22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İmam Hüseyn (ə) Həzrət Əli Əkbərin cənazəsinin kənarında
29.03.2019

İmam Hüseynin (ə) qeyrətli oğlu Əliəkbər onun başqa övladları arasında həzrət Peyğəmbərə daha çox oxşayırdı. Onun nurlu çöhrəsi, pak təbiəti və gözəl əxlaqı Zeynəb və Seyyidüş-şühədanın əziz babası həzrət Peyğəmbəri xatırladırdı. Heç şübhəsiz ki, bu xüsusiyyətlər Zeynəbin ona Allah Rəsulunun bu pak sülaləsinə olan məhəbbət və bağlılığını daha da artırmışdı. Bütün bunlar onu, Əliəkbərin imamı ağladan ağrılı-acılı şəhadətində qardaşına şərik etdi. İmamın səhabələri şəhadətə çatmayınca Əhli-beytdən heç kimi meydana buraxmadılar. Bütün səhabələr şəhid olandan sonra Əhli-beytdən meydana gedən ilk döyüşçü İmam Hüseynin böyük oğlu Əliəkbər idi.

Əliəkbərin gözəlliyi, əxlaqı fəzilətləri və digər xüsusiyyətləri məşhur idi. İmam Hüseyn (ə) oğluyla vidalaşan zaman onun gözəl üzünə və uca qamətinə məhəbbət dolu nəzər salaraq, üzünü göyə tutub buyurdu: «Əllahümməşhid əla haulail qovmə qəd bərəzə iləyhim ğülamun əşbəhunnasi xəlqən və xulqən və məntiqən bi rəsulikə. Kunna izəştəqna ila nəbiyyikə nəzərna ila vəchihi». “İlahi, şahid ol ki, xilqətdə, əxlaqda və danışıqda Peyğəmbərinə ən çox oxşayan cavan onlara tərəf gedir. Bir cavan ki, Peyğəmbər üçün darıxanda onun üzünə baxırdıq.”

Təbii ki, belə bir övladdan ayrılmaq İmam Hüseyn (ə) üçün heç də asan deyildi. Heç bir tarix kitabında görünməmişdir ki, İmam Hüseyn (ə) Əliəkbərdən başqa bir nəfər üçün ağlamış olsun: Vidalaşan zaman, meydandan qayıdıb atasından su istəyəndə və doğranmış bədəni yanında. Seyyüdüş-şühədanın dilavər oğlu meydana gedir. Yorğunluq və möhkəm susuzluqla yanaşı düşmənə çoxlu zərbələr endirir. Sonra, aldığı çoxlu yaralarla atasının yanına gəlib su istəyir: İstəyir ki, su içib, düşmənə qarşı yeni qüvvə ilə vuruşsun. İmam Hüseyn (ə) ağlayıb deyir: “Oğlum, get meydana. Tezliklə cəddim Rəsulullahın əlindən su içəcəksən.” Əliəkbər yenidən meydana gedir. Amma bu dəfə çox keçməmiş onun səsi ucalır. O, atası ilə vidalaşırdı. İmam Hüseyn (ə) özünü meydana çatdıraraq oğlunun cəsədi yanında üzünü onun üzünə qoyub buyurdu: Allah səni öldürənləri öldürsün. Səndən sonra kül olsun dünyaya və onun həyatına. İstəkli övladının müsibətinə İmamın ürəyi yanır, göz yaşı tökür. O vaxtacan heç kim imam Hüseyn (ə)-ın ağlamaq səsini eştməmişdi. Zeynəb hər şeyi görür və qardaşının ağlamasını eşidirdi. Qəzəb və nifrət qəhri boğazını tutduğundan, qəm ürəyinə ağırlıq edir, qardaşının ağlar səsi isə canına od salır. Qəmli sifətlə tələsik xeymədən çıxıb Əliəkbəri “Ey əziz, ey əziz qardaş oğlum” – deyə novhəylə çağırırdı. Tez özünü ona çatdırır. Onu qucaqlayır ki, qəlbi təskinlik tapsın və dərdələri sakitləşsin. Amma neyləmək ki, bu ağır müsibətə də dözmək məcburiyyətindədir. Qardaşı İmam Hüseyn (ə) ona toxtaxlıq verərək, oğlunun cəsədi başından qaldırıb xeymələrə tərəf qaytarır. Beləliklə, Zeynəb çox sevdiyi bir əzizini əldən verir və bununla da onun dağlı sinəsinə daha böyük dərd əlavə olunur. Bundan az və yüngül müsibət hər bir insanı təslim etməkdə kifayət idi. Lakin, Zeynəb üçün bütün bunlara dözməyi asanlaşdıran, onun islama və zəmanənin imamına təəssübü idi. O, yalnız ilahi vəzifəsini düşünür, Allahın məsləhəti və imamının fərmanına tabe olurdu. Elə bütün bunlar Zeynəbə səbr, dözüm və arxayınlıq bəxş edir, pak əqidəsi, xalis imanı və mənəvi qüdrəti, sonacan onu möhkəm və dözümlü saxlayırdı.

Məhəmməd İştihardi