03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Cihad kəlməsinin məna genişliyi
26.03.2019

Adətən fiqhi kitabları oxuyanlardan, şəriət məsələlərində söz sahibi olanlardan soruşanda, deyirlər: “Cihad üç qismdir: ibtidai cihad, müdafiə xarakterli cihad, azğın üsyankarlara qarşı olan cihad”.

Deməli, cihad üç hissəyə ayrıldı. Birinci növü ibtidai olub, imamın əmri ilə həyata keçirilir. Yəni, Allahın vəlisi hidayət yollarını kəsmiş maneələri aradan qaldırmaq, İslam hökumətinin İslamı dünyada genişləndirə bilməsi üçün ibtidai cihad əmri verə bilər. Əlbəttə, bu, kafirləri zorla İslamı qəbul etməyə vadar etmək deyildir, məqsəd hidayət yollarını açmaqdır. Qurani-Kərimdə bu barədə buyurulur: “Küfr və azğınlıq rəhbərləri ilə müharibə edin...” Bu, ibtidai cihaddır.

Cihadın başqa bir növü müsəlmanlar düşmən tərəfindən həmləyə məruz qaldıqları zaman müdafiəyə qalxdıqları cihaddır.

Üçüncü növ cihad da budur ki, iki dəstə müsəlman tərəfləri arasında müharibə baş verər və münaqişəni sülh yolu ilə həll etmək mümkün olmazsa, onda məzlum tərəfə kömək qəsdi ilə cihada qalxırlar. Belə cihad üsyankar dəstə ilə “cəng cihadı” adlanır. Və ya hakim fərman verir ki, azğın dəstə ilə mübarizə etsinlər.

Cihadın sadaladığım bu üç növündən hamının az-çox xəbəri var. İmam Hüseyn buyurmuşdur: “Mən mübarizəyə qalxmışam və Allah yolunda cihadı davam etdirəcəyəm”. Görəsən, imamın nəzərindəki cihad həmin üç növ cihadın hansı qismindən sayılır? Kərbəlada baş vermiş cihad hansı növ cihada aid edilməlidir?

Aydındır ki, bu, nə kafirlərlə olan ibtidai, nə də müdafiə xarakterli cihad deyildi. Çünki müdafiə üçün edilən cihad da kafirlərin müsəlmanlara həmlə etdiyi vaxt baş verir. Əlbəttə, şəxsi müdafiə məsələsi var. Amma bu, müdafiə cihad adlanmır. Üsyankar dəstə ilə olan müharibə də deyildi. Belə müharibədə Cəməl döyüşündə olduğu kimi, müsəlmanların rəhbəri üsyankar tərəflə mübarizə aparır.

Bəs onda bu necə cihad idi ki, imam ailəsi ilə birlikdə Kərbəlaya gəlir və axıra qədər də müqavimət göstərir. Hətta südəmər körpəsi də öldürülür. Bunun cavabı budur ki, əmr-be-məruf məsələsində olduğu kimi, cihad da müxtəlif istilahi mənalara şamil edilir. Bir tərəfdən cihad elə geniş məna kəsb edir ki, mal-dövlət, İslamın yayılması yolunda pul xərcləmək, kafirlər əleyhinə iqtisadi mübarizəyə qalxmaq və düşmənin təbliğat kompaniyasının qarşısını almaqla aparılan mübarizə də cihada şamil edilir.

Qurani-Kərim bu barədə buyurur: “Allah yolunda malınızla, canınızla cihad edin...” Bu mənada malla edilən cihad da, cihadın bir növü sayılır və cihad məfhumunun əhatə genişliyini göstərir.

Əlbəttə, cihad sözü lüğətdə olan mənası baxımından bütün deyilənlərə şamil olur. Çünki cihad lüğətdə “çalışıb-vuruşmaq”, “səy etmək” mənasındadır. Bu mənaya diqqət etsək, düşmən və ya hər hansı maneə qarşısında səy edib çalışmaqdır. Bu vəzndə olan sözün tələb etdiyi məna budur. Amma bu o demək deyildir ki, hökmən həmin maneə qılınc olmalıdır. Mümkündür ki, maneə düşmənin iqtisadi və ya təbliğat qurğusu olsun. Bu yerlərdə də mübarizə cihada aid olur. Quranda bu barədə buyurulur: “Allah mücahidləri və malları ilə, canları ilə fədakarlıq edənləri (fəaliyyət etməyib) yerlərində oturanlardan üstün qərar vermişdir.”

