21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşuradan sonra ilk etirazlar başlayır
08.03.2019

Məhərrəmin on birinci günü baş verən ikinci önəmli hadisə - Ubeydullah ibn Ziyadın məclis qurması və Əhli-beyti həmin məclisə daxil etməsidir. Məhərrəmin on birində Ömər Səd imamın mübarək başını ibn Ziyada göndərir. Bu münasibətlə ibn Ziyad məclis qurur, camaatın da iştirakı üçün imkan yaradılır. Əba Əbdillahın (ə) müqəddəs, nurani başı bu məlunun qabağına qoyulur. İbn Ziyad əlindəki çubuqla İmam Hüseynin mübarək başına cürət edib vurur. Bu zaman Zeyd ibn Ərqəm adında bir müsəlman ayağa qalxır və fəryad çəkir. Bu, tarixdə kifayət qədər önəmli səhnələrdən biridir. Zeyd deyir: “Əlindəki çubuqları Hüseynin dodaqlarından kənara çək! Peyğəmbərin övladını təhqir etmək olmaz! Sən kəsilmiş başına çubuqla vurduğun Hüseynin dodaqlarını Peyğəmbərin dəfələrlə öpdüyünü görmüşəm!”.

Sonra Zeyd ağlamağa başlayır. İbn Ziyad hiddətlənərək ona deyir: “Sakit ol! Əgər səhabə olmasaydın, səni yetərincə kötəkləməyə əmr edərdim”. Amma, Zeyd ibn Ərqəm qorxmur, cəsarətlə ayağa qalxır, fəryad etməyə başlayır: “Ay camaat, Allahdan başqasına bəndəlik etdiniz, Hüseyni - Fatimənin övladını öldürüb, Mərcanənin oğlunu özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o, sizin yaxşılarınızı öldürəcək, pis insanları sizə hakim edəcək, sizi öz quluna çevirəcək”.

Sonra üzünü ibn Ziyada çevirərək deyir: “Ey ibn Ziyad! Peyğəmbərin müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin”. Məhərrəm ayının on birində görürük ki, artıq etirazların ilkinləri başlanır. Yezid artıq öz cinayətlərini elə rahatlıqla davam etdirə bilmir.

İlqar İbrahimoğlu