24 Noyabr 2024 - 24
Zillət və alçaqlıqdan qurtarmaq, izzət, şərəf və azadlıq qazanmaq, həqiqi təhriflər, zülm və haqsızlıqlara qarşı cəmiyyətdə əsaslı inqilab əmələ gətirmək üçün camaatı oyatmaq və ziyalılandırmaqdan başqa yol yoxdur. Deməli, camaatın məsuliyyət hiss etməsi üçün onları oyatmaq lazımdır. Bundan sonra inqilab öz-özünə yaranacaq. Bu İmam Hüseynin hərəkatının bir hissəsi idi. Birinci mərhələni özü və dostları şəhadətə çatmaqla yerinə yetirdilər. Ancaq inqilabın ikinci mərhələsi, yəni, Kərbəla inqilabını camaata çatdırmaq isə İmam Səccad (ə) və xanım Zeynəbin (s) öhdəsində idi. Təkcə bu cür mübarizə ilə Bəni-Üməyyənin otuz neçə illik tör-töküntülərini aradan aparmaq, Bəni-Üməyyəyə qarşı camaatı inqilaba çəkib Yezidin və Əməvilərin sarayını birdəfəlik yerindən tərpədib söküb-dağıtmaq olardı.
Əhli-beytin məzlumiyyətini ehtiva edən və Aşura gününün günortasından başlayan mübarizənin ikinci mərhələsi Həzrət Əli (ə) qızı xanım Zeynəbin (s) Kufə bazarında, ondan sonra isə elə həmən şəhərdə İmam Zeynül-abidinin kiçik və sadə, lakin çox şüurlu və təsirli çıxışları ilə davam etdi. Böyük əksəriyyəti əsirlərə tamaşa etməyə gəlmiş camaata İmam Səccad (ə) sakit olmalarını bildirdi. Hamı sakitləşdi. İmam Allaha həmd-səna etdikdən sonra buyurdu: «Camaat, məni tanıyan tanıyır, tanımayana isə indi özümü tanıtdıraram. Mən Əbu Talibin oğlu Əlinin oğlu Hüseyn oğlu Əliyəm. Mən hörmətini sındırdığınız, mal-dövlətini qarət etdiyiniz və qohum-əqrəbasını əsir aldığınız şəxsin oğluyam. Mən Fərat çayı kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki, o nə bir kimsəyə zülm etmiş, nə də kimə qarşısa hiylə işlətmişdi. Mən başı arxadan kəsilən şəxsin oğluyam. Bu mənim üçün böyük bir şərəfdir. Camaat, siz atama məktub yazmadınızmı? Onunla bey’ət etmədinizmi? Onunla əhd-peyman bağladıqdan sonra onunla vuruşmağa başlamadınızmı? Nə pis iş, nə pis düşüncə və hərəkətdir! Əgər Allahın Peyğəmbəri sizə desə ki, siz mənim övladlarımı öldürdünüz, mənim hörmətimi qırdınız, siz mənim ümmətimdən deyilsiniz, onda nə üzlə ona baxarsınız?» Bu qısa və ürəktitrədici sözlər o vahiməli və sıxıcı mühitdə tufan qaldırıb Kufə camaatının ruhunda elə təsir bağışladı ki, dərhal hər tərəfdən şivən səsi ucaldı. Camaat bir-birinə deyirdi: “Bilmirsiniz, bədbəxt oldunuz!”
Əli ibn Hüseyn (ə) (İmam Səccad) buyurdu: «Mənim nəsihətimi qəbul edən və dediklərimi Allaha və Peyğəmbərinə xatir qulaqlarında sırğa edən şəxsi Allah bağışlasın. Bizim davranışımız Peyğəmbərin davranışı kimi olmalıdır. Çünki onun davranışı ən gözəl davranışdır.» Hamı dedi: “Ey Peyğəmbər balası! Biz sənə qulaq asır, sənə itaət edib sənə vəfadarıq. Səndən ayrılmarıq, kiminlə desən vuruşar, kiminlə desən sülh edərik. Yezidi tutarıq. Biz zülmkarların sənə qarşı hərəkətinə nifrət edirik.”
İmam Səccad (ə) buyurdu: «Heyhat, (əsla) ey hiyləgərlər! Ey şəhvətlərinin (nəfslərinin) əsiri olanlar! Əcdadımla etdiyiniz rəftarı mənimlə də etmək istəyirsiniz? Yox, Allaha and olsun, hələ vurduğunuz yaradan qan axır, sinəm atam və qardaşlarımın ölümündən yaralıdır. Bu qəm-qüssənin acısı adamı boğur. Mənim qüssəm təsəlli tapmazdır. Sizdən istəyirəm ki, nə bizdən, nə də bizim əleyhimizə olasınız.»
Mehdi Pişvayi