Cihadın bir növü də canla olan cihaddır. Yəni canı bu yolda fəda etmək, ölüm təhlükəsinə salmaq. Başqa bir cihad da nəfslə edilən cihaddır. Yəni şeytani və nəfsani istəklər əleyhinə mübarizəyə qalxmaq. Bu cihada “böyük cihad” deyilir. “Böyük cihad” kitabı əxlaqi məsələlər və nəfslə mübarizə yolları barədədir.

Elə bu səbəbdən də “Vəsailüş-şiə” kitabında Hürr ibn Amili cihad fəslinin ardınca əxlaqi məsələlərə və nəfslə olan cihada başlayır. Deməli, aydın oldu ki, cihad məfhumu geniş məna ifadə edib mal-dövlət, dil, qələm və hətta insanın öz nəfsi ilə olan cihada da şamil olur. Bu cihad məfhumunun məna genişliyidir. Amma əhkam kitablarında, dini təlimat və şəriətdə rastlaşdığımız cihad məfhumu İmam Hüseynin gördüyü işlərə şamil olmur, ancaq qeyd etdiyim üç növ cihadı əhatə edir.

Bu iki misalı çəkməklə demək istəyirəm ki, bəzən məfhumlar iki cür məna olunur: ümumi və xüsusi mənada. Hər hansı bir istilahi məfhumun xüsusi mənası xüsusi şərait və xüsusi bir cəmiyyətdədir. Lakin ümumi məna mümkündür ki, leksik məna daşıyaraq cəmiyyətdəki dəyişikliklərdən təsirlənsin, yeni məfhumlar kəsb etməklə daha da genişlənsin. Hər halda cihadın ümumi mənasını, yəni düşmən əleyhinə Allah yolunda çalışmağı nəzərdə tutsaq, əmr-be-mərufun əksər nümunələrini cihad saymaq olar.

Başqa bir tərəfdən, əgər-əmr be-məruf və nəhy-əz-münkərin ümumi mənasına nəzərə salsaq, təqribən cihadın bütün növlərini, nəfslə olan cihaddan başqa, öz əhatə dairəsinə alır. Çünki biri digərini yaxşı işlərə dəvət edir, o birisi onları pis işlərdən çəkindirir. Ona görə də bu iki məfhum çox yerdə üst-üstə düşür. Belə məfhumlar barəsində deyilir: Birlikdə olduqda ayrı-ayrı mənalar, ayrı-ayrı olduqda isə eyni mənalar kəsb edir. Əmr-be-mərufu cihadın yanında zikr edəndə, sanki demək istəyirik ki, firuiddin ondur. Altıncısı cihaddır, yeddincisi əmr-be-məruf. Yəni, əmr-be-məruf cihaddan fərqlidir. Bu iki məfhum bir-birinin yanında zikr olunanda, mənaları da bir-birindən ayrılmış olur və artıq cihad əmr-be-mərufa şamil edilmir. Eləcə də, əmr-be-məruf cihada aid edilmir.

Ruhani tələbələr bu kimi məfhumlar barəsində belə bir istilahı işlədirlər: Birlikdə olduqda ayrı-ayrı mənalar, ayrı-ayrı olduqda isə eyni mənalar kəsb edir. Yəni elə ki, yanaşı yad edilirlər, mənaları bir-birindən fərqlənir, amma onlardan biri təklikdə istifadə edilsə, biri digərinə şamil olacaqdır. Yəni əmr-be-məruf cihada və cihad da əmr-be-mərufa şamil ediləcək. Mümkündür ki, bu məsələ müqəddimə olaraq, əksər məsələlərdə istifadə edilsin. İmam Hüseyn mən əmr-be-məruf və nəhy-əz-münkər üçün qiyam etmişəm deyə buyurduqda, o həzrət yalnız istilahi və məhdud mənada olan əmr-be-mərufu nəzərdə tutmur. Çünki belə əmr-be-mərufun şərtlərindən biri budur ki, arada can təhlükəsi olmasın. Bu, nəzəri əmr-be-mərufun ümumi mənası ilə daha uyğun gəlir. Bu mənada, hətta təhlükəsini bilə-bilə, canı bahasına başa gələcək, ölümünə səbəb olacaq təhlükəli bir əmr-be-məruf qarşıya çıxır. Bu barədə əmr-be-mərufun vacibi növləri də var, lakin bu istilah daha ümumi olub bizim başa düşdüyümüz istilahdan fərqlidir.

Mizbah Yəzdi