21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əhli-beytə qarşı zehinlərdə nifrət yayanlara İmam Səccad necə qalib gəldi?
15.03.2019

İmam Səccad təqribən 36, 37 il imamlıq edib. İmamət tarixində ondan artıq imamət edən olmayıb. İmam Səccadın bu İlahi vəzifəyə başlaması çox çətin dövrdə, birbaşa Kərbəlanın içərisindən, Aşura günündən və o inqilabın çətinliyindən başladı. Biz bilirik ki, Kərbəla inqilabı nə dərəcədə cəmiyyətdə təsir qoyubsa və bu gün də yaşayıb təsir qoyursa bu, bilavisitə İmam Səccad və Xanım Zeynəbin vasitəsi ilə həyata keçdi. İmam Səccad və Xanım Zeynəb Kərbəlanın müfəssiri oldular. Amma bundan tam fərqli hissəsi bu idi ki, bunlar o hadisəni təfsir, izah etdilər. Bir hadisəni bilmək, görmək və danışmaq bir məsələdir, onun təhlil və izahı isə başqa bir məsələdir.

Bəni-Üməyyə Kərbəlaya qədər necə Əhli-beytə qarşı insanların zehnini formalaşdırıb bir dərəcəyə gətirmişdisə, hətta xarici, kafir, dindən çıxmış, peyğəmbərin sünnəsini tərk etmiş adam kimi gəldilər İmam Hüseynin üstünə ki, bu cür onunla döyüşsünlər. Hətta bəziləri Hüseynin (ə) peyğəmbərin nəvəsi olduğunu bildiyi halda dedilər ki, nə olsun peyğəmbərin nəvəsidir, ola bilər bu dinin əleyhinə çıxsın necə ki, həzrət Nuhun oğlu çıxdı. Bu əməvi təbliğat maşınının məhsulu idi ki, insanları o yerə gətirib çıxarmışdılar hətta İmam Hüseyni cəsarət edib Nuhun oğlu ilə müqayisə edirdilər. Və elə bir zaman oldu ki, bir nəfər gəldi məhkəmədə atasından şikayət edərək cəzalandırılmasını istədi. Dedi, mənim adımı Əli qoyub. Kərbəlaya qədər belə idi.

Və o təbliğat maşınınn təsiri idi ki, 30 min insan İmam Hüseynin əleyhinə qalxdılar və onu şəhid etdilər. Birmənalı şəkildə deyə bilərik ki, əgər Xanım Zeynəb və İmam Səccad olmasaydı Kərbəla üzü aşağı davam edəcəkdi. Yəni necə ora qədər imama xarici, dindən çıxmış adı qoydularsa, elə ondan sonra da həm imama, həm də imamın ardınca gələn imamlara. Kərbəla hadisəsi də tarixə get-gedə Bəni-Üməyyənin istədiyi kimi düşəcəkdi. Bəşəriyyətin əleyhinə olan qiyam, məzlumların əleyhinə olan qiyam, millətlərin arasında ixtişaş yaratmaq istəyən qiyam və bu cür də davam edəcəkdi. Bəni-Üməyyənin o günə qədər olan təbliğlərini İmam Səccadın təfsiri ilə Kərbəla hadisəsi sındırdı. Əgər İmam Səccadın izahı olmasaydı Kərbəla məsələsi elə Kərbəla olduğu gün mənfi formada tarixə qarışacaqdı.

İmam Səccadın imamət dövründən bizə elmi, əqidəvi, ictimai məsələlər yadigar qalıb. İmam duaların vasitəsi ilə hətta heç nə olmayanda belə İslam maarifi ilə, elmi məsələləri bizə duaların izahı ilə çatdırıb. Məsələn imam dua ilə əsgərləri dua edir. Və o duanın içərisində əsgərin vəzifəsini, əsgərin millətin içərisində dəyərini müəyyən edir. Və ya buyurur: "Allah, bu millətin içməli sularını “Vəba” xəstəliyinin mikroblarına yoluxdurma!" Burada elmi cəhətə işarə edirik ki, “Vəba” xəstəliyi bu vasitə ilə yayıla bilər və bundan ehtiyyatlı olun.

Bunların hamısına rəğmən İmam Səccadın Kərbəladan sonra etdiyi ən böyük iş Kərbəlanın təfsiri və izahı oldu. Biz Kərbəlanı iki hissəyə bölsək görərik ki, orada iki müəllif var. Necə İslamın barəsində deyirik İslam dini peyğəmbərinin təsisi və İmam Hüseynin qorumağı ilədir. Eləcə də deyə bilərik Kərbəla İmam Hüseynin bünövrəsini qoyduğu İmam Səccad və Xanım Zeynəbin saxladığı bir məktəbdir.

Əhliman Rüstəmov