt ağır xəstə olub, xidmətçiyə ehtiyacı olan İmam Səccaddır. İbn Ziyadın ümumi əmrinə əsasən, Hüseyn övladlarının kişi cinsindən heç kəs sağ qalmamalı idi. Buna görə də, düşmənlər neçə dəfə İmam Zeynəlabidini öldürmək üçün hücum etdilər. Lakin sonra özləri baxıb dedilər: Bu özü ölməkdədir. Və bu özü bir ilahi hikmət və məsləhət idi ki, həzrət İmam Zeynəlabidin bu vasitə ilə diri qalsın və İmam Hüseyn ibn Əlinin müqəddəs nəsli davam etsin.
Zeynəbin işlərindən biri İmam Zeynəlabidinə qulluq idi. On birinci gün günortadan sonra əsirləri gətirib ağac parçasından palanı olan miniklərə (dəvə, qatır ya hər ikisi) mindirdilər və onlara əziyyət vermək üçün göz qoyurdular ki, palanın üzərinə parça sərməsinlər. Sonra Əhli-beyt bir xahiş etdi və qəbul olundu. O xahiş bu idi: Dedilər, siz Allah, indi ki, bizi buradan aparırsınız, Hüseynin qətlgahından keçirin. Çünki istəyirik ki, əzizlərimizlə son dəfə vidalaşaq.
Əsirlərin arasında xəstə olduğu üçün yalınz İmam Zeynəlabidin mübarək ayaqlarını heyvanın qarnının altına bağlamışdılar, başqaları miniklərin üstündə sərbəst idilər. Qətlgaha çatan kimi hamı ixtiyarsız özlərini yerə atdılar. Zeynəb özünü Əba Əbdillahın müqəddəs bədəninə çatdırır, onu o vaxtacan görmədiyi bir halda görür. Başsız və paltarsız bir bədən görür və bu bədənlə aşiqanə söhbətə girişir. Elə yanıqlı nalə edir ki, düşmənin göz yaşı axır, dost və düşmən ağlayır.
Hüseynin əza məclisini ilk dəfə olaraq Zeynəb qurdu. Amma eyni zamanda öz vəzifəsini də unutmurdu. Zeynəlabidinə baxmaq onun öhdəsindədir. Zeynəlabidinə baxdı, gördü ki, həzrət bu vəziyyəti görməyindən elə narahatdır ki, elə bir indi canını tapşıracaq. Əba Əbdillahın bədənini qoyub, tez Zeynəlabidinin sorağına gəldi: Qardaş oğlu, niyə səni bir halda görürəm ki, ruhun bədənindən uçmaq istəyir? - Bibican, öz əzizlərimin bədənlərini görə-görə necə narahat olmayım? Zeynəb o şəraitdə Zeynəlabidinə təsəlli verməyə başlayır.
İmamın qəlbi bütün xilqətin əzəmət və böyüklüyü qədərdir. Müsibətlər nə qədər böyük olsa da, imam ruhunun böyüklüyü qarşısında tabe və təslimdirlər. Məsum imamın hadisələrə Allah tərəfindən verilmiş elmi heç bir qaranlıq nöqtə qalmaması üçün ona bəsirət verir. Lakin bütün bunlarla yanaşı məsum imamın şəhadəti, imamın özü qədər böyük və əzəmətlidir. Allah höccətinin bədəninin başsız, qüsl-kəfənsiz və tikə-tikə torpağa düşməsi bir müsibətdir ki, onun əzəmətini İmam Səccaddan başqası dərk edə bilməz. Çünki imamın həqiqi məqamını imamdan başqası tanımaz. Bu tanıma və atası Hüseynin qətlgahının acı mənzərəsinə bu baxış onu çox yorur. Eyni zamanda o, gərək Zeynəbin cavabını da versin. Məhz bu yerdə buyurur: "Necə tabsızlıq etməyim, bir halda ki, atam Hüseyn, qardaşlarım, əmilərim və əmim oğlanlarımın qana bulaşıb, yerə düşdüklərini görürəm. Nə bir kəs onları kəfənləyib və nə torpağa tapşırıb. Elə bil bunlar müsəlman deyillər".
Məhəmməd İştihardi