23 Noyabr 2024 - 23
Məlum olduğu kimi, həzrət Zeynəbi-kübranın əri Abdullah ibn Cəfər İmam Hüseyn Məkkədən çıxarkən o həzrətə bir məktub yazıb oğulları Məhəmməd və Övnü məktubla birgə imamın yanına göndərdi ki, ona qulluq etsinlər.
Bu iki nəfər Kərbəla vaqeəsində iştirak etmiş və hər ikisi şəhid olmuşlar. Məhəmməd haqqında dəqiq məlumat olmasa da, qəti surətdə məlumdur ki, Övn Abdullahın həzrət Zeynəbdən olmuş oğludur.
Aşura günü Məhəmməd şücaətlə döyüşdükdən sonra şəhid olur. Ondan sonra isə qardaşı Övn döyüşə hazırlaşır və bir rəcəz oxuyaraq özünü belə təqdim edir: “Əgər məni tanımırsınızsa, mən Cəfərin - həqiqi şəhidin oğluyam ki, behiştdə parıldayaraq, yaşıl qanadlarla uçacaqdır. Məhşər günü şərafət üçün isə elə bu qədər kifayətdir”. Sonra düşmənə hücum edir, atlılardan üçünü, piyadalardan isə on səkkizini öldürdükdən sonra şəhadətə yetişir.
Zeynəbin oğlu Övnün şəhid olduğu vaxt yaşı haqqında dəqiq məlumat yoxdur. Amma Seyid Mürtəzanın onun üçün nəql etdiyi bir ziyarətnamədən məlum olur ki, yeniyetmə olmuşdur. Çünki həmin ziyarətnamədə belə oxuyuruq: “Salam olsun sənə, ey Övn ibn Abdullah ibn Cəfər ibn Əbu Talib! Salam olsun sənə, ey Peyğəmbər qucağında böyümüş və onun əxlaqına iqtida edənin oğlu! Və salam olsun sənə ki, yeniyetmə vaxtında, hələ bədəni güclənib, möhkəmlənməmiş Peyğəmbər hərəmini müdafiə etdin, arxayın qəlb və aram ürəklə düşmən nizələrinin istiqbalına getdin və nəhayət ən yaxşı əməllə Allaha qovuşdun!
Zeynəbin öz şücaətli oğlu Övnün şəhadətini necə qarşılaması tarixdə qeyd olunmamışdır. Amma Zeynəb kimi insandan bu müsibətin qarşısında yalnız səbr gözləmək lazımdır. Övlad şəhadəti onun üçün Seyyidüş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. Çünki Zeynəb özünü Hüseyn yolunun fədaisi bilir. O, həqiqətən də, vilayətə etiqadlı idi və "Ənnəbiyyu övla bil mömininə min ənfusihim" ayəsinin mənasını çox gözəl başa düşürdü. Bilirdi ki, Peyğəmbər (s) övladlarını hər şeydən, hətta öz canı və övladlarından da üstün tutulmalıdır.
Məhəmməd İştihardi