21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Həzrət Əbəlfəzl dini vəzifəsini bütün vəzifələrdən üstün bildi
01.04.2019

İnsan xəlifətullah olaraq yer üzərinə göndərilib və burada məskunlaşıb. Bu insanların içərisində xüsusi vəzifələnmiş insanlar və ümumi vəzifələr ilə vəzifələnmiş insanlar var.

Xüsusi vəzifələri olanların bəhsi ayrdır. Amma ümumilərin içərisində bəzi insanlar tarixin səhifələrini dəyişiblər və ya tarixin səhifələrində silinməz izlər qoyublar. Onların izləri, onların tarixə düşməsi çatmaq istədikləri hədəflərə əsasən olub. İş və hədəf nə qədər böyük olubsa onların həmin iş və hədəflərə görə əməlləri o dərəcədə tarixə yazılıb.

Həzrət Əbəlfəzl barəsində danışanda görürük ki, o da Allah tərəfindən yer üzərində yaradılmış digər insanlar kimi biri idi. Amma onu başqalarından fərqləndirən onun əməlləri oldu. Həzrət Əbəlbəzl İlahi proqramın icrasında elə bir mövqe tutdu ki, onu başqalarından fərqləndirdi.

Hətta fərqlənmənin özün də də fərq var. Yəni az və çox fərqlənmələr ola bilər. Həzrət elə bir dərəcədə fərqləndi ki, o yolda tarix boyu mövcud olmuş nümunələrin hamısından üstün və fəzilətli oldu.

Həzrət Əbəlfəzli dünyaya tanıtdıran və izini saxlayan onun o işlərdə, xislətlərdə onun kimi olanlardan tam fərqli və üstün olması idi. Əlbəttə, onun kimi çox şücaətli, qeyrətli insanlar olmuşdu. Amma Əbəlfəzl hamısından fərqləndi.

Qeyrət, şücaət, iman insanların hamısının fitrətindədir, amma onu üzə çıxarıb tam şəkildə istifadə etmək az insanlara qismət olur ki, həzrət Əbəlfəzl də onlardan biri idi. O öz dini vəzifəsi, imamının qarşısında olan vəzifəsi, imamının övladları, ailəsi və başda öz dini uğrunda kamil insanın edə biləcəyi hər şeyi tam şəkildə icra etdi. Kimisi bunu sözü ilə, kimisi isə əməli ilə izah edir. Həzrət Əbəlfzl də həyata keçirtməklə göstərdi.

Ola bilər biri şairdir, eşqdən şeir yazır. Digəri isə aşiqdir, eşqin öz içərisindədir və eşqi o formada yaşayır. Şair ola bilər aşiq olmasın, sadəcə yazmağa təbi olsun. Yəni onun yazdığı şeirə eşqi var, lakin onun öz şeirinin qəhrəmanı kimi olduğunu iddia etmək olmaz. Həzrət Əbəlfəzl isə o aşiqin özü idi, eşqin özünü yaşayan idi. Yəni o şair kimi şeir yazmağa aşiq deyildi.

Bu cəhətdən biz birmənalı şəkildə deyə bilərik ki, Əbəlfəzlin dini məsələlər, İlahi məsələlər və hökmlər qarşısında gördüyü işlər və dini qeyrəti bütün qeyrətlərdən üstündür. Həzrət Əbəlfəzl din qeyrətini və dini vəzifəsini bütün vəzifələrdən üstün tutdu və ona tam şəkildə əməl etdi. Nəticədə tarixin, bəlkə də, bəzi səhifələrini dəyişdi. Mümkündür ki, o vaxta qədər tarixdə yazılmışdı ki, din qeyrəti çəkən filan cür olmalıdır, amma həzrət Əbəlfəzl bu rekordu yenilədi və dedi ki, din qeyrətini bu cür də icra etmək olar.

Əhliman Rüstəmov