23 Noyabr 2024 - 23
Bura Kufədir. Kufənin Dəməşqdən çox fərqi var. Kufə həmin şəhərdir ki, Aşura hadisəsindən 20 il qabaq həzrət Əlinin hökumət mərkəzi olmuşdur. Bu şəhər şiələrin mərkəzi idi. Bir hissəsi iraqlılardan ibarət olan şəhərin əhalisi ədalətli İslam hökuməti qurulmasını, zalımların əlindən azad olmalarını istəyən Əhli-beyt tərəfdarlarıdır. Ancaq onlar bu cür nemətə çatmağa hələ hazır deyildilər. Bunlar həm maddi həyat, mal-dövlət və vəzifə, həm də zalımların əlindən azad olmaq istəyirdilər. Ancaq əgər bunlara azacıq təzyiq olunsa, yaxud mal-dövlətlərini təhlükədə görsələr, bütün arzularından və məqsədlərindən əl çəkərlər. Bunlar iki üzlü adamlardırlar. Bir növ daxili ziddiyyətə malik olan şəxslərdirlər. Bir tərəfdən böyük həvəslə Peyğəmbər balasını öz şəhərlərinə dəvət edir, digər tərəfdən də təzyiqlərə məruz qaldıqları üçün nə təkcə öz vədlərini (dəvətlərini) unudur, üstəlik Peyğəmbər balasının qətlinə də hazırlaşırlar. Deməli, bunları ayıltmaq lazımdır. Onlara səhvlərini anlatmaq lazımdır. Onlara demək lazımdır ki, Hüseyn ibn Əlini öldürməklə böyük bir cinayətə yol vermişlər.
Onları oyatmaq vəzifəsi bütün qadınlardan çox xanım Zeynəbin boynuna düşürdü. Çünki yaşı otuzu keçmiş bütün Kufə qadınları iyirmi il bundan qabaq (bu hadisədən qabaq) həzrət Əlinin hakimiyyəti dövründə Zeynəbi bu şəhərdə görmüş, onun həzrət Əli yanındakı və eləcə də, onun öz ataları və ərləri (yəni həmin qadınların ataları-ərləri) yanındakı hörmətini öz gözləri ilə müşahidə etmişdilər. Onlar Zeynəbi çox yaxşı tanıyırdılar. İndi Xanım Zeynəbin digər əsirlər arasında acınacaqlı şəkildə əsir düşməsi ötən xatirələri fikirlərdə oyadırdı. Zeynəb bu fürsətdən istifadə edib söhbətə başladı. Səs camaata tanış gəldi. Elə bil, Əli söhbət edirdi. Elə bil, boğaz Əlinin boğazı, səs Əlinin səsi idi. Doğrudan da, danışan Əli idi, yoxsa Əliin qızı? Bəli, danışan Zeynəbi-kübra idi.
İbn Təyfur adı ilə tanınmış Əhməd ibn Əbu Tahir (204-280 h.q) qədim tarixi qaynaqlardan biri sayılan, İslam və ərəb qadınlarının bəlağətli çıxışları toplanmış "Bəlağatun-nisa" kitabında yazır: "Xədim Əsədi deyir: "Hüseyn ibn Əlinin şəhadətə yetişdiyi hicrətin altımış birinci ili Kufə şəhərinə getdim. Gördüm ki, Kufənin qadınları yaxalarını cırıb ağlayırlar. Əli ibn Hüseyni (İmam Səccadı) da orada gördüm. Xəstəliyi onu lap əldən salmışdı. Əli ibn Hüseyn başını qaldırıb buyurdu: “Ey Kufə əhli! Bizim məzlumiyyət və müsibətimizə ağlayırsınız? Məgər bizi öldürənlər elə siz deyildiniz?” Bu zaman Xanım Zeynəb əli ilə camaata işarə edib onların sakit olmasını istədi. Onun işarəsi ilə nəfəslər sinələrdə boğuldu. Dəvələrin zınqırovlarının səsi kəsildi. Bundan sonra Xanım Zeynəb söhbətə başladı. Mən ondan həyalı, ondan fəsahətli söhbət edən qadın görməmişdim. Elə bil Əlinin dilindən danışırdı.
Zeynəbin söhbəti belə idi: "Ey Kufə camaatı! Ey hiyləgər və xain insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskilməsin! Siz o qadına bənzəyirsiniz ki, bütün əlindəkiləri əyirir, sonra da bütün əyirdiklərini söküb-tökür. Sizin nə əhdinizin bir dəyəri var, nə də andınızın bir etibarı! Sizin öyünmək, kənizlər kimi yaltaqlanmaq, boş-boşuna danışmaqdan başqa nəyiniz var? Siz peyinlikdə bitmiş bitkilərə və qəbirə vurulmuş zinət əşyalarına bənzəyirsiniz. Axirətiniz üçün nə pis tədarük hazırladınız – Allah qəzəbi və Cəhənnəm əzabı!
Ağlayırsınız? Bəli, ağlayın, Allaha and olsun ki, siz ağlamağa layiqsiniz. Çox ağlayın, az gülün! Bu cür alçaqlıq qazandığınız halda nəyə görə də ağlamayasınız? Elə bir alçaqlıq ki, onu heç bir su ilə yumaq olmaz. Peyğəmbər balasını və Cənnət cavanlarının ağasını öldürməkdən böyük nə alçaqlıq ola bilər? Elə bir şəxs ki, sizin yolunuzun çırağı, dar gününüzün köməkçisi idi. Ölün! Xəcalətli başlarınızı aşağı salın! Keçmişinizi bütünlüklə bir dəfəyə itirdiniz, gələcəyiniz üçün də heç nə qazanmadınız. Bundan sonra gərək alçaqlıq içərisində yaşayasınız. Çünki Allahın qəzəbinə düçar oldunuz. Elə bir iş gördünüz ki, az qaldı göy yerə tökülsün, yer yarılsın və dağlar parça-parça olsun.
Bilirsiniz nə qan tökdünüz? Açıq-açığına küçə-bazara çıxardığınız bu qız-gəlinlərin kim olduğunu heç bilirsiniz? Peyğəmbərin ciyərini parçaladığınızı anlayırsınızmı? Nə pis və axmaq iş tutdunuz! Elə pis iş gördünüz ki, onun pisliyi bütün dünyanı doldurub. Göydən qan damcılarının dammasına təəccüb edirsiniz?! Ancaq bunu bilin ki, Qiyamət əzabının rüsvayçılığı daha da acınacaqlı olacaq.
Əgər Allah gördüyünüz günaha görə indi sizi cəzalandırmırsa, bundan sevinməyin. Allah günahın cəzasını elə o saat vermir. Ancaq məzlumların da qanını cəzasız qoymur. Allah hər şeyin hesabını çəkəcək".
Od tutub yanan qəlbdən gələn və Allaha olan imandan qüvvə alan bu gözəl ifadəli sözlər hamını dəyişdirdi. Dinləyicilər peşimançılıq əlaməti olaraq barmaqlarını dişləri ilə sıxır və təəssüflənirdilər. Ancaq necə deyərlər: "Sonrakı peşmançılıq fayda verməz". Belə qəmli və ibrət dərsi olan bir səhnədə Bəni-Cüfi qəbiləsindən olan, saqqalı göz yaşından islanan bir kişi bu məzmunda belə bir şeir dedi: "Bu sülalənin oğulları ən yaxşı oğullardır. Bu sülalənin oğullarının adına heç vaxt alçaqlıq ləkəsi yapışmamışdır".
Mehdi Pişvayi