21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Səccadın Şamda buyurduğu xütbə
05.04.2019

Əhli-beyt əsirlərinin Şama səfəri İmam Hüseynin inqilabının xəbərini yaymaqda və Yezidin çirkin və nankor hakimiyyətinin əsl mahiyyətini tanıtdırmaqda böyük rol oynadı. Onlar əsirlik libası ilə eynilə İmam Hüseynin şəhadət libası ilə apardığı müqəddəs cihadı yerinə yetirdilər. Əsirlərin Şamda saxlanılması, Müaviyənin qırx illik təbliğləri nəticəsində, İslam və Peyğəmbər ailəsi haqqında düzgün məlumatı olmayan Şam camaatına İslam və Peyğəmbər (s) barəsində düzgün məlumat verilməsi üçün yaxşı fürsət yaratdı. Buna görə də, əsirlər yeri gələn kimi bu barədə hərəkət edirdilər.

Şamda olan günlərin birində İmam Səccadın buyurduğu xütbə bu arada çox əsaslı rol oynadı və Yezidi bütün camaat arasında rüsvay etdi. Mərhum Əllamə Məclisi "Mənaqib" kitabının müəllifinə və başqa yazıçılara istinad edərək yazır: "Rəvayət edirlər ki, bir gün Yezid məclis təşkil edib vaizə dedi ki, Hüseyn (ə) və Əlinin pisliklərinə dair söhbət etsin. Vaiz minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra Əli və Hüseyni pisləməyə başladı, sonra da Müaviyə və Yezidi kifayət qədər təriflədi. İmam Səccad (ə) camaatın arasından uca səslə qışqırdı: "Vay sənin halına, ey vaiz! Camaatın razılığını Allahın qəzəbi ilə dəyişdin və Cəhənnəmdə özünə yer hazırladın!" Sonra İmam Səccad (ə) əlavə edib buyurdu: "Yezid, icazə verirsən bu çubuqların (minbərin) üstünə çıxım və Allahın Rizayəti olan və camaata əcr-savab verəcək bir neçə kəlmə söz deyim?" Yezid icazə vermədi. Camaat dedi: “Əmir, icazə ver minbərə çıxsın, bəlkə ondan bir söz eşitdik. (Görək nə deyir?)” Yezid dedi: “Əgər o, bu minbərə çıxsa, məni və Əbu Süfyanın ailəsini rüsvay etməyincə aşağı enməyəcək.” Bir nəfər dedi: “Əmir, məgər bu (gənc əsir) nə bilir və nə edə bilər?” Yezid dedi: “O, elə bir ailədəndir ki, onlar elmi uşaqlıqda südlə birgə əmmiş və elm onların qanına qatışmışdır.” Camaat o qədər təkid etdi ki, Yezid nəhayət icazə verdi. İmam Səccad (ə) minbərə qalxıb əvvəl Allaha həmd-səna etdi, sonra isə elə bir xütbə buyurdu ki, gözlərdən yaş axmağa, ürəklər titrəməyə başladı. İmam Səccad (ə) buyurdu: "Camaat, Allah bizə (Peyğəmbər ailəsinə) altı üstünlük vermiş və yeddi fəzilətə görə bizi başqalarından üstün tutmuşdur. Bizim altı üstünlüyümüz budur ki, Allah bizə elm, helm, səxavət, fəsahət, şücaət vermiş və möminlərin qəlbində bizə qarşı məhəbbət hissi oyatmışdır. Yeddi fəzilətimiz isə odur ki, Allahın seçilmiş peyğəmbəri, doğru danışan (Əli ibn Əbu Talib (ə)), Cəfər Təyyar, Allahın və Allah peyğəmbərinin şiri (Həmzə), bu ümmətin iki böyük rəhbəri-Həsən və Hüseyn (ə) və Fatimeyi-Zəhra (s) (ya da həzrət Məhdi (ə))bizdəndir. Camaat, kim ki, məni tanıyır, heç, kim də tanımırsa, indi özümü ona tanıtdıraram.

Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam. Mən Həcərüləsvədi (Məkkədəki qara daşı) öz əbası arasında qaldırıb yerinə qoyan şəxsin oğluyam. Mən ehram bağlayıb təvaf və səy edən şəxsin oğluyam. Mən insanların ən yaxşısının (Peyğəmbərin) oğluyam. Mən (merac gecəsi) Məscidül-həramdan Məscidül-əqsaya aparılan şəxsin oğluyam. Mən (merac zamanı yeddinci göydəki) Sidrətül-müntəhaya çatan şəxsin oğluyam. Mən merac zamanı Allaha yaxın olduğundan onunla Allah arasında iki kamandan da az məsafə qalan şəxsin oğluyam. Mən asiman mələkləri ilə namaz qılan şəxsin oğluyam! Mən böyük Allahın ona vəhy etdiyi şəxsin oğluyam. Mən Məhəmməd Mustafanın (s) oğluyam. Mən Əliyyi–Murtəzanın oğluyam. Mən müşriklərə "La ilahə illəllah" deyənə qədər (müsəlman olanadək) vuruşan şəxsin oğluyam. Mən Allah Peyğəmbərinin hüzurunda iki qılınc və iki nizə ilə vuruşan şəxsin oğluyam. Mən iki dəfə hicrət edən, Peyğəmbərlə iki dəfə beyət edən, Hüneyn döyüşündə qəhrəmancasına vuruşan və bir an belə Allaha şəkk etməyən şəxsin oğluyam. Mən möminlərin ən salehinin, peyğəmbərlər varisinin, kafirləri məhv edən, müsəlmanların rəhbəri, mücahidlərin nuru, abidlərin zinəti, (Allah qorxusundan) ağlayanların fəxri sayılan, səbirlilərin ən dözümlüsü, Allah Peyğəmbərinin ailəsindən çıxmış ən yaxşı inqilab edən şəxsin oğluyam. Mənim nəslim (cədd-əqrəbam) o şəxsdir ki, Cəbrail onun himayədarı, Mikail onun köməkçisi, özü də müsəlmanların himayədarı və namuslarının mühafizəçisidir. Mən dindən çıxanlarla (mariqinlə), əhdpeymanını dananlarla (nakisinlə), zalımlarla (qasitinlə) mübarizə aparıb Allahın kinli düşmənlərinə qarşı cihad edən şəxsin oğluyam. Mən Peyğəmbərə (s) hamıdan qabaq iman gətirən, müsəlmanların qabaqcılı olan və Qüreyşin ən üstün şəxsiyyəti sayılanın oğluyam. O, zalımların düşməni, müşrikləri məhv edən, münafiqləri qırmaq üçün atılmış Allah oxu, abidlərin hikmət dili, Allah dininin köməkçisi, Allahın təyin etdiyi rəhbər, Allah hikmətinin gülzarı və Allah elminin mərkəzi idi..."

İmam Səccad (ə) daha sonra əlavə edib buyurdu: "Fatimeyi-Zəhranın (s) oğlu mənəm. Xanımlar xanımının oğlu mənəm..." İmam Səccad (ə) özünü, əslində isə imamət şəcərəsini tanıtdırmaq üçün o qədər söz dedi ki, camaatın ağlamaq səsi göyə ucaldı. Yezid çaxnaşma düşəcəyindən qorxub azançıya əmr etdi ki, azan versin. Azançı ayağa qalxıb azan deməyə başladı: "Əllahu əkbər, Əllahu əkbər." İmam Səccad (ə) buyurdu: "Bəli, heç bir şey Allahdan böyük deyil." Azançı "Əşhədu əlla ilahə illəllah" deyəndə, İmam Səccad buyurdu: "Bəli, mənim tük, dəri, ət və qanım Allahın təkliyinə şəhadət verir." Elə ki, azançı "Əşhədu ənnə Muhəmmədən rəsulullah" dedi İmam Səccad minbərin üstündən üzünü Yezidə tutub buyurdu: "Yezid, Məhəmməd (s) mənim cəddimdir, yoxsa sənin cəddin? Əgər desən ki, sənin cəddindir, yalan demiş və haqqı danmış olarsan. Yox, əgər desən ki mənim cəddimdir, bəs onda nə üçün onun övladlarını öldürdün?"

Təxminən on dördüncü əsr tarixçisi İmaməddin Təbəri "Kamili-Bəhayi" kitabında İmam Səccadın xütbəsinin sonunda yazır: (İmam Səccad) buyurdu: "Ey Yezid! Bu hörmətli və kəramətli Peyğəmbər mənim cəddim olmuşdur, yoxsa sənin cəddin? Əgər desən sənin cəddin olub, bütün camaat biləcək ki, sən yalan deyirsən, yox, əgər desən ki, mənim cəddim olub, bəs onda nə üçün atamı günahı olmaya-olmaya şəhid edib mal-dövlətini qarət edərək ailəsini əsir aldın?" Bunu deyib əlini atdı yaxasına, yaxasını cırıb ağlayaraq buyurdu: "And olsun Allaha, əgər dünyada bir nəfər varsa ki, Peyğəmbər onun cəddi olmuş olsun, o da mənəm. Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zalımcasına öldürdü və bizi (Roma imperiyasından tutulmuş) əsirlər kimi gətirdi?" İmam sonra əlavə edib buyurdu: "Ey Yezid! Bu cür iş görürsən, sonra da "Muhəmmədun rəsulullah" deyib üzü qibləyə durursan? Vay olsun sənin halına! Qiyamət günü atam və cəddim sənin düşmənin olacaqlar." Məlun Yezid bu zaman azançının üstünə qışqırdı ki, iqamə de. Məclisdə böyük səs-küy əmələ gəldi. Kimisi namaz qılıb, kimisi də namaz qılmadan dağılıb getdi